BolgeXeber.Com » Gündəm » Hafiz Məmmədov Nyu-York birjasında səhm oyununa girib

Hafiz Məmmədov Nyu-York birjasında səhm oyununa girib

10-05-2014, 09:45
Oxunub: 2 396 Milyarderin maliyyə vəziyyətinin bu cür pisləşməsinin səbəbləri məlum deyil

Azərbaycanlı milyarder, nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı kimi tanınan Hafiz Məmmədov “Lans” klubunu alandan sonra Fransada mətbuatın diqqətindən düşmür.Bolgexeber.com Virtualaz.org saytına istinadən xəbər verir ki, “Lans” klubunun prezidenti Jerve Martel “Le Monde” qəzetinə müsahibəsində Hafiz Məmmədovla bağlı suallara cavab verməli olub.
Xatırladaq ki, Jerve Martel uzun illər “Lans” klubunun prezidenti olsa da 2011-ci ildə maliyyə böhranı üzündən klubu tərk edib. H.Məmmədov “Lans”ın nəzarət səhm paketini alandan sonra J.Martel da klubun prezidentliyinə qayıdıb. Bundan əvvəl Fransa mediasına istinadən yazılmışdı ki, J.Martel H.Məmmədovla Kann şəhərindəki kazinolardan birində tanış olub. Onları lüks yaxtalar kirayə verən yerli biznesmen tanış edib. Belə ki, H.Məmmədov həmin biznesmenin və Kann kazinoların daimi müştərisidir.

“Siz Hafiz Məmmədovla necə tanış oldunuz?” sualına J.Martel belə cavab verir: “Mən onunla təsadüfən tanış oldum. Onda mən dostumla Fransanın cənubunda idim. Biz bir-birimizi çox tez başa düşdük. O, “Lans” klubu və mənim keçdiyim yol haqda bilirdi. Hafiz futbolu yaxşı bilir. O, “Atletiko Madrid”in sponsorudur. Bu oğlan özünün “Bakı” futbol klubuna da möhkəm bağlıdır. Onu ikinci liqaya investisiya qoymağa inandırmaq lazım gəldi. Hafiz dərhal razılaşdı. Bu, mənim üçün çox mühüm idi”.

Jerve Martel H.Məmmədovu “Lans”a yatırım qoymağa necə inandırdığı haqda danışarkən deyib ki, o, klubun keçmişi və gələcək planları barədə danışıb. Bildirib ki, azərbaycanlı biznesmenə “Lans”ın Bollaert stadionunun təmirindən və bu stadionda EURO-2016-nın oyunlarının keçiriləcəyindən, Luvr muzeyindən, “Lans”ın əhalisi böyük olan regionda, Parislə Brüsselin yaxınlığında yerləşməsindən bəhs edib.

Bəs Jerve Martel azərbaycanlı investorun kluba gəlişini yerli məmurlara izah etmək üçün hansı işləri görmüşdü? Bu yerdə J.Martel Fransanın “Canal +” telekanalının H.Məmmədovla bağlı ötən ilin noyabrında, onun “Lans”ın oyununa baxmaq üçün ilk dəfə Fransaya səfər etdiyi bir vaxtda yaydığı qalmaqallı reportajı qəzəblə xatırlayıb. J.Martel deyib: “Fransa əvvəlki kimi nəsə yeni şeylər kəşf etmək və tapmaq istəyir. Mən “Canal+”ın reportajını gördüm, hansı ki, sıfra bərabərdir. Biz Məmmədov üçün səhər saat 4-də təqdimat etmişik. Məmmədov insanlarla çox mehriban davranır. Bakıda, onun ofisində çox adam olur. Bu oğlan gecədən xeyli keçmişə qədər işləyir, çünki arada vaxt fərqi var. O, Nyu York fond birjasında da çox işləyir. Hafiz öz sərvətini nefdən və qazdan qazanıb. İzahı var. Bu adamlar çox işləyir. Eyni zamanda hamı üçün əlçatan adam olaraq qalır. Klubdakı adamlar gördü ki, o, ötən il bura gələndə Luvra necə baş çəkdi. Əlbətdə, mən yerli məmurlara izah etdim ki, Məmmədov kimdir, hansı ölkədəndir. Ancaq mən çox şeyi izah etməli deyildim. Bilirsiniz, Fransada Azərbaycan jurnalı var. Parisdə Azərbaycan səfirliyi fəaliyyət göstərir. Azərbaycan prezidentinin xanımı Fransa muzeylərinə himayəçilik edir. Mən hesab edirən ki, bütün bunlar Azərbaycan haqda çox şey deyir”.

J.Martel onu da deyib ki, Azərbaycan dünyaya açılan və inkişaf edən ölkədir. “Biz Hafizlə müqavilə imzalamaqdan imtina etsək axmaqlıq edərdik, çünki bunu başqaları edəcəkdi. Əgər Məmmədov kimi adamlar gəlirsə bu Fransa futbolu üçün müsbət haldır” deyə o bildirib.

Qeyd edək ki, hazırda Azərbaycanda H.Məmmədovun maliyyə vəziyyəti yaxşı deyil. Onun “Baghlan Group” şirkətlər qrupu beynəlxalq reytinq agentlikləri tərəfindən dalbadal mənfi rəylər alıb. Şirkət banklara kredit borcunu və faizlərini ödəyə bilmir. Habelə H.Məmmədova məxsus “Bank of Azerbaijan”da böhran yaşandığı, oliqarxın “Bakı” futbol klubunda maaşların verilmədiyi barədə xəbərlər var.

Milyarderin maliyyə vəziyyətinin bu cür pisləşməsinin səbəbləri məlum deyil. Bununla belə Jerve Martelin H.Məmmədovun Nyu York fond birjasında çox işlədiyi haqda dedikləri maraqlı məqamdır. Belə məlum olur ki, H.Məmmədov Nyu York fond birjasında səhm alqı-satqısına həddən artıq aludə olub. Birjada səhmlərlə “oynamaq” asan pul qazanmaq üçün cəlbedici vasitədir, ancaq heç də həmişə gəlir gətirmir. Bu oyunda iri məbləğdə gəlir götürmək də var, müflis olmaq da...