BolgeXeber.Com » Gündəm » NN-in əməkdaşları DİN-in səlahiyyətində olan işlərə qarışır

NN-in əməkdaşları DİN-in səlahiyyətində olan işlərə qarışır

25-04-2014, 10:05
Oxunub: 3 901 Ziya Məmmədov nəqliyyat «qoçu»larını niyə işdən çıxarmır?

Sürücüləri təqib edən, onları vəhşicəsinə döyən müfəttişlər barədə heç bir cəza tədbiri görülmür.Nəqliyyat Nazirliyinin (NN) «qoçu»ları özbaşına hərəkətlərini davam etdirirlər. Xəbər verdiyimiz kimi, aprelin 23-də Bakı Beynəlxalq Avtovağzalında Nəqliyyat Nazirliyinin (NN) müfəttişləri ilə sürücü arasında baş verən insident faciə ilə nəticələnib. Müfəttişlər sürücüdən sənədlərini tələb edərkən ikinci ərazidən qaçmaq istəyib və nəticədə körpüdən yıxılıb. Hadisə yerinə polis qüvvələri cəlb edilib. Baş vermiş olayı Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov təsdiqləyib. Onun sözlərinə görə, qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücü ilə nəqliyyat müfəttişləri arasında mübahisə yaranıb:

"Sürücü əlinə daş alıb əməkdaşlarımıza atıb. Əməkdaşımızın biri ayağından xəsarət alıb». Nazirlik rəsmiləri bu cür hadisələr zamanı bir-birinə oxşar cavablar verirlər. Amma fakt faktlığında qalır. Nəqliyyat müfəttişlərinin sürücülərə qarşı sərgilədiyi özbaşınalıq göz önündədir. Nazir Ziya Məmmədovun «qoçu»luq edən işçiləri bir müddət əvvəl aktyor İlqar Cahangiri də döymüşdülər. Belə ki, bir sürücünü döyən Nəqliyyat Nazirliyinin əməkdaşlarını telefonla videoya çəkərkən aktyora hücum edilib. Nəqliyyat müfəttişləri onun telefonundakı yaddaş kartını da çıxarıblar. Hadisə ilə bağlı aktyor bunları deyib: «Bir qədər sonra aydın oldu ki, həmin sürücü ailəsini avtovağzala gətirib, maşından ailəsini düşürən zaman özlərini nəqliyyat işçisi kimi təqdim edən şəxslər onu qanunsuz taksi fəaliyyətində günahlandıraraq üstünə hücum çəkib. O anı telefonun kamerası ilə görüntüləyən zaman həmin oğlanlardan biri arxadan məni vuraraq telefonu əlimdən aldı və yaddaş kartını çıxarıb telefonu özümə qaytardı». Buna bənzər hallar dəfələrlə təkrarlanıb. Keçən ilin sonlarında Bakının Nizami rayonunda Nəqliyyat Nazirliyinin müfəttişləri ilə sürücü arasında mübahisə yaranmışdı. Sərnişin kimi maşına əyləşib sonradan müfəttiş olduqlarını elan edən 4 nəfər sürücünü o ki, var döymüşdülər. Kürdəmir rayon sakini olan 23 yaşlı Mikayılov Nəsir Şirvan oğlu ağır xəsarətlər almışdı. Daha bir hadisə Bakının Qaradağ rayonu ərazisində, "Lökbatan dairəsi” deyilən ərazidə baş verib. Nəqliyyat «qoçu»ları Məmmədov Taleh Əliyar oğlu adlı sürücünü möhkəm döyüblər. Nəqliyyat «qoçu»ları sürücünü ölümcül döyməklə də kifayətlənməyərək ona məxsus «Mercedes" markalı, 99 DC 134 dövlət nömrə nişanlı mikroavtobusu da özləri ilə aparıblar. Çox maraqlıdır ki, nəqliyyat müfəttişləri sürücülərə ölümcül xəsarətlər yetirsələr də, onların barəsində zəruri tədbirlər görülməyib. Hələ indiyə kimi eşitməmişik ki, Nəqliyyat Nazirliyinin rəhbərliyi vəzifə səlahiyyətlərinə uyğun olmayan işlərə qol qoyaraq sürücülərə fiziki təzyiq göstərən müfəttişləri cəzalandırıblar. Nəqliyyat «qoçu»larının əlindən vətəndaşlar şəhərdə rahat avtomobil idarə edə bilmirlər.

Yol kənarında maşının içərisində dayanıb ailə üzvlərini, qohumunu, dostunu, tanışını gözləyən sürücüləri sorğu-sual etmədən vəhşicəsinə döyürlər. Nəqliyyat Nazirliyinin müfəttişləri elə fikirləşirlər ki, əyinlərinə geyindikləri forma onlara vətəndaşların üzərinə hücum çəkmək imkanı verir. Azərbaycanda qanunlar hər şeydən üstündür. Kimliyindən asılı olmayaraq, qanunun tələblərini pozan şəxslər layiq olduqları cəzaları alırlar. Nazir Ziya Məmmədov mütləq nəqliyyat müfəttişlərinin qanunsuz əməlləri ilə bağlı öz münasibətini bildirməlidir. Nəqliyyat müfəttişi işləyən şəxslərin əksəriyyəti məmur adına yaraşmayan hərəkətlərə yol verirlər. Belə insanların qarşısını alıb işdən çıxarmaq lazımdır. Ümumiyyətlə, «Yolların mühafizə xidməti"nin fəaliyyətinin hansı qanunla tənzimləndiyi məlum deyil. Nəqliyyat müfəttişlərinin sürücüləri təqib etməyə haqqı yoxdur. Mövcud qanunlara görə, təqibetmə funksiyası yalnız Daxili İşlər Nazirliyinin səlahiyyətinə aiddir. Nəqliyyat Nazirliyinin belə bir səlahiyyəti heç bir qanunla təsbit edilməyib. NN rəhbərliyi ya işini düzgün apara bilməyən müfəttişləri ağır formada cəzalandırmalı, onlara «dur» deməli, ya da aidiyyəti dövlət strukturları işə qarışıb lazımi tədbirlər həyata keçirməlidir. Yoxsa nəqliyyat «qoçu»larının buynuzu hələ çoxlarının canını yandıracaq.

Elgün Sədalı