BolgeXeber.Com » Xəbərlər » Prezident evi dağılan yaşlı qadının əlini öpdü - VİDEO

Prezident evi dağılan yaşlı qadının əlini öpdü - VİDEO

7-02-2019, 18:52
Oxunub: 2 555 Prezident evi dağılan yaşlı qadının əlini öpdü - VİDEOXəbər verdiyimiz kimi, dövlət başçısı İlham Əliyev fevralın 7-də zəlzələnin baş verdiyi Şamaxı rayonuna baş çəkib.

Bolgexeber.com-un məlumatına görə, Azərbaycan prezidenti Şamaxı şəhəri, Salman Mümtaz küçəsi 33 ünvanında yerləşən və ən çox zərər dəymiş evin sakinləri ilə görüşüb.

Prezidentə məlumat verilib ki, Rasim Həsənova məxsus iki mərtəbəli, beş otaqlı evin iki otağı tamamilə dağılaraq yararsız vəziyyətə düşüb.

Yaranmış vəziyyətlə tanış olan dövlət başçısı dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq göstəriş verib.

Ev sahibləri ilə görüş zamanı maraqlı anlar yaşanıb. Belə ki, ev sahibi olan yaşlı qadın prezident İlham Əliyevlə görüş zamanı ona təşəkkürünü bildirib, əlini öpmək istəsə də, dövlət başçısı incə bir jestlə özü əyilərək qadının əllərindən öpüb.

Prezident zəlzələdən zərər çəkən hər kəsə kömək ediləcəyini bildirib:

“Harda evləri bərpa etmək mümkündürsə, bərpa ediləcək. Harada bərpa etmək mümkün deyil, yeni ev tikiləcək. Dövlət bu işi öz üzərinə götürüb”.

Qeyd edək ki, dövlət başçısı Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam da imzalayıb.

Sənədə əsasən, baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılıb.

Xatırladaq ki, fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar qeydə alınıb. Belə ki, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə - İsmayıllı ərazisində zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.