BolgeXeber.Com » Gündəm » Şirvanda həkim-firma işbirliyi fəsadlar yaradıb

Şirvanda həkim-firma işbirliyi fəsadlar yaradıb

24-04-2014, 12:00
Oxunub: 2 732 TTYS-nin işçisi Kazım Kazımov xəstələri nəyə görə firmalara yönəldir?

Xəstələrə yüksək dozada yazılan antibiotiklər böyrəklərin, qaraciyərin fəaliyyətini dayandırmasına səbəb olur.Təcili tibbi yardım sistemində çalışan həkimlər və tibb bacıları sağlamlıqlarında müxtəlif problemlər meydana gələn insanların ilk ümid yeridir. Xəstələnəndə, yaxud məişət işləri ilə məşğul olarkən başımıza bədbəxt hadisələr gələn zaman təcili tibbi yardım işçilərinin köməyinə ehtiyac duyuruq. Lakin son illər təcili tibbi yardım stansiyalarında hökm sürən özbaşınalıq insanların ilk tibbi yardımla bağlı inamlarını sarsıdıb. İstər Bakıda, istərsə də bölgələrdə təcili tibbi yardım stansiyalarının fəaliyyəti qənaətbəxş deyil.

Həkimlər bir çox hallarda çağırışlara vaxtında çata bilmirlər. Dünən Şirvan Şəhər Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (TTYS) ilə bağlı redaksiyamıza ilginc informasiyalar daxil olub. Məlumatlı mənbənin verdiyi bilgilərə əsasən stansiyanın həkimi Kazım Kazımov qeyri-qanuni işlərlə məşğul olaraq rayonun səhiyyə sistemini sanki məhvə sürükləyir. Mənbə deyir ki, adıçəkilən həkim əslində, həftədə iki gün işdə olmalıdır: «Amma o hər gün işə çıxır. Stansiyada özünə otaq ayırıb xəstələri orda qəbul edir. Bu adam xəstələrə ancaq firma dərmanlarını yazmaqla məşğuldur. «Riyad», «Azərmed», «Paşa-K» firmaları ilə əlaqəli işləyir. Reseptə lazım oldu-olmadı firma dərmanlarını yazır. Xəstələrə yüksək dozada antibiotiklər təyin edir. Bu da bəzi fəsadlar törədir. Həmin antibiotiklər böyrəklərin, qara ciyərin fəaliyyətini dayandırmasına səbəb olur. Yəni həkimin xeyir əldə etmək üçün yazdığı reseptlər vətəndaşların həyatını təhlükə altına atır». Məlumatda qeyd olunur ki, Kazım həkim dərman satışı ilə məşğul olan firmalarla «faiz»ə işləyir: «Həkim resept yazdığı xəstələrin hamısını «şirinlik» aldığı apteklərə yönəldir. Ki, bunun da nəticəsində stansiya işçisi gün ərzində orta hesabla 400 qabağa düşür. Hətta xəstələri öz maşınına qoyaraq həmin apteklərə aparır. O bu cür yollarla qazandığı pullar hesabına özünə yaxşı şərait qurub. Kazım Kazımovun hər birinin dəyəri 20 min manata olan 3 xarici avtomobili var. Bu maşınları hansı pullarla aldığı məlumdur. Bakıda hündürmərtəbəli binada bir blokda üç mənzili var. Təxirəsalınmaz Təcili Tibbi yardım stansiyasında çalışan şəxsdə bu qədər pul hardandır? Bundan başqa Bakıda mənzil aldığı göydələnin birinci mərtəbəsini bütöv alaraq dükan açıb.

«Riyad» firmasından hər ay 2000, «Paşa-K»dan 1000, «Azərmed»dən isə 1000 alır. Hətta xəstələri qorxudur ki, mən dediyim aptekdən dərman almasanız xəstəliyiniz sağalmayacaq və buna görə də mən cavabdeh deyiləm. 1 aylıq uşaqlara da təcili tibbi yardım stansiyasında baxır. Kazım Kazımovun reseptlərinə baxdıqda onun tibb təhsilinin hansı səviyyədə olduğu aydın şəkildə hiss edilir. Dərmanların adını düz yaza bilmir. Hansı dərmanın hansı dozada atılmalı olduğunu səhv yazır. Tibb bacılarına və xadimələrə onun yanına xəstə gətirdiklərinə görə 2 manat «hörmət» edir. Xəstələri rentgenə və USM-ə göndərdikdə isə həkimlərdən 5 manat alır. Bir sözlə, Şirvan Təxirəsalınmaz Təcili Gundelik-baku bildirir ki,Tibbi Yardım Stansiyasının həkimi oturduğu yerdə gün ərzində 300-400, qazanır. Firma dərmanlarının tərkibində nə olduğu dəqiq bilinmir. Rayon sakinlərini böyük təhlükə gözləyir. Firmalarla əlbir olan Kazım həkimin yazdığı reseptlər gec-tez ölüm hallarına səbəb olacaq». Qeyd edək ki, həkimlərin firmalarla işbirliyi haqda mediada tez-tez tənqidi fikirlər dərc olunur. «Yaxşı həkimlər dərmanın keyfiyyətini nəzərə alır. Həkimlərə firmalar maddi köməklik göstərirlər, həmin dərmanları yazdığına görə. O dərmanlar keyfiyyətlidir, sadəcə bahadır. Əvvəlcədən həkimə müəyyən qədər vəsait verilir. Ayın əvvəlində 500 və ya min manat pul verilir. Həkim də öhdəlik götürür ki, sizin dərmanı yazacam. Ona görə həkim xəstə gələndə 2 qram lazım olanda 5-6 qram yazır ki, öhdəliyi yerinə yetirsin. Bəzən 2 dərman lazım olduğu yerdə 7-8 çeşid dərman yazılır», deyə ekspertlər vurğulayırlar. Şirvanda yaşanan mənzərə isə sadəcə dəhşətdir. Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının həkimi qanunu ayaq altına ataraq maddi maraqları üçün çalışır. Səhiyyə Nazirliyinin rəhbərliyindən xahiş edirik ki, ayda təxminən 200-250 manat əməkhaqqı alan həkimin yuxarıda sadalanan var-dövlətə necə sahib çıxmasını və onun Şirvan TTYS-dəki fəaliyyətini dərindən araşdırsın. Ümid edirik ki, nazirlik rəsmiləri K.Kazımov barəsində lazım olan tədbirləri həyata keçirəcəklər.

Qarşı tərəfin də münasibət bildirmək hüququ var.