BolgeXeber.Com » Gündəm » "Aquavita" alıcıları müxtəlif vasitələrlə aldadır?

"Aquavita" alıcıları müxtəlif vasitələrlə aldadır?

25-09-2014, 10:10
Oxunub: 6 183 "TAC" MMC-nin içkiləri müasir tələblərə cavab vermir

Şirkətin sularının keyfiyyəti aşağıdır

Ölkəmizin ayrı-ayrı şəhərlərində içməli suyun həddən artıq çirkli və bulanıq olması müxtəlif formada qablaşdırılan suların tərkibinin araşdırılması məsələsini aktual edir. Alınan sular da heç də hər zaman əhalinin tələbatına uyğun deyil. Məsələ burasındadır ki, satışda olan suların həm özlərinin, həm də qablarının keyfiyyətsizliyi insanların sağlamlığı üçün bir sıra fəsadlar yaradır. Təəssüf ki, hətta satışda olan bəzi suların müxtəlif dad verməsi hallarına da rast gəlmək mümkündür.

Nəzərə almaq lazımdır ki, suların keyfiyyətsiz olması insan orqanizminə olduqca pis təsir göstərir. Vətəndaşların sıx olduğu məkanlarda - dayanacaqlarda küçə və bazarlarda mənşəyi bilinməyən su satışı daha geniş miqyas alması heç də yaxşı hal deyil. Hər hansı gigiyenik qaydalara riayət edilmədən satılan sərinləşdirici su və şirələrin insanlar üçün ciddi fəsadlarla nəticələnməsi hər an mümkündür.

Bu baxımdan sadalananlar göstərir ki, bəzi sərinləşdirici içkilərə nəzarət gücləndirilməlidir. Ona görə ki, bununla məşğul olan bəzi şirkətlər əhaliyə bulaq suyu adı altında tərkibi məlum olmayan su satırlar. Faktlar göstərir ki, əsası 1997-ci ildə qoyulmuş "TAC" Məhdud Məsuliyyəti Cəmiyyətinin istehsalı olan sərinləşdirici içkilər də bu qəbildəndir. Bəlkə elə buna görədir ki, şirkət uzun zaman ərzində daxili bazarda içməli su istehsalçıları arasında öncül mövqelərə sahib ola bilməyib. Qeyd edək ki, şirkət əsasən iki əsas məhsul istehsal edir: qablaşdırılmış bulaq suyu "Aquavita" və spirtsiz içkilər olan "Gülüstan". Şirkətin rəsmiləri iddia edir ki, guya təbii su "Aquavita" faydalı keyfiyyətlərini Qafqaz dağlarının qəlbindən götürür: "Onun vətəni - Qafqaz, evi - dağların ətəyidir. Guya məhz burada, o, mineral duzlarla zənginləşir". Maraqlıdır ki, "TAC" Məhdud Məsuliyyəti Cəmiyyəti "Aquavita"nın faydalı keyfiyyətlərini Qafqaz dağlarının hansı qəlbindən götürdüyünü açıqlamır. Çoxlarına bəlli olmayan tərkibə malik "Aquavita"nın hansı balansa malik mineral duzlardan və mikroelementlərdən zənqin olması məlum deyil. Ona görə də həmin içkilərin bizim orqanizm üçün zəruri olan maddələrin qəbulunu təmin etməsi və onu tonusda saxlayıb-saxlamaması məlum deyil. "TAC" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qablaşdırılan "Aquavita" qablarının üzərində istehsal ünvanı kimi Xaçmaz rayonu Susayqışlaq kəndi 230/5 saylı quyu göstərilir. Halbuki bu suların Xırdalanda qablaşdırıldığı deyilir. "Gülüstan"nın istehsalı olan "Duşes", "Tərxun", "Feyxoa", "Şəftalı", "Albalı", "Portağal", "Limon", "Alma" və "Cola" içkilərinin isə qatqılarla zəngin olduğu bildirilir. "Gülüstan" sərinləşdirici şirin içkisi susuzluğu artırır.

Halbuki şirkət özünün cəlbedici və aldadıcı reklamlarında başqa "keyfiyyət"lərdən bəhs edir: "Nə üçün böyüklər və uşaqlar bizim məhsullara üstünlük verir? Ona görə ki, bizim içkilər yüksək keyfiyyətli təbii artezian suyundan hazırlanır ki, onun da mənbəyi Qafqaz dağlarının dik təpələrlə əhatələnmiş, yaşıllıqlara qərq olan ətəyindədir. Bu su Qafqaz dağlarının unikal ekoloji sistemi sayəsində uzun zaman ərzində yer süxurları tərəfindən təbii yolla filtrasiya olunur. Ona görə "Aquavita" bu qədər keyfiyyətli və əla dada sahibdir. O, sağlam həyata töhfə verən, həqiqi qida dəyərinə malik məhsuldur". Bəlkə də "TAC" Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən qablaşdırılan "Aquavita" öz mənbəyini doğrudan da "Qafqaz" dağlarının ətəyindən götürür. Amma bu "Qafqaz" bizim regionumuzda yerləşən Qafqaz dağları deyil. Yaxud bizim regionumuzdadır, lakin Xırdalandakı "Qafqaz" dağlarıdır. Spirtsiz içkilər bazarında o qədər də geniş yayılmayan "Gülüstan" və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin icazəsi ilə istehsal olunan 0,5 - 2,0 litrlik plastik qablarda alıcılara satılır. Hansısa mənbələrdən əldə olunan qeyri-şəffaflığa, qəribə dada və görünüşə malik bu su, yerli və xarici texniki və texnolojı standartların tələblərinə cavab verməyən, spirtsiz içkilərin qablaşdırılması üçün nəzərdə tutulan avtomatlaşdırılmış xətlərdə qablara doldurulsa da, onun mənbəyinin nədən ibarət olması bəlli deyil. Sadaladıqlarımızı daha da dolğunlaşdırmaq üçün yarım litrlik "Aquavita" sularının bir müddət əvvəl "Gülüstan" qapaqları ilə bağlanıldığını vurğulaya bilərik. Belə ki, bir müddət əvvəl, ötən illərdən birində, isti yay günlərində sərinləşdirici içki almaq istəyən vətəndaşlar qəribə mənzərə ilə üzləşdi. "Aquavita" suyu alan şəxslər qapaqların sarı rəngli "Gülüstan" markası olduğunu gördükdə təəccübləndilər. Axı bir malın məhsullarının üzərində başqa bir malın məhsullarının olmasına təcrübədə rast gəlinməyib. Sarı rəngli "Gülüstan" qapaqları ilə bağlanmış "Aquavita" su qablarını gördükdə alıcıda elə təəssürat yaranırdı ki, bu su saxtadır və hansısa sexdə hazırlanıb. Əçlində, belə düşünmək üçün kifayət qədər əsaslar var.Çünki içməli su bazarına aidiyyəti qurumların ciddi nəzarət etməməsi ucbatından belə hallar mövcuddur. "Aquavita" şirkətinin baş texnoloqu Rəna Məmmədova iddia edib ki, "Gülüstan" limonadlarını da onlar istehsal edir: "Aquavita"-nın krışkaları qurtarmışdı biz də məcbur olub "Gülüstan"ınkıları onlara bağladıq. Biz krışkaları (qapaqları-müəllif) Türkiyədən alırıq. "Aquavita" krışkalarının ölkəyə gətirilməsi yubadıldı, gömrükdə ləngidildi. Tələbat çox olduğu üçün çıxılmaz vəziyyətdə qaldıq və "Gülüstan"ın krışkalarından istifadə etdik".

Əslində, şirkət su qabları və qapaqlarını Azərbaycanda istehsal edirlər. Lakin yay aylarında tələbat artdığından Türkiyədən də qab alınır. Görünür, bundan əvvəl rayonların birində "Aquavita"nın adından istifadə edib eyni adlı suyu satanlar nə etdiklərini çox gözəl biliblər.

Əslində, mütəxəssislərin də qeyd etdikləri kimi, bulaq suyu yerin alt qatında qaynadığına görə mineral maddələrlə zəngin olur. Həmin bulaq suyunu eləcə içmək insan orqanizminə zərərlidir. Bulaq suyunu müəyyən ekspertizadan sonra içmək olar. Halbuki istehsalçılar təmiz bulaq suyu adı altında krandan doldurulmuş mayeni reklam edir. Guya həmin maye təmizdir və sırf bulaq suyudur. Kim zəmanət verə bilər ki, şirkətin bütün suları sterilizə olunub?

Hətta bir müddət əvvəl Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov onu da bildirmişdi ki, onun rəhbəri olduğu təşkilata "Aquavita" adı altında satılan sudan çoxlu sayda şikayət daxil olub. Şikayətçilər sudan spesifik dadın gəldiyini bildiriblər. Bu səbəbdən ehtiyatlı olmaq lazımdır. Eyyub Hüseynov mətbuata açıqlamasında əksər su istehsal edən şirkətləri o cümlədən "Aquavita"nı öz işinə qeyri-ciddi yanaşmaqda ittiham etmişdi: "Bu suyun adı "Aquavita"dırsa, qapağı da eyni adlı olmalıdır. Alıcı hardan bilsin ki, göy rəngli "Aquavita" qabına sarı rəngli "Gülüstan" qapağının taxılması saxtakarlıq deyil? Şəxsən mən "AQUAVITA" ilə "Gülüstan"ın eyni şirkətin məhsulu olduğunu bilmirəm. Həmin suyu görsəydim onu almazdım və saxta olduğunu düşünərdim. Özünə hörmət edən şirkət bu cür məsuliyyətsiz addım atmaz".

Bütün bunlar onu göstərir ki, "Aquavita" alıcıları müxtəlif vasitələrlə aldadır. Bu suların keyfiyyəti, tərkibi ilə bağlı müəmmalar isə getdikcə artır.