BolgeXeber.Com » Gündəm » XI qızıl ordunun Azərbaycanı işğalından 94 il ötür

XI qızıl ordunun Azərbaycanı işğalından 94 il ötür

28-04-2014, 05:00
Oxunub: 2 193 71 il bayram kimi təqdim edilən 28 aprel artıq öz adı ilə çağrılır

Məhz 94 il bundan əvvəl Sovet qoşunları Şərqin ilk demokratik cümhuriyyətinin varlığına son qoyaraq bu əraziləri işğal etdi. Azərbaycan tarixinin 70 illik səhifəsini əhatə edən Sovet hakimiyyətinin ölkəmiz və xalqımızın taleyində oynadığı rolla bağlı fikirlər birmənalı deyil. Əksər ekspertlər hesab edir ki, 1920-ci ilin aprelində Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edilib və bu imperiyanın əsarəti altında Azərbaycanın itirdikləri Çar Rusiyasının hakimiyyəti dövründə itirdiklərindən heç də az olmayıb. Azərbaycanın sərvətləri talanıb, on minlərlə həmvətənimiz həlak olub.

Azərbaycan neftinə sahib olan bolşevik hökuməti təşəkkürünü repressiyalar, qətllərlə bildirdi. Araşdırmalara görə, 20-50-ci illərdə Stalin repressiyalarının qurbanı olmuş azərbaycanlıların sayı 350 minə yaxındır. Yalnız 150 min həmvətənimiz Qazaxıstanda həlak olub. Rusiyanın cəlb olunduğu II Dünya müharibəsində də 300 min azərbaycanlı dünyasını dəyişib. Amma bütün bu mənfi cəhətləri ilə yanaşı Sovet hakimiyyətinin Azərbaycanın tarixində müsbət izlərinin də olması danılmazdır. İlk növbədə tarixçilər formal da olsa, Azərbaycanın bir dövlət kimi dövlətçilik atributlarının formalaşmasını göstərirlər. Sonra bu atributlar və hökumət strukturları müstəqil Azərbaycan Respublikasının formalaşması üçün baza rolunu oynadı. Eləcə də İslam aləmində ən yüksək savadlılığın yaranmasında Sovet hakimiyyəti az rol oynamayıb.

Ekspertlərinə sözlərinə əsasən, Azərbaycan Sovet Respublikası Sovet dövründə ölkənin iqtisadi baxımdan ən inkişaf etmiş regionlarından biri idi. Amma müsbət cəhətlərinə baxmayaraq Sovet Rusiyası aprel işğalı ilə Azərbaycanın demokratik cümhuriyyətinin qatili kimi tarixdə qalacaq.