BolgeXeber.Com » Gündəm » «Gülbaxt»a Şakir Musayev «tələ»si

«Gülbaxt»a Şakir Musayev «tələ»si

27-10-2011, 02:10
Oxunub: 4 478 Qudası Rüstəm Usubova arxalanan Tibbi Ekspertiza Mərkəzinin rəhbəri Nəsimi məhkəməsinin sədri Ağamalı Qafarovun əliylə karxana haqqında istədiyi qərarları çıxardır

«Gülbaxt» daş karxanası ətrafında yaşanan gərginlik davam edir. Bəzi məmurların gəlir mənbəyi kimi baxdığı bu məkanın gerçək sahibləri isə xeyli müddətdir ya incidilir, ya hədələnir, ya şərlənir, ya da həbs olunur. Əlində qanuni sənədi olanları elə bir hala salıblar ki, onlar haqlarını məhkəmələrdə axtarmaq məcburiyyətində qalıblar.

Məhəmməd Ələkbərovun oyununa düşən Ziya Əliyev

Qeyd edək ki, bu gün «Gülbaxt» daş karxanası ətrafında yaşananlar gərginliyin daha yüksək həddə olmasını üzə çıxarıb. Və problemin yaranmasının səbəbkarı isə Akif Məmmədov adlı birisidir. O, Akif Məmmədov ki, vasitə olaraq ortaya atılıb və imkanlı məmurların əl oyuncağına çevrilib. Və bu çevrilmə də nəticə etibarı ilə şərləmə kimi pis bir tendensiyanı üzə çıxarıb.

Amma məsələ belədir ki, bu prosesi Akif Məmmədovun əliylə başladanlar işi Nizami rayon Məhkəməsinə yönəldirlər ki, hər şey asanlıqla başa gəlsin. Nəticədə, Nizami Məhkəməsinin sədri Məhəmməd Ələkbərov özünün işçisi Ziya Əliyevə qondarma bir iş verir və onun «araşdırılması»nı tələb edir. Bütün bu proses boyunca Nizami rayonunda yaşamayan və «günahkar» qismində göstərilən şəxslər (Cavanşir Abduləzimov və digərləri-red.) məhkəməyə çəkilir və qərar çıxarılır. Qərar da Akif Məmmədovun xeyrinə həllini tapır. Amma həqiqət ondan ibarətdir ki, Məmmədovun dedikləri tamamilə yalandır və məqsəd daş karxanasını ələ keçirməkdir. Qaldırılan iddia isə o qədər gülməlidir ki, bir məhkəmənin belə bir işi icraata götürməsi qeyri-ciddi görünür. Amma Məhəmməd Ələkbərovun əlbir olduğu adamlarla birlikdə sifarişli iş həyata keçirməsi üçün hər şeyə qol qoyduğu ortalıqdadır.

İddiaya gəlincə isə Akif Məmmədov tək bir ərizə ilə müraciət etdiyi məhkəmədən tələbi budur ki, guya, Cavanşir Abduləzimov onun pulunu alaraq, «Gülbaxt»dan bir hissəsini satıb. Halbuki bu mümkün olan iş deyil, çünki deyilən ərazi dövlətindir və ora heç kim tərəfindən satıla bilməz. Ancaq Məhəmməd Ələkbərov üçün bunun heç bir əhəmiyyəti olmayıb. Amma hakim Ziya Əliyev «zibilə» düşüb. Çünki onun haqqında bu yaxınlarda işində yol verdiyi nöqsanlara və korrupsiyaya səbəb ola biləcək hərəkətlərə görə Məhkəmə Hüquq Şurası tərəfindən töhmət verilib. Hətta o da deyilir ki, Ələkbərovun sifarişini yerinə yetirən Əliyev hakimlikdən də uzaqlaşdırıla bilər. Ona görə ki, hakim haqqında həddindən artıq çox şikayətlər var.

Özünü bıçaqlayan Akifin «ustalığı»

Bizə müraciət edən, hal hazırda Akif Məmmədovun oyununun qurbanları olan, şərlənərək həbsə düşən Əlövsət Orucov, Əlizamin və Rafiq adlı şəxslər deyirlər ki, onların Akif Məmmədovun bıçaqlanmasında heç bir rolları olmayıb. Onlar deyirlər ki, bütün bunlar hamısı qurama oyundur və məqsəd «Gülbaxt»ı ələ keçirməkdir.

Həmin bıçaqlanma hadisəsi ilə bağlı Bolgexeber.com-a daxil olan məlumatda deyilir ki, Akif Məmmədovun başına gələnlərdə hazırda həbsdə olan şəxslərin heç bir günahı olmayıb. Mənbə bildirir ki, hadisə olan gün Akif Məmmədov Əlövsət Orucovu və digər iki nəfəri görüşə çağırıb. A.Məmmədovun yanında Rəşadət Muradov və daha bir nəfər olub. Görüş zamanı mübahisə yaranıb və Ə.Orucovla yanındakılar onun bir xəta çıxaracağını görüb, oradan uzaqlaşıblar. Amma planın pozulduğunu görən A.Məmmədov başqa bir vasitəyə əl atıb.

«Gündəm Xəbər» qəzetində yer almış məlumatda isə deyilir ki, bundan sonra Akif Məmmədov Rəşadət Muradovdan və adı açıqlanmayan digər dostundan onu baçıqla vurmağı tələb edlib. Dostları isə bu məsələdə tərəddüd etsələr də, razılaşmadan sonra ona bıçaqla zərbə endiriblər. Ardından isə təcili yardıma zəng edərək, onu xəstəxanaya çatdırıblar. Akif Məmmədov isə polis əməkdaşlarına verdiyi izahatında göstərib ki, guya, Əlövsət Orucov və yanındakı daha iki nəfər tərəfindən bıçaqlanıb. Buna görə də, həmin şəxslər çağrılaraq, izahat verdikdən sonra həbs olunublar.

Məlumatı verən mənbə iddia edir ki, Akif Məmmədovun tələbi ilə onu bıçaqlayan Rəşadət Muradov «Gülbaxt» karxanasında və digər işlərdə onunla şərikdir. O da deyilir ki, Akif Məmmədov və Rəşadət Muradov hazırda Türkiyədə olan və oradan açıqlamalar verən Nurəddin Zülfüqarlının biznesini idarə edən şəxslərdəndir. Adı çəkilməyən, amma geniş əlaqələri olan üçüncü şəxs isə bu işlərdə onlara dəstək verir.

Təbii ki, burada məsələ aydındır. Akif Məmmədov başqa şəkildə «haqqı»nı ala bilməyəcəyini görüb, başqalarını şərləməli və bununla da işi başa çatdırmağa çalışmalıydı. Amma bu qədər ucuz formada həyata keçirdiyi iş yekunda onun özünə qarşı çevrilməyə başlayıb. Çünki həbsdə olan şəxslər azadlığa çıxmaq və hüquqlarını bərpa etmək üçün mübarizələrindən dayanan deyillər. Elə buna görə də, birmənalı olaraq tələb edirlər ki, məsələ obyektiv və ciddi şəkildə araşdırılsın.

Şakir Musayevin «gələcəyi düşünməsi»

Ötən yazılarımızdan birində məlumat vermişdik ki, «Gülbaxt» məsələsini araşdıran zaman ortalıqda olan Akif Məmmədov və məhkəmə sədri Məhəmməd Ələkbərovun sadəcə, sıradan bir icraçı fiqur olduğu anlaşılır. Çünki işin arxasında dayanan iri çinlilər öz maraqlarını həyata keçirirlər və bunu mümkün qədər ikinci və ya üçüncü əl vasitəsi ilə reallaşdırırlar ki, iz itsin. Necə ki, bunu Respublika Tibbi Ekspertiza v? Patoloji Anatomiya M?rk?zinin rəhbəri Şakin Musayev edir.

Baş prokurorun müavini Rüstəm Usubovun qudası olan Musayevin belə bir addım atmasına səbəb daş karxanısını ələ keçirərək, onu oğluna hədiyyə etmək istəyidir. Və güman ki, mərkəz rəhbəri bununla övladının gələcəyini düşünür. Amma Şakir müəllim bir şeyi unudur ki, öz övladı üçün düşündüyü yerdə, onlarla insanın övladını çörəksiz qoyur.

Şakir Musayevin bu şəkildə hərəkətlərinin qurbanı olan «Gülbaxt»dakı iş adamlarına yaradılan problemlər isə kifayət qədədir. Hər gün məhkəmə qapılarında hüquqlarını arayan bu insanlar vəziyyətdən çıxmaq və hüquqlarını qorumaq üçün ədalətdən başqa heç nəyə güvənləri qalmayıb.

Həbsdə olan Əlövsət Orucov və Rafiq və onların qohumları isə onların tutulmasına sanksiya vermiş və Şakir Musayevin qudası olan baş prokurorun birinci müavini Rüstəm Usubova üzlərini tutub deyirlər ki, belə bir yanlış addım atılmasının səbəbi nədir. Onlar bildirirlər ki, Akif Məmmədov kimi bir işbazı himayə edən qudası Şakir Musayevin xahişini yerinə yetirməklə Rüstəm Usubovun əlinə nə keçir? Həmçinin nahaq yerə həbs olunan bu adamlar və qohumları bildirirlər ki, baş prokurorun bu addımı Azərbaycanda insanların şərlənərək tutulması presidentini yaradır və bu da istənilən halda yol verilməzdir. «Biz anlayırıq ki, Şakir Musayev Rüstəm Usubovun qudasıdır. Və onu da başa düşürük ki, Şakir Musayev oğlunun gələcəyini düşünmək məqsədi ilə «Gülbaxt» karxanasını ələ keçirmək istəyir. Amma bunun belə ədalətsiz şəkildə edilməsi heç cür başadüşülən deyil. Rüstəm Usubov şərlənərək həbs olunan bizlərin həbsinə dair sanksiya verməklə nə qazandı? Onun bu hərəkəti faktiki olaraq üç günahsız şəxsin həbsdə qalmasına səbəb olub ki, bunu nə ədalət, nə də Allah bağışlamaz».

Rüstəm Usubovun onların həbsi ilə bağlı verdiyi sanksiyanın qeyri-qanuni olduğunu deyən sözügedən şəxslər bildirirlər ki, baş prokurorun birinci müavininin belə bir addım atması ölkədə ədalətin öldürülməsi anlayışına gətirib çıxarır və qanunların tapdanması deməkdir. Onlar təcili olaraq azadlığa buraxılmalarını tələb edirlər.

Musayevin şərikləri və şərçiləri kimlərdir?

Bildirək ki, Şakir Musayev «Gülbaxt» məsələsində əsas fiqurdursa, onun şəriki də Nəsimi rayon Məhkəməsinin sədri Ağamalı Qafarovdur. Bu barədə məlumat verən şəxslər deyirlər ki, məhz A.Qafarovun əliylə Akif Məmmədov və başının dəstəsi indiyə qədər qeyri-qanuni qərarlar çıxara biliblər. Həmçinin məhkəmənin sədrinin yardımı ilə ədalətli hökmlərin icrasını əngəlləyiblər.

Nəzərinizə çatdıraq ki, Akif Məmmədovla yanaşı, bu dəstənin ən fəal şərçilərinin sayı ikidir. Onlardan biri «Leksus Amil» kimi tanınan Amil Turab oğlu Yusifovdur. Mənbənin bildirdiyinə görə, A.Yusifov bir qrup iş adamının haqqının yeyilməsi ilə müşahidə olunan böhtan kampaniyalarının əsas aparıcı adamlarından biri sayılır. «Gündəm Xəbər» qəzetində getmiş məlumata görə isə danışıqları əsasən o aparır. O da deyilir ki, əgər Akif Məmmədov üzdə olan qara fiqurdursa, hətta ondan imtina belə mümkündürsə, Amil Yusifov bu kateqoriyaya aid edilmir. Həmçinin o da vurğulanır ki, «Leksus Amil» Şakir Musayevin adından danışmaq səlahiyyətinə malik olan biri kimi tanınır.

Dəstənin bir başqa üzvü isə vəkildir. Ağalar Əzizağa oğlu Ağaşirinov hüquqi işləri həyata keçirməklə yanaşı, həm də şərləmə ilə hədələmə proseslərinin də «ustası» sayılır. Elə buna görədir ki, onun mətbuatda dərc olunan əks məlumatlara görə jurnalistləri hədələməsi adi hala çevrilib. Bu barədə məlumat verən mənbə bildirir ki, A.Ağaşirinovu Şakir Musayevə «Legion-A.A» MMC də birləşdirir. Belə ki, 2010-cu ildə 2001790571 saylı qeydiyyat nömrəsi ilə yaradılmış bu MMC-nin təsisçiləri Amil Yusifov və Ağalar Ağaşirinovdur.

Mənbə xatırladır ki, Amil Yusifov buna qədər bir sıra əməlləri üzündən hüquq-mühafizə orqanlarının hədəfinə çevrilib. Bu problemlərin aradan qaldırılmasında isə onu vəkil Ağalar Ağaşirinov yardımçı olub.

Şakir Musayevin şəriki olan Nəsimi rayon Məhkəməsinin sədri Ağamalı Qafarova gəldikdə isə onun barəsində xeyli danışmaq olar. Ən azından onun rəhbərlik etdiyi məhkəmədən edilən şikayətlərin bu gün sayı hesabı yoxdur. Siyasətdən tutmuş, adi vətəndaşların hüquqlarını qədər hər cür işlərdə sifarişli və maddi maraq güdən qərarların çıxarılmasından edilən şikayətlərin haqlı olduğu dəqiqdir. Məhz buna görədir ki, bu gün A.Qafarov və onun hakimlərinin adı mətbuatda tez-tez hallanır.