BolgeXeber.Com » Gündəm » Eşşək oğlu eşşək kimi gəldiniz bu dünyaya...

Eşşək oğlu eşşək kimi gəldiniz bu dünyaya...

16-03-2014, 06:55
Oxunub: 3 536 (Dəyərli oxuculardan başlığa görə üzr istəyirəm. Sadəcə, daha ədəbli ifadə
tapa bilmədim)


Çox üzüldüm bu xəbərə. Özəlliklə də xalq artisti Ağasəlim Abdullayevin ailəsinin başına gələn faciəyə. Günümüzün sözün həqiqi mənasında sənətçisi, üstəlik də sözdə deyil, özdə bir ziyalı, əxlaqlı, oturuşunu-duruşunu bilən çox dəyərli bir insanının başına bu iş gəlməməliydi. Amma gəldi. Özünübilməzin, xalqdan oğurlanan milyonlar hesabına lüks həyat yaşadığı üçün özünü elita sayanlardan birinin özü kimi korrupsiya çirkabına bulaşmış oğlu xalqın bu dəyərli övladının xoşbəxt ailəsini bir neçə saniyənin içində bədbəxt elədi! Bəli, məhz bədbəxt elədi!

Xəbərlərdə deyilir ki, qiyməti bir neçə yüz min olan maşınını yüksək sürətlə idarə edərək qəza törədən görməmişin birisi Ağasəlim müəllimin ailəsini darmadağın edib. Hətta o da deyilir ki, qəza törədən adam sərxoş olubmuş. Bax, buna aldanmaq lazım deyil! Çünki sərxoş şəkildə qəza törədib adam öldürməyin cəzası ağlı başında olarkən qəza törədib eyni nəticəyə
səbəb olmağın cəzasından daha yüngüldür. Və hətta bağışlanandır. İndi bu adamın bu qəzanı törədərkən sərxoş olması haqda xəbərləri tirajlandıranların məqsədi də o ola bilər.

Eyni gündə daha bir sənətçinin – Hüseyn Dəryanın da avtomobil qəzası sonucu həlak olduğunu eşitdik. Bir gün üçün çox oldu bu. Həm də lap çox. Bu gənc repçi şəxsən heç vaxt maraq dairəmdə olmasa da başına gələn qəzadan çox sarsıldım. Kimsəyə arzu etməzdim bunu əlbəttə.

İstər Ağasəlim Abdullayevin, istərsə də Hüseyn Dəryanın tuş gəldiyi avtomobil qəzasında diqqətimi həm də bir məqam çəkdi. Özü də elə bir məqam ki, səhərdən xəbər saytlarının heç birində ona diqqət yetirən yoxdur.
Əslində, diqqət çəkməməsi də təbiidir. Amma mənim diqqətimi çəkməməsi mümkün deyil.

Bəli, hər iki sənət adamının mindiyi maşın ən ucuz, ən sadə modellərdəndir. O boyda Ağasəlim Abdullayev Rusiya istehsalı olan “Jiguli” (VAZ 2106), Hüseyn Dərya isə alman istehsalı olsa da ən ucuz maşınlardan biri olan “Opel Astra”da qəzaya uğrayıb. Sonuncu “Kamaz”a tuş gəlsə də Ağasəlim müəllimin ailəsinin qəzazədə maşını özündən ən azı 100 dəfə bahalı maşının qurbanı olub. Bəli, məhz yüz dəfə! Bu gün xalq artistimiz qiyməti aşağı-yuxarı iki min manat olan VAZ 2106-da gəzdirir ailəsini. Hüseyn Dərya da yetərincə məşhur birisi olmasına rəğmən 5-6 min manatlıq (bəlkə də daha
ucuz) bir maşınla yetinməli olur. Xalq artistinin ailəsini bədbəxt edən korrupsioner, oğru məmurun özü kimi korrupsioner və oğru, bu millətə heç zaman heç bir faydası toxunmayan qudurğan balası isə 200 minlik maşında gəzir. Hələ gəzir nədir, üstəlik qarşısına çıxanı əzib də keçir!

Bu cür qudurğan gədələrin sayı son vaxtlar, deyəsən artmaqdadır. Bir müddət öncə belələrindən birinin yenə də çox bahalı avtomobili ilə xalqın öz maşınında hərəkət qızının-gəlinin arxasınca düşdüyü, hətta onlara güllə atdığı haqqında xəbərlər dolaşırdı. Özü də o gədənin atasının deputat (!) olduğu deyilirdi! Deputat, yəni millətin vəkili! Millətin səsilə Milli
Məclisə mandat qazanıb millətə arxa çevirmiş, qudurmuş oğlunun, dünənki uşağın əlinə çox bahalı bir maşını verib qız-gəlinin üstünə silahla göndərən bu adam hələ utanmadan özünə haqq qazandırmağa da çalışır! Nədir bu?! Bununla nə demək istəyirsiniz?! Gücünüzü kimə göstərirsiniz?! Kimə nəyi sübut etmək istəyirsiniz?!

Mən bilirəm bunlar kimə güc göstərmək istəyir! Bunların məqsədi öz güclərini Prezident İlham Əliyevə göstərməkdir! Başqa bir ehtimal sadəcə sıfırdır! Səbəbini maraq edənlər üçün deyim: dəfələrlə ölkə Prezidenti, özünün sadə, təvazökar yaşamıyla hər kəsə örnək ola biləcək İlham Əliyev cənabları məmurlara, imkanlı adamlara səslənərək qudurğanlıqdan çəkinməyə
çağırmayıbmı? Çağırıb! Özlərinin onun komandasında, onun tərəfində olduqlarını iddia edən bu qudurmuşlar bəs nə edir?! Gündə bir qəza törədir, yetimin malına göz dikir, hətta o qədər tərbiyəsizləşiblər ki, xalqın qızına-qadınına silahla hücum çəkirlər! Bu, Prezidentə qarşı getmək deyil də, bəs nədir?! Bir tərəfdə sənin Prezidentin özü təvazökar həyat sürəcək,
övladları, xanımı millətə xidmət örnəyi göstərəcək, digər tərəfdə də onun kölgəsinə sığınan bir sürü ünsür bu tərbiyəsizlikləri edəcək! Olmaz belə bir şey!

Bunlardan adam olan deyil! Bir dəfə də yazmışdım, təkrarlamaqda fayda var: bu harınlamış küçə gədələri özlərini elita sayırlar. Çünki pulları çoxdur. Onların ağıllarına görə pulu çox olan adam elita sayılır. Halbuki bu bədbəxt yaratıqlara birisi izah etsin ki, elita olmaq üçün sadəcə pulun olması yetərli deyil! Elita zirvəsinə yüksəlmək üçün adam olmaq lazımdır,
adam! Bu isə təvazö, əxlaq, tərbiyə, böyük-kiçik bilmə, toplumda örnək təşkil etməklə mümkündür!

Siz “MB Gelandewagen”, “Lamborghini”, “Range Rover”, “Audi Q7”, “MB S600”, "BMW 760Li” və daha nə bilim nə maşınlar sürə bilərsiniz! Hətta bu maşınlarınızla sadə, təvazökar və əxlaqlı insanları əzib də keçə bilərsiniz! Amma adam olan deyilsiniz ki, deyilsiniz! Necə ki, atalarınızın oğurluqla, yetimin boğazından kəsərək topladığı pullar hesabına bu dünyaya
gəlmisiniz, sonra da böyüyüb qudurğan köpək sürüsünə dönmüsünüz, dünyadan da elə bu cür gedəcəksiniz! Sizin elita olacaq halınız olmadı, olan deyil! Çünki bunun üçün insanın əsli-nəcabəti, soyu-sopu olmalıdır! Sizdə isə bunların işartıları belə yoxdur! Eşşək oğlu eşşək kimi gəldiniz bu dünyaya, eşşək oğlu eşşək kimi də gedəcəksiniz! Çünki siz bu millətə ailəsini
bədbəxt elədiyiniz Ağasəlim Abdullayev kimi şəxsiyyətlərin atılan dırnağı qədər də lazım deyilsiniz!