BolgeXeber.Com » Biləcəridə anoloqu olmayan "həmrəylik" - Sakinlər müdaxilə gözləyir...

Biləcəridə anoloqu olmayan "həmrəylik" - Sakinlər müdaxilə gözləyir...

5-01-2017, 10:00
Oxunub: 2 948 Biləcəridə anoloqu olmayan "həmrəylik" - Sakinlər müdaxilə gözləyir...Vəziyyətin qəlizliyiniu görən sakinlər hadisədən sonra ANS telekanalının yoxluğunda “Xəzər” telekanalına üz tutaraq yardım istəyiblər

Binəqədi rayonu Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, 12 saylı binanın sakinlərindən Moderator.az-a şikayət məktubu daxil olub.

Bina sakinləri üzləşdikləri özbaşınalıqla bağlı Prezident Administrasiyasına və şəxsən prezident İlham Əliyevə ünvanladıqları şikayətin ictimailəşməsində yardımçı olmağımızı xahiş edirlər.

Bina sakinləri iddia edir ki, dekabrın sonlarında hamının Yeni İli və Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qarşılamağa hazırlaşdığı bir vaxtda Biləcəri qəsəbəsinin bələdiyyə sədri Hikmət Quliyev və qəsəbə icra nümayəndəsi İbad İbrahimov anoloqu olmayan “həmrəylik” göstərərək onları xəyal qırıqlığına uğradıblar.

Bəlli olub ki, binanın qarşısında yaşlısakinlərin stol qoyub oturduqları və əsasən də qadınların yun çırpmaq, yorğan-döşək sırımaq kimi təsərrüfat işləri gördükləri həyətyanı torpaq sahəsi gözlənilmədən mişar daşları ilə hasara alınıb. Buna etiraz edən bina sakinlərinin üstünə isə xeyli sayda polis göndərilib və bununla kifayətlənməyən bələdiyyə sədri ilə icra nümayəndəsi şəxsən olay yerinə gələrək sakinləri polislə hədələyib, səsini çıxaranı polis maşınına basaraq bölməyə aparılmasına göstəriş veriblər. Hətta xüsusi fəallıq edən bir şəxsi polis maşınına mindirərək aparıblar.

Vəziyyətin qəlizliyiniu görən sakinlər hadisədən sonra ANS telekanalının yoxluğunda “Xəzər” telekanalına üz tutaraq yardım istəyiblər. Maraqlıdır ki, telekanal əməkdaşları hadisə yerinə gələrək sakinlərin şikayətlərini lentə alsalar da “naməlum səbəbdən” efirə verməyi lazım bilməyiblər. Bundan hiddətlənən sakinlər jurnalist Eynulla Fətullayevlə əlaqə saxlayaraq ondan üzləşdikləri məmur özbaşınalığının işıqlandırılmasını, problemin yuxarı instansiyaların diqqətinə çatdırılmasını xahiş ediblər.

Ancaq bu təşəbbüs də nəticəsiz qalıb və bundan sonbra Moderator.az-a üz tutan sakinlər əməkdaşımızı israrla olay yerinə dəvət ediblər. Əməkdaşımız hadisə yerində olaraq nə baş verdiyini aydınlaşdırıb. Bəlli olub ki, ərazidə bir nəfərə məxsus 3 sot qanuni sənədləri olan həyətyanı torpaq sahəsi olub. Ancaq bir neçə il davamlı müştəri çıxsa da hamı 3 sotun azlığından gileylənərək əraziyə bitişik və 12 saylı binanın düz qarşısında olan daha 3 sot sahəni də ələ keçirmək üstündə baş sındırıblar. Sakinlər iddia edir ki, son bir neçə il ərzində onlarla müştəri yerə baxsa da yuxarıda qeyd edilən səbəbdən onu almaqdan imtina edib. Nəhayət ilin sona çatmasına sayılı günlər qalan vaxt kimsə özündə problemi birdəfəlik həll etmək cəsarəti tapıb və ərazini nəyin bahasına olur-olsun 6 sota çatdırmaq planını həyata keçiriblər.

Sakinləri narahat edən bir də odur ki, Fövqəladə Hallar Nazirliyinə də şikayət ediblər və əraziyə gələn iki FHN əməkdaşı tikinti aparan usta-fəhləni sənədlər qaydasında olmaması səbəbindən əraziini tərk etmələrini, hətta hasarın dərhal sökülməsini tələb ediblər. Amma sonradan sanki qurbağa gölünə daş atılıb. Eyni zamanda həmin hasarın yerindən “Azəristiliktəchizat” ASC - yə məxsus bir neçə iriölçülü borular keçməsinə baxmayaraq tikinti normalarını və təhlükəsizlik qaydalarını kobud surətdə pozaraq ərazidə qanunsuz tiknti aparıblar. Bütün bunlara baxmayaraq ərazidə qoçuluq edənlərə “gözün üstə qaşın var” deyən tapılmayıb...