BolgeXeber.Com » Gündəm » Aydın Bəşirovun qudasının oğlu bir ailəni məhv etdi

Aydın Bəşirovun qudasının oğlu bir ailəni məhv etdi

16-03-2014, 06:20
Oxunub: 3 709 Oliqarx övladı dəhşətli avtoqəza törətdi; xalq artistinin ailəsini yasa boğdu; sərxoş olduğu deyilən Xalid Mədətov məşhur tarzənin azyaşlı nəvəsinin və həyat yoldaşının həyatına son qoydu

Martın 14-də Suraxanı rayonu ərazisində, Zığ şosesində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Hava limanı istiqamətində hərəkət edən “Mercedes” və “VAZ-2106" markalı avtomobillər toqquşub. ”VAZ-2106"-ya çırpılan “Mercedes” aşıb və hadisə yerindən təxminən 200-250 metr aralıya düşüb. Qəza nəticəsində “Araz” xalq çalğı alətləri ansamblının rəhbəri, məşhur tarzən Ağasəlim Sahib oğlu Abdullayev və ailə üzvlərinin olduğu avtomobil yüksək sürətlə hərəkət edən “Mercedes Galendevagen G55 AMG” markalı avtomobilin zərbəsinə tuş gəlib.


Qəza nəticəsində, xalq artistinin həyat yoldaşı, 1959-cu il təvəllüdlü Abdullayeva Brilliant Qulammirzə qızı və nəvəsi, 2008-ci il təvəllüdlü Abdullayev Ağasəlim Vüqar oğlu hadisə yerindəcə keçinib. Xalq artisti Ağsaləlim Abdullayev, avtomobilin sürücüsü, onun oğlu Vüqar Abdullayev və 30 yaşlı gəlini Abdullayeva Səadət Ziyafəddin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xalq artistinə qapalı kələ-beyin travması diaqnozu qoyulub. Yaralıların vəziyyəti orta ağırdır.

Qəzaya “Mercedes Galendevagen G55 AMG”-nin sərxoş sürücüsünün avtomobili yüksək sürətlə idarə etməsinin səbəb olduğu bildirilir. Dəhşətli avtoqəzanı törədən Az 90 FE 007 nömrə nişanlı, “Mercedes Galendevagen G55 AMG” markalı lüks avtomobilin sükanı arxasında isə Bakı şəhər Səbayel rayonu, Nizami küçəsi 8 ünvanında qeydiyyatda olan 1976-cı il təvəllüdlü Mədətov Xalid Mübariz oğlu olub. Qeyd edək ki, qəzadan sonra X.Mədətovun idarə etdiyi avtomobilin nömrələri götürülüb. “Mercedes Galenvagen G55 AMG”-nin tüninq edilmiş modellərinin qiyməti 200-250 min dollar arasıdır.

“Yeni Müsavat”ın araşdırmasına görə, X.Mədətovun atası Mübariz Mədətov ötən ilin oktyabrında ləğv edilən Xəzər Dəniz Neft Donanması İdarəsinin rəisi olub. O, Dövlət Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin (DXDGİ) sabiq rəisi Aydın Bəşirovun oğlu İlqar Bəşirovun biznes ortağıdır. Mübariz Mədətovun adı ilk dəfə deyil qalmaqallarda hallanır. Ötən il avqustun 4-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları keçirdikləri xüsusi əməliyyat nəticəsində Xəzərdə Azərbaycana məxsus olan və qaçaqmal neft daşıyan “Naftalan” tankerini saxlayıb. Sonradan məlum oldu ki, oğurluq neft daşıyan tanker İlqar Bəşirov-Mübariz Mədətov ortaqlarına məxsusdur. Mübariz Mədətov İlqar Bəşirovun biznes ortağı olmaqla yanaşı, həm də Aydın Bəşirovun qudasıdır.

Daxili İşlər Nazirliyinin saytında baş vermiş dəhşətli qəza ilə bağlı məlumat yerləşdirilib. Həmin məlumatda deyilir: “Bakı şəhər sakinləri Vüqar Abdullayevin idarə etdiyi ”VAZ-2106" markalı və Xalid Mədətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə V.Abdullayevin sərnişinləri - azyaşlı oğlu Ağasəlim və anası Brilyant Abdullayeva hadisə yerində ölüb, atası Ağasəlim Abdullayev və Səadət Abdullayeva xəstəxanaya yerləşdiriliblər. Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır".
Suraxanı Rayon Polis İdarəsindən “Yeni Müsavat”a deyiblər ki, X.Mədətov istintaqa cəlb edilsə də, barəsində həbs qətimkan tədbiri seçilməyib. Onun hadisə zamanı sərxoş olması haqda məlumatlar da yoxlanılır.