BolgeXeber.Com » Gündəm » Etibar Pirverdiyev Şahin Sultanovu azad etdirəcəyinə söz verib

Etibar Pirverdiyev Şahin Sultanovu azad etdirəcəyinə söz verib

1-05-2014, 06:50
Oxunub: 3 609 İradə Sultanova: “Etibar Pirverdiyev dedi ki, ürəyini buz kimi saxla”

Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanovun həyat yoldaşı İradə Sultanova publika.az-a danışıb. O deyib ki, Şahin Sultanovun vəziyyəti qənaətbəxş deyil: “Tutub saxlayıblar, ancaq deməyə heç bir faktları yoxdur. Şahin heç özü də başa düşmür ki, nə baş verir. İnanın ki, araşdırma aparılıb, hər şey təmizdir. Mən özüm də soruşuram ki, Şahin, nə olub? Deyir ki, özüm də hələ bilmirəm ki, məndən nə istəyirlər. Bütün sənədlərim təmizdir. Özümü güclə saxlamışam, hər gün ağlayıram. Başa düşə bilmirəm ki, mənim həyat yoldaşımdan nə istəyirlər. İki övladım var, neçə gündür ki, atalarının üzünə həsrətdirlər. Allah heç bir anaya, heç bir qadına bu cür günləri göstərməsin. Şahin buna layiq deyildi. Heç özümüz də bilmədik ki, niyə belə oldu. Elə bil, göydən yekə bir daş düşdü. Ayın 1-də Səfər müəllim işdən çıxarıldı, ayın 22-dən sonra isə Şahinə qarşı hücumlar başladı. Şahinə şiddətli töhmət yazdılar ki, niyə sən yeni gəmilər almamısan və pulları dağıtmısan. İnanın ki, Şahin elə adam olmayıb. Dırnağı ilə əziyyət çəkə-çəkə bu vəzifəyə yüksəlib. Hətta, Rusiyadan gələn admirallar baxıb çox təəccüblənirdi. Deyirdilər ki, biz burada 1965-ci ilin gəmilərini qoyub getmişik. Elə bilirdik ki, biz gəlib Azərbaycanda daha o gəmiləri görməyəcəyik. Ancaq halal olsun ki, bu gəmilər bu qədər yaxşı qorunub saxlanılıb. Ruslar gəmiləri görəndən sonra şokda idilər.
Ayın 22-dən sonra kimlərsə yoldaşıma dedilər ki, daha sən bizə lazım deyilsən. Hərbi limanın tikintisinə baxış keçirəndə Şahin yeni müdafiə naziri Zakir Həsənova dedi ki, mənim işlərim qalıb, çağıran yoxdur və sairə. Zakir Həsənov isə ona dedi ki, sən hələ gözlə, qoy prokurorluq işlərini yekunlaşdırsın, sonra çağıracam. Ayın 22-dən bəri heç kəs Şahini dinləmədi”.
İ.Sultanova hazırda çox çətin günlər yaşadığını söyləyib. Bildirib ki, Ş.Sultanovla oğlu görüşür və vəkili Adəm Məmmədov yaxın günlərdə mətbuat konfransı keçirilməsini planlaşdırır.
Xatırladaq ki, HDQ-nin komandanı, vitse-admiral Ş.Sultanov bu ilin martında prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib və aprelin 23-də Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinərək məhkəmənin hokum ilə həbs olunub.