Avtomobil üçün parklama yeri 970 min dollara satılıb

Avtomobil üçün parklama yeri 970 min dollara satılıb

Avtomobil üçün parklama yeri 970 min dollara satılıbHonkonqun daşınmaz əmlak bazarında yeni dünya rekordu müəyyən edilib.

Bolgexeber.com bildirir ki, şəhərin mərkəzində bir avtomobilin parklanması üçün yer 7,6 milyon Honkonq dollarına (970 min dollara) satılıb.

Standart ölçülü həmin yer 73 mərtəbəli "The Center" göydələnindəki yeraltı dayanacaqdadır. Onu bu binada ofisləri olan səhmdar satın alıb. Səhmdarın adı açıqlanmır.

Həmin göydələn iki il əvvəl də daşınmaz əmlak bazarında dünya rekordu müəyyən etmişdi. Bina developerlər konsorsiumuna 5,15 milyard dollara satılmışdı.

"The Center" göydələni 1998-ci ildə möhkəm polad konstruksiyalarla tikilib. Parlaq neon işıqlanma ilə bəzədilən müasir göydələn şəhərdə hündürlüyünə görə beşinci binadır. Ofis binasında 40-dan çox sürətli lift və 400 avtomobil tutumu olan dayanacaq fəaliyyət göstərir.

Honkonq dünyanın kommersiya istiqamətli ən bahalı daşınmaz əmlak bazarına malikdir. Yaşayış binalarına, ofislərə, ticarət və avtomobillərin parklama yerlərinə qoyulan astronomik qiymətlər yüksək tələbat və yer azlığı ilə izah olunur.
25-10-2019, 09:43
Geri qayıt