BolgeXeber.Com » Gündəm » “Güllələnmə versələr də, fikrimdən dönməyəcəm”

“Güllələnmə versələr də, fikrimdən dönməyəcəm”

1-05-2014, 09:35
Oxunub: 3 412 Bu gün Apellyasiya Məhkəməsində sabiq millət vəkili Gülər Əhmnədovanın işi üzrə növbəti məhkəmə prosesi baş tutub


“Qafqazinfo”nun məlumatına görə, Gülər Əhmədova məhkəmədə ifadə verib və bildirib ki, Elşad Abdullayevin pulu onda olsaydı, xarakteristikasına uyğun olaraq bu illər ərzində ona və ailə üzvlərinin birinə müraciət edərdi.

Daha sonra G. Əhmədova bildirib ki, prokurorluq onunla E. Abdullayev arasında məzmunsuz telefon danışığı olduğu ilə bağlı ittihamlar irəli sürüb: "Tarixə baxıldıqda o danışıqlar bir neçə ayı əhatə edir. Əgər onun məndə bir milyonu olsaydı, bu illər ərzində mənimlə əlaqə saxlayardı".

Eks-millət vəkili Ağır Cinayətlər Məhkəməsində verdiyi ifadədə Sevinc Babayeva ilə bağlı qismən danışdığını əlavə edib:

“Sevinc Babayeva ilə bağlı qismən danışmışam. Çünki rəhmətə getmiş adam haqda hər şeyi danışmaq istəmirdim. Buna mənim mənəviyyatım, həmçinin hüquq da icazə verməz. Lakin siz lazım bilsəniz, hər şeyi danışa bilərəm".

G.Əhmədova həmçinin S.Babayevanın onun rəfiqəsi kimi təqdim edilməsi, E.Abdullayevlə isə sadəcə tanış olduqlarının göstərilməsinə etiraz edib: "Sevinc Babayeva ilə Elşad Abdullayev bir yerdə işləyib, səfərdə olublar. Məni isə Sevinclə bir yerdə işləməmişəm, səfərdə olmamışam, bir yerdə yatıb-durmamışam. Mən üç dəfə seçki prosesindən keçmiş insanam. Müxtəlif təbəqədən, cinsdən olan insanların yardımına ehtiyacım ola bilərdi. Sevinc də onlardan biri idi. Biz heç vaxt yaxın rəfiqə olmamışıq. Onun mənim yanımda heç bir hüquqi statusu olmayıb.Əksinə, 2005-də onun rəsmi statusu başqa millət vəkili ilə bağlı idi".

Əhmədova xahişlə çıxış edib və bildirib ki, bu işlə bağlı Binəqədi prokuroruna şərti cəza, Arzu Kazımova və Vaqif Hüseynova 3 il iş verilib:

"Mənim video görüntülərimdə isə heç bir pul görüntüləri olmadığı halda mənə də üç il iş veriblər. Prokurora şərti cəza veribsə, mənə də şərti cəza verilsin. Himayəmdə 3 uşaq var, ailəm dramatik vəziyyətdədir. Yoldaşım onkoloji xəstədir, anam yataqdadır, səkkiz yaşlı oğlum qapılardadır.

Hüri-mələklər gəlsə də, bu gün öz əqidəmdən dönmərəm. Mənə verilən cəzanı küskünlük kimi qəbul etmirəm. Mən Heydər Əliyevin siyasətə gətirdiyi adamam. Kimsə deputat mandatı əlindən alındığı üçün müxalifətə keçibsə, bunun mənə aidiyyatı yoxdur. Eyni zamanda heç kimə qarşı iddiam da yoxdur. Ölkəmdən heç kimə şikayət etmək istəmirəm. Güllələnmə versələr də fikrimdən dönməyəcəm”.

Proses günün ikinci yarısı davam edəcək.