BolgeXeber.Com » Gündəm » Şirvanda Vüqar Məmmədyarovun şəxsi “Asan Xidmət”i fəaliyyətə başlayıb

Şirvanda Vüqar Məmmədyarovun şəxsi “Asan Xidmət”i fəaliyyətə başlayıb

28-04-2014, 12:05
Oxunub: 3 885 4 saylı Rayonlararası Qeydiyyat-İmtahan Bölməsi bir neçə saat ərzində vətəndaşı sürücü edir; bunun üçün bəlmənin rəhbəri Vüqar Məmmədyarovun şəxsi “Asan Xidmət”i fəaliyyt göstərir…

Son günlər mətbuatın gündəmindən düşməyən Şirvan rayonlararası 4 saylı qeydiyyat-imtahan bölməsində yenə narazılıq baş qaldırıb. Bu dəfə etiraz səsini qaldıranlar iş yerlərini itirmə təhlükəsi ilə üzləşən bölgədəki sürücülük məktəblərinin müəllimləridir.

Daxil olan məlumatda qeyd olunur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, Salyan və Neftaçala rayonlarında sürücülük məktəbləri var. Həmin məktəblərdə özünün və yaxud da dövlət hesabına ən azından 3 ay oxuyub təlim keçən şagirdlər Şirvandakı 4 saylı qeydiyat-imtahan bölməsində imtahan verərək, sürücülük hüququ verən vəsiqə alırlar.

İmtahanların formal xarakter daşımağı, vəsiqələrin pulla satılmağı hər kəsə məlumdur. Artıq illərdir ki, vəsiqənin standart qiyməti olur və tələb olunan məbləği ödəyənlər imtahandan müvəffəqiyyətlə keçirlər. Malların, iş və xidmətlərin qiyməti artdıqca sürücülük vəsiqəsinin də dəyəri artır. Amma imtahana o kəslər buraxılır ki, sürücülük kursu bitirmiş, daha doğrusu, kursu bitirmək barədə şəhadətnaməsi olsun.

Vəsiqə əldə etmək istəyənlər əvvəllər adlarını hansısa bir məktəbdəki kursda qeyd etdirirdilər ki, müddət başa çatanda geib şəhadətnamələrini alsınlar.

Şirvan rayonlararası 4 saylı qeydiyyat-imtahan bölməsinin rəisi Vüqar Məmmədyarov bu işi asanlaşdırmaq üçün özünə «Asan xidmət» yaradıb. Belə ki, Vüqar Məmmədyarov yanında çalışan Faiq Miskərli adlı birisnə “Kür-avto” MMC adlanan bir müəssisə açdırıb. “Müəssisə” deyəndə ki... MMC bir quru addan, stamp-möhürdən, bir də direktor Faiq müəllimdən ibarətdir. Amma bu ad, dairəvi möhür və Faiq müəllimin mübarək imzası ilə hər il yüzlərlə adam 3 ayda oxumalı olduqları kursu bir göz qırpımında “bitirirlər”.

Vüqar Məmmədyarovun «Asan Xidmət»inin sayəsində müştərilər demək olar ki, «bürokratik əngəllə» üz-üzə gəlmirlər. İş danışılan kimi bütün sənədləşmələr elə bir məkanda və eyni vaxtda aparılır. Bir halda ki, müştərinin pulu var, təcili vəsiqə əldə etmək istəyənləri ora-bura göndərməyə, aylarla gözlətdirməyə nə ehtiyac var? Pulunu al işini gör. Onsuz da bu adamlar gedib sürücülük kursu bitirmələri haqqında şəhadətnaməni almağa xərc çəkəcəklər, elə həmin pulların da kənara çıxmasına niyə razı olmalıdırlar?

Pia.az-a daxil olan məlumatda göstərilir ki, Vüqar Məmmədyarova 1000 manat ödəyib bütün bu cansıxıcı işləri bir günün içində, hətta bir iki saat müddətində həll eləmək mümkündü. Yəni pulunu ödə, vəsiqəni al və get rahat şəkildə «avtoşluğunu elə».

Bildirilir ki, Vüqar Məmmədyarovun yaratdığı bu “Asan Xidmət” “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, Salyan və Neftaçala rayonlarındakı sürücülük məktəblərinin bazarını bağlayıb. Elə bu üzdən də həmin məktəblərin müəllimləri üsyan qaldırır və Məmmmədyarovun monopoliyasına yox deyirlər.

Çünki bu məktəblərdə işləyən müəllimlər öz iş yerlərini itirmə təhlükəsi ilə üzləşib. Vəsiqə kimi, şəhadətnamə də hazır şəkildə pulla satıldığından təlim keçmək istəyənlərin sayı get-gedə azalır.

Bildirilir ki, həmin məktəblərdə çalışan müəllimlər çörəklərini ağızlarından çıxaran Vüqar Məmmədyarovun «Asan Xidmət»ini ölkə rəhbərliyinə şikayət etməyi də planlayırlar. Hətta həmin məktəbin müəllimləri yaxın günlərdə etiraz əlaməti olaraq Şirvan Bakı yolunu bağlayaraq aksiya keçirməyi belə planlaşdırırlar.

Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq…
Bolgexeber.com