BolgeXeber.Com » Gündəm » Polisin qovduğu sürücü qəza törətdi: 2 ölü, 3 yaralı

Polisin qovduğu sürücü qəza törətdi: 2 ölü, 3 yaralı

10-05-2014, 10:00
Oxunub: 2 727 "İlkin versiya bundan ibarətdir ki, “VAZ-2107”-nin sürücüsü avtoxuliqanlıq edib"

Bakının Nizami rayonu ərazisində, Heydər Əliyev prospektində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Tural Rəhimovun idarə etdiyi “VAZ-2107” markalı 90 KC 023 dövlət nömrə nişanlı avtomobil Aeroport şosesi istiqamətində hərəkətdə olarkən qəfildən geriyə dönüş edib və Heydər Əliyev prospekti ilə əks istiqamətdə hərəkət etməyə başlayıb. Bu vaxt “VAZ-2107” qarşıdan gələn və 53 yaşlı Firdovsi Əliyevin idarə etdiyi "Lexus" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində “VAZ-2107” markalı avtomobildə olan iki sərnişin dünyasını dəyişib, avtomobilin sürücüsü Tural Rəhimov, eləcə də, "Lexus"un sürücüsü Firdovsi Əliyev və onun həyat yoldaşı Arifə Əliyeva ağır bədən xəsarətləri alıblar.

“VAZ-2107”-nin sürücüsünün yaxınları bildiriblər ki, Tural Rəhimov yol polisi əməkdaşlarından qaçmağa çalışırmış. Metronun "Koroğlu" stansiyasının qarşısında Yol Patrul Xidmətinə məxsus avtomobil Heydər Əliyev prospektini bağlayaraq, “VAZ-2107”-nin qarşısını kəsib. Tural Rəhimov isə geriyə dönüş edərək, əks istiqamətdə hərəkət edib və nəticədə toqquşma baş verib.

Nizami Rayon Polis İdarəsinin müstəntiqi Nicat Naibov isə açıqlamasında deyib ki, “VAZ-2107”-nin YPX əməkdaşları tərəfindən təqib edilməsi ilə bağlı iddialar araşdırılır. Müstəntiqin sözlərinə görə, ərazidəki təhlükəsizlik kameralarının görüntülərinə də baxış keçiriləcək və hadisənin təfərrüatları müəyyən ediləcək. "İlkin versiya bundan ibarətdir ki, “VAZ-2107”-nin sürücüsü avtoxuliqanlıq edib", - Nicat Naibov qeyd edib.

3 saylı şəhər Kliniki Xəstəxanasından bildirilib ki, “VAZ-2107”-nin sürücüsü Tural Rəhimovun vəziyyəti ağırdır və əməliyyat olunur.

Hadisə nəticəsində ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.