Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.
Ağdam təmsilçisi II təsnifat mərhələsinin cavam matçı çərçivəsində İrlandiyanın “Dandolk” komandasını qəbul edəcək. “Dalğa Arena”da baş tutacaq görüş saat 21:00-da start götürəcək.
Ötən həftə Dandolkdakı “Oriel Park” stadionunda keçirilən ilk qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb. Oyunda hesabı 4-cü dəqiqədə Mahir Emreli açsa da, Patrik Hoban 78-ci dəqiqədə bərabərlik topunu vurub. Qələbəni əldən verməsinə rəğmən, “Qarabağ”ın səfərdən sərfəli nəticə ilə döndüyünü söyləmək olar. İndi növbəti raunda vəsiqə qazanmaqdan ötrü Ağdam təmsilçisinə evdə qol buraxmamaq kifayətdir.