BolgeXeber.Com » Gündəm » Masallının icra başçısının rayonda çoxlu sayda obyekti var-FOTOLAR

Masallının icra başçısının rayonda çoxlu sayda obyekti var-FOTOLAR

15-04-2014, 07:40
Oxunub: 5 895 Rafil Hüseynovun Üzlük Sexi, Asfalt Zavodu, Dəftərxana Mağazası var, bütün əmlakı isə şöbə müdirlərindən birinin adına keçirib

Masallının icra başçısı Rafil Hüseynovun rayonda özünə əsas gəlir sahələri yaratdığı kimsəyə sirr olan məsələ deyil. Lakin indiyə qədər həmin gəlir sahələrinin konkret ünvanları barədə məlumatlar verilməmişdi.Araşdırma nəticəsində üzə çıxan məlumatlar isə işin incəliklərini ortaya qoyub.

Bildirək ki, Masallıda icra başçısının bir sıra pul gətirən obyektləri var. Onların sırasında zavoddan tutmuş, mağazaya qədər hər şey sıralanıb. Həmin siyahını olduğu kimi diqqətinizə çatdırırıq.

Rafil Hüseynovun obyektlərindən biri Oncaqala kəndində yerləşən «Rahat Market» çörək zavodudur.
Hələ bir müddət əvvəl xəbər vermişdik ki, bu çörək zavodu yerli iş adamlarından biri ilə şərikli şəkildə işlədilir. Hal hazırda aşağı keyfiyyətdə çörək bişirən zavodun məhsulları əsasən camaata dəyərindən çox ucuza satılır. Və icra başçısı da bu hərəkəti «yoxsul ailələrə yardım» kimi təqdim etməyə çalışır. Əslində isə həmin zavodun istehsal etdiyi çörək istifadəyə yararsız haldadır.

İcra başçısının Masallıda ələ keçirdiyi ikinci ən böyük obyekt isə Kosakül kəndində yerləşən Asfalt Zavodudur.

Qeyd edək ki, bu zavod ancaq «dövlət tapşırıqları»nı yerinə yetirməklə məşğuldur. Belə ki, hər hansı bir kəndə asfalt yolun çəkilməsi lazımdırsa, bunu mütləq həmin zavod həyata keçirməlidir. Eyni zamanda, yolun çəkilişi üçün «şirinlik» də lazım gəlir və həmin məbləğ də 15 min manatdan aşağı olmur. Təbii ki, qeyd olunan pul asfalt yol çəkiləcək kəndin sakinlərindən toplanılır.

Rafil Hüseynovun üçüncü iri gəlir sahələrindən biri rayon Mərkəzi Xəstəxanasının yaxınlığında, Əlillər Binasının yanındakı Beton Üzlük Sexidir.

Jam.az-ın əldə etdiyi məlumatlara görə, sexin istehsal etdiyi məhsulların hamısı rayonda həyata keçirilən abadlıq və yenidənqurma işlərində istfadə olunur. Təbii ki, bu zaman rəqəmlərin şişirdilməsi halları baş verir. Elə bu sexin yaradılması da həmin prosesi reallaşdırmaq üçün nəzərdə tutulub.

Bundan əlavə həmin Beton Üzlük Sexi icra başçısının müavinləri Nəsir Muxtarlı və Seymur Hüseynovun düz evlərinin yaxınlığında qərarlaşıb. Məlumatlara görə, həmin sexin iş fəaliyyəti də məhz onların nəzarəti altındadır.

Masallının icra başçısının ən güclü gəlir sahələrindən biri dəftərxana ticarətiylə bağlıdır. Rayonda keçmiş «Vahid Bank»ın binası ilə üzbəüz Dəftərxana Mağazası fəaliyyət göstərir. Rafil Hüseynovun ən yaxın və etibarlı adamı olan Adəm Məhərrəmovun qaynı Sakitin işlətdiyi bu mağaza daima gediş-gəlişi yerə çevrilib. Çünki icra başçısı bütün büdcə təşkilatlarına qəti tapşırıq verib ki, dəftərxana ləvazimatlarını məhz həmin dükandan alınmalıdır.


Bundan başqa, Rafil Hüseynov bir sıra işlərə də start verib. Məsələn, icra başçısı «İsti Su» Sanatoriyasının ərazilərinə daxil olan yerdə özünə torpaq sahəsi alıb. Yaxın vaxtlarda orada istirahət mərkəzi inşa etdirməyə başlayacaq.

Buna paralel olaraq icra başçısı Masallının mərkəzində yerləşən keçmiş «Vahid Bank»ın binasını alaraq, təmir etdirir. Bu binanın hansı təyinatlı olacağı isə məlum deyil.

Masallı rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov ələ keçirdiyi həmin obyektləri heç də özünün və ya qohumlarının adına keçirməyib. Əksinə, icra başçısı bu işdə başqa bir addım atıb. Belə ki, o, həmin obyektləri «kəşf» edib, ortaya çıxaran, alınmasını təmin edən dəllalı, habelə Masalı rayon İcra Hakimiyyətində Ərazi idarəetmə orqanları ilə iş üzrə şöbəsinin müdiri Adəm Məhərrəmov və onun yaxınlarının adına keçirib.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.