BolgeXeber.Com » Gündəm » İcra başçısı və nazirlərin Beyləqandakı oyunu- Şikayət

İcra başçısı və nazirlərin Beyləqandakı oyunu- Şikayət

10-05-2014, 09:30
Oxunub: 1 995 "Xalqa qarşı əsl "səlib yürüşünə” çıxan məmurların əməllərinə tuş gələndə vəziyyətin necə analoqsuz və acınacaqlı olduğunu dərk edirsən"

Bu fikirlərin müəllifi əmlakı və torpağı "təcavüzə" məruz qalmış II qrup Vətən Müharibəsi əlili, jurnalist Xaqani Rzaquliyevdir. X.Rzaquliyev son illər ərzində Qarabag müharibəsi veteranlarına qarşı bəzi məmurların və dövlət qurumlarının haqsız təzyiqlərinə baxmayaraq qarşılaşdığı problemin həlli üçün bütün hüquqi vasitələrə əl atacağını bildirir. Şikayətçinin mia.az-a göndərdiyi məktubunda deyilir: "Beyləqan rayonu Icra Hakimiyyəti, Iqtisadiyyat və Sənaye Nazirliyi, Sahibkarlığa Milli Kömək Fondu əlbir olub 600 nəfərdən artıq adamı işsiz və gəlirsiz qoyması, xüsusən imtiyazlı təbəqələr olan məcburi köçkünlər, müharibə veteranları, şəhid ailələri, müharibə əlillərinin məşğulluğuna xitam verməsi bir sıra qanunları kobud surətdə pozması ilə baş vermişdi. Nazirlər Kabinetinin ”90s" saylı sərəncamı "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin sərəncamı (1 iyul 2004-cü il), "Əlillərin sosial-reabilitasiya haqqında” Respublika qanunu, "Veteranlar haqqında” Respublika qanunları, "Müəssisələr haqqında”, "Icarə haqqında” və s. qanunları sadəcə bu ərazilərdə səlahiyyəti olmayan şəxslər qüvvədən salıb. Səlahiyyətlərini aşan vəzifəli şəxslərin əməlləri barədə Respublika Prezidenti başda olmaqla bütün instansiyalara edilən müraciətlər cavabsız qalmaqdadır. Beyləqan rayonu Haramı səhəsində əsasən 1992-1993-cü ildə məskunlaşan məcburi köçkünlər hazırda əsl blokada şəraitində yaşayırlar. Prezidentin imzaladığı Dövlət Proqramında göstərilir: ...1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılmasına yol verməsinlər. Lakin Nazirlər Kabineti, Iqtisadi Inkişaf Nazirliyi, Sahibkarlığa Milli Kömək Fondu və Beyləqan rayon Icra Hakimiyyəti heç nəyə məhəl qoymadan "Ağcabədi və Beyləqan rayonlarının ərazilərində müvafiq olaraq 3300 ha və 1500 ha qış otlaq sahlərində özəl pilot təsərrüfatının yaradılmasını” məqsədəuyğun hesab edir. Əslində Beyləqan rayonu ərazisində boş ərazilər mövcuddur və bu ərazilər daha çox adamın işsiz qalmasına səbəb olardı. Sərəncamın "tələm-tələsik inkişaf xatirinə” verilməsini sübut edən digər faktlar da mövcuddur. Taxıl əkini üçün ayrılmış sahələr yalnız "Sığnaq” firmasına məxsus olub. Buna 1996-cı ildə icazə alınıb. Qeyri ərazilərdə isə, "Torpaq Məcəlləsi”nin 16-cı maddəsinin 6-cı bəndinə əsasən Fond torpaqlarında əkinçilik qadağandır. 11 aprel 2012-ci ildə taxıl əkini ilə bağlı sərəncam verən Nazirlər Kabineti yalnız yaranmış səs-küydən sonra qadağanı aradan qaldırmaq üçün 14 iyun 2012-ci ildə yenidən əkinə icazə verən bir qərara imza atmalı olub. Eyni zamanda Beyləqan rayon IH aidiyyəti şəxslərə Ağdam və Tərtər rayonlarından verilmiş torpaq sənədlərini, icarə müqavilələrini qəsdən tapa bilməyib və onları itmiş hesab ediblər. Telman Məstanov və Rafayil Pəsiyev o qədər tələsiblər ki, icarədarlarla heç olmasa polis gücünə razılaşmadan tender də elan ediblər. Özü də tender elan verilən qəzeti özlərindən başqa oxuyan başqa bir şəxsi hələ də tapa bilməmişik. Iqtisadi Inkişaf Nazirliyi və Sahibkarlığa Milli Kömək Fondu özlərinə yaxınlığı ilə tanınan "Rez-Invest” MMC ilə birgə heç nəyi araşdırmadan, heç bir qiymətqoyma nomativinə və mövcud tarifə əsaslanmadan xalqın əmlakına qiymət qoymuşdular. Fondun regiona ezam olunmuş əməkdaşı Nazim Qarayev Beyləqan rayonu IH əməkdaş Telman Məstanovla birgə etiraz edənlərə hədə-qorxu, şantaj və s. üsullarla əraziləri boşaltmağa məcbur ediblər. Faktı xatırladım ki, nazirliyin "xüsusi tapşırığı” ilə qiymətqoyma firmasi subartezian quyusuna Beyləqan rayonunda 10-11 min manat, Ağcabədidə 12.5-13 min manat qiymət qoyub. Əslində bu qiymətlər reallıqdan uzaqdır. Bu qiyməti qoyanlar həmin qiymətə ərazidə 90-130 m dərinlikdə subartezian quyusu qaza bilərlərmi? Eyni sərəncamdan irəli gələn boşalma üçün bütün parametrlər üzrə qiymət fərqləri mövcuddur. Ağcabədi rayon IH başçısı xalqın yanında olduğu üçün normal qiymətlər təklif edilib. Beyləqanda isə xalqı şəxsi mənafelərə qurban verən məmurların sayəsində ərazidə normal təsərrüfat fəaliyyəti qurmuş məcburi köçkünlər yanlış siyasət hesabına məcburən köçkünə çevriliblər. Əhaliyə məxsus icarə torpaq sahələri Beyləqan rayon IH başçısının müavini, qanunsuzluqlara rəvac vermiş T.Məstanov bu proseslərdən sonra vəzifə yüksəlişinə də nail olub. Cəza əvəzinə mükafatlandırılan T.Məstanov və rayon torpaq şöbəsinin müdiri R.Pəsiyev əhaliyə zor tətbiq etmək üçün yerli polislərin və rəis müavini Taleh Hüseynovun gücündən istifadə ediblər. Bu barədə Daxili Işlər Nazirliyinə və 102 xidmətinə dəfələrlə müraciətlər etmişik və rəsmi cavablar almışıq. Rayon rəhbərliyinin qanunsuz, heç bir razılıq əldə etmədən sahələrə əkin traktorlarını salmasına etiraz edən məcburi köçkün Maşallah Ibrahimova həm T.Məstanov, həm də R.Pəsiyev hədə-qorxu gəlməklə yanaşı, şantaj etməyə çalışıblar. M.Ibrahimov yeni salınan suvarma sistemi borularına guya ziyan vurması adıyla cinayət törətdiyini söyləməklə şantaj olunub. Əhali əsasən ölkə prezident, Baş Nazirin birinci müavini A.Şərifovun adıyla qorxudulur, R.Pəsiyev sahibkarları YAP rayon təşkilatının qərargahında qəbul edib razılaşdırmağa çalışıb.

Məhz bu adamların öz səlahiyyətlərini aşaraq, mülkiyyətə qəsd etmələri faktı yüzlərcədir. Şəxsən mənə dəyən zərərin miqdarı yüz min manatlarla hesablana bilər. Imtiyazlı bir şəxs kimi - müharibə əlili, jurnalist kimi Beyləqan rayonu IH başçısı V.Abdullayevin, II naziri Ş.Mustafayevin və Sahibkarlığa Milli Kömək Fondununu sədri Ş.Abdullayevin kompensasiya kimi mənə təklif etdikləri məbləğ 5 min manat təşkil edir. Amma bu hörmətli şəxslərin mənə məxsus 125 m2 fermanı, 53 ədəd ağacı 63 kvt transformator yarımstansiyasını, 80 metlik dəmir 100 mm su kəmərini, 20 tonluq qüllə su çənini, 2550 metrlik elektrik xəttini, 13 ədəd dəmir-beton işıq dirəklərini, 3 maşın daxil olmaqla 6350 m baş arxı bu vəsaitə hansı tariflərlə kompensasiya etmələrinin cavabını baş nazir Artur Rəsizadədən gözləyirəm. Bu cür qənaətcil nazir və başçının milyonları göyə sovuran layihələrinin açıqlanması və araşdırılmasını bir vətəndaş kimi rica edirəm. Onsuz da "zorən sahibkarlıqla” bağlı araşdırmalarım yekunlaşmaq üzrədir. Əgər bu adamların dövlət vəsaitinə qənaət etmələri faktı həqiqətə uyğun olsaydı, mən susardım. Vaxtilə işçimiz olan Məmmədov Haqverdinin 5 ha torpaq sahəsi olduğu halda onun adına 30 ha torpaq sahəsi yazılıb. Bu gün "xor kapellası” kimi onlara gedib onlara müraciət etməməyimizi əsas götürən şəxslərə bir daha bildirirəm ki, 2012-ci ildə 93 ton kondisiya edilmiş pambığı Beyləqan Pambıqtəmizləmə zavoduna təhvil vermişik. Pambıq rayonunda yaşayan rayon rəhbərliyi bu fakta görə bizi görmədiklərini söyləmələri sadəcə özlərini aldatmaqdan başqa bir şey deyil. Ərazidə yaşayan məcburi köçkünlərin dövlətdən heç nə ummadan inkişaf etdirdikləri əkinçilik və heyvandarlıq iflasa uğradılıb. Hazırda izi itirmək üçün Beyləqan rayon IH rəhbərliyi köçkünləri başqa ərazilərə köçürmək üçün baş sındırmaqdadırlar. 600 nəfərdən artıq adamın son tikəsini əlindən almağı bacaran Beyləqan rayon IH əməkdaşları T.Məstanov və R.Pəsiyev indi də aldandıqlarını anlayan məcburi köçkünləri yanlış olan sahələrdə əkinçiliklə məşğul olan MMC-nin üzərinə yönləndirməyə və "sudan duru” çıxmağa çalışırlar. Bir daha üzümü aidiyyəti qurumlara və şəxsən ölkə başçısına tutub bu dövlət Proqramının araşdırılmasını, onlarla köçkün, veteran və əlil ailəsinin şikayətlərinə normal cavab verilməsini istəyirik. Bunca haqsızlıq, qanunsuzluq və Allahsızlığın da bir analoqu olmalıdır...

Qarşi tərəfində mövqeyi bizim üşün maraqlıdır.