BolgeXeber.Com » Gündəm » Həbsdəki məşhur teleaparıcı evində işləyən ustaları necə aldadıb?

Həbsdəki məşhur teleaparıcı evində işləyən ustaları necə aldadıb?

26-09-2014, 09:20
Oxunub: 2 520 Ustaların pulunu verməyən İlham Mirzəyev onları şərləməklə hədələyib

Sentyabrın 30-da, saat 11:00-da Nərimanov Rayon Məhkəməsində “Space” telekanalının “Etiraf” verilişinin aparıcısı, dələduzluq ittihamı ilə həbs olunan İlham Mirzəyevin işi üzrə məhkəmə davam etdiriləcək. İ.Mirzəyevin hüquqlarını vəkillər Xanlar Bayramzadə və İkram Abdullayev müdafiə edir.Redaksiyamıza işdə adı zərərçəkən kimi keçən şəxslərdən biri olan Aynur Əhmədovanın məktubu və iş üzrə tərtib olunan ittiham aktı daxil olub. A.Əhmədova məktubunda İ.Mirzəyevin vergi cinayətlərinin araşdırılmamış qaldığını, talama cinayəti üzrə ona ittiham elan edilmədiyini yazıb. O, teleaparıcının məhkəmə qarşısına yüngül maddələrlə çıxarılmasına diqqət çəkərək bildirir ki, işə baxan hakimlə İlham Mirzəyevin çox yaxşı münasibətləri var və buna qədər də bu hakim teleaparıcının iddiası əsasında qəzetlərə qarşı qərar qəbul edib. Zərərçəkənin redaksiyamıza təqdim etdiyi ittiham aktında yer alan epizodları oxuduqca teleaparıcının qəbuluna gedən və əli hər yerdən üzülmüş, övlad həsrətində olan insanların pullarını necə mənimsəməsi sadəcə ikrah doğurur.
İttiham aktından aydın olur ki, 10 aprel 2014-cü ildə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İ.Mirzəyevi saxlamasaydı, o, bu gün də sahibi olduğu falçılıq klinikasında iş başında olacaqdı. Efirdən söylədiyi yalanlarına uyanlar qapısını kəsdirib ondan min bir dərdlərinə əlac umacaq, son qəpiklərini verib nəticə gözləyəcəkdilər.

Həmin gün məlum əməliyyatın keçirilməsinə əsas verən müraciəti hazırda işdə adı zərərçəkən kimi keçən A.Əhmədova edib. İstintaqçılar məsələni araşdırıblar və belə bir ittiham aktı tərtib ediblər. İttiham aktında adı keçən zərərçəkənlərin ad-soyadlarını etik səbəblərdən yazmırıq. Baş prokurorun 1-ci müavini Rüstəm Usubovun təsdiqlədiyi ittiham aktından seçmələri təqdim edirik:


Xəstələrin cibindən ustaların cibinə uzanan əllər

Cinayət işi üzrə şahid və zərərçəkən şəxs qismində dindirilən Rəşad Daşdəmirov ifadəsində göstərib ki, təxminən 2012-ci ilin mart ayında aqlay ustası işləyən tanışı Vidadi Abidov ona teleaparıcı İlham Mirzəyevin evində aqlay işi görmək lazım olduğunu deyib və bununla bağlı briqada yığdığını söyləyib. Onunla birlikdə İlham Mirzəyevin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2-ci Yavər Əliyev küçəsi 34 ünvanında yerləşən evinə gediblər. İşin görülməsi məsələsini V.Abidov özü İlham Mirzəyevlə danışıb və onlar İlham Mirzəyevin evinin bayır tərəfinin aqlay işlərini bir kvadratmetrini 8 manatdan görməyə başlayıblar. Lakin İ. Mirzəyevlə V.Abidovun arasında mübahisə yarandığından sonradan o, işi ataraq çıxıb gedib. R.Daşdəmirov isə digər ustalarla qalıb işləyərək İ. Mirzəyevin evinin bayır tərəfinin aqlayını vurub qurtarıb. Gördükləri işin pulunu İ. Mirzəyev verib, aralarında heç bir narazılıq yaranmayıb, əksinə, mehriban şəkildə ayrılıblar. 2012-ci ilin may ayında İ. Mirzəyev ona zəng vurub danışaraq həyətində aqlay daşından döşəmə işini gördürmək istədiyini bildirib onu evinə dəvət edib ki, görüşüb söhbət etsinlər. O, özü ilə bir yerdə usta işləyən qohumu İbadət Piriyevlə İlham Mirzəyevin evinə gedib. İlham Mirzəyev bildirib ki, həyətinə aqlay daşı döşətdirmək, həmçinin həyətdəki “besedka”nı aqlay daşı ilə üzlətdirmək, həyətində kababxana tikdirmək və onu da aqlay daşı ilə üzlətdirmək istəyir. İlham Mirzəyev təklif edib ki, istifadə olunacaq aqlay daşını o, alıb işlətsin, digər materialları isə özü alacaq. Aqlay daşını ustaların alıb gətirməsi şərti ilə döşəmənin bir kvadratmetrini 25 manatdan İlham Mirzəyevlə danışıb razılaşıblar. Belə ki, 1 kvadratmetr üçün ödəniləcək 25 manat pula işlənəcək aqlay materialının pulu, usta pulu və aqlay vurulacaq yerin betonlanıb möhkəmləndirilməsi, yəni “styaşka” işləri pulu daxil olub. İlham Mirzəyev onunla danışıb razılığa gələrkən deyib ki, narahat olmasın, o, hissə-hissə aqlay materialı alıb işi görməyə başlasın, pulun bir hissəsini iş görüldüyü müddətdə ona verəcək ki, lazım olan qalan aqlayı da ala bilsin, işi tam görüb qurtardıqda isə hesablayacaqlar, neçə kvadratmetr alqay daşı döşəsə, pulunun hamısını işin sonunda verəcək. İlham Mirzəyev görüləcək işin pulunu axırda tam şəkildə ödəyəcəyini dedikdə, onun sözünə inanıb və dediyi şərtlə razılaşıb. İlham Mirzəyevlə aqlay işini görmək barədə, qiymət haqda yaşadığı evin həyətindəki “besedka”da oturub danışarkən yanında qohumu İbadət olub və o bu söhbətin canlı şahidi olub. 2012-ci ilin may ayından etibarən qohumları İbadət, Xəqani və Hafiz Piriyev qardaşları ilə birlikdə İlham Mirzəyevin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2-ci Yavər Əliyev küçəsi 34 ünvanında yerləşən həyətində işləməyə başlayıb, 2012-ci ilin sentyabr ayının əvvəllərində orta məktəblərdə dərslər başlanana kimi onlar İlham Mirzəyevin həyətində görməli olduqları işi tam başa çatdırıblar.

“Narahat olma, yaxın vaxtlarda sənin pulunu verəcəyəm”

İşin sonunda görülən işlərə görə İlham Mirzəyev tərəfindən verilən pulları hesabladıqda məlum olub ki, aqlay materialları və zəhmət haqqı daxil olmaqla gördükləri işin ümumi məbləği 17 min manat edib, həmin puldan 12 min manatını İlham Mirzəyev iş görülən müddətdə hissə-hissə ödəyib, ona əlavə olaraq 5 min manat verməlidir. İlham Mirzəyev bidirib ki, “hazırda mənim imkanım yoxdur, lakin bir həftə müddətində 5 min manatı düzəlib sənə verəcəyəm. O, inandığı üçün razılaşıb. Bunun üstündən bir həftə keçmiş, İlham Mirzəyevdən xəbər çıxmadığını görüb telefonuna zəng vurub ona verməli olduğu 5 min manat pulla maraqlanıb. İlham Mirzəyev bildirib ki, hazırda imkanı yoxdur, lakin yaxın vaxtda pulu düzəldib özü ona zəng vuracaq. Bir müddət sonra yenidən İlham Mirzəyevə zəng vurub, lakin o, telefonu açmayıb. O, məcburiyyət qarşısında qalaraq pulunu almaqdan ötrü İlham Mirzəyevin evinə gedib, həyət qapısından qapı zəngini çalmış, ona evdən İlham Mirzəyevin azyaşlı oğlu cavab verib ki, atası evdə yoxdur, çəkilişə gedib, nə vaxt qayıdacağını da bilmir. Bu minvalla o, iki ay müddətində bir neçə dəfə İlham Mirzəyevlə görüşmək üçün həmin evə gedib, həyət qapısından qapı zəngini basıb İlham Mirzəyevi soruşub, ona evdən İlham Mirzəyevin oğlu, gah İlham Mirzəyevin anası, gah da evində işləyən qulluqçusu cavab veriblər ki, İlham Mirzəyev evdə yoxdur, nə vaxt gələcəyini də bilmirlər. Əvvəllər İlham Mirzəyev onun telefon zənglərinə cavab verib, hər dəfə deyib ki, ”narahat olma, yaxın vaxtlarda sənin pulunu verəcəyəm".

“Mənə 5 min manat verməlisən”

İlham hər dəfə bir bəhanə gətirib, gah deyib ki, “rayondayam, gələcəyəm”, gah da deyib ki, “çəkilişdəyəm”. Bir dəfə isə zəng vurarkən İlham Mirzəyev telefonu açıb onunla danışıb və səhəri günü onu evinə dəvət edib ki, “gələrsən, söhbət edərik”. O, səhəri gün xatırlamadığı tarixdə İlham Mirzəyevin evinə gəlib qapı zəngini basıb, zəngə İlham Mirzəyev özü cavab verib, təxminən bir saata kimi onu qapıda gözlədib, daha sonra gəlib qapını açaraq onu həyətə buraxıb. İlham Mirzəyev əsəbi halda ondan soruşub ki, “niyə gəlmisən?” O cavab verib ki, “puluma görə gəlmişəm, gördüyüm işə görə sən mənə 5 min manat verməlisən”.
“Sənə pul düşmür”
İlham Mirzəyev isə ona bildirib ki, “əslində sənə heç bir pul düşmür, gördüyün iş keyfiyyətsizdir”. O soruşub ki, “hansı işim keyfiyyətsiz çıxıb, mənə göstərə bilərsənmi?” İlham Mirzəyev bundan sonra həyətin döşəməsinə vurulan aqlayın birləşmə yerlərini, aqlayda olan xırda nöqtələri, sonradan islifadə olunub sınan hissələrı göstərərək bildirib ki, “işi keyfiyyətsiz görmüsünüz, buna görə də sənə pul düşmür”. O, İlham Mirzəyevə bildirib ki, “mən həmin işləri 3 ay bundan əvvəl görmüşəm, həmin vaxt vardısa, mənə bildirəydin. Lakin razıyam, gəlib 2 gün işləyib göstərdiyin nöqsanları da aradan qaldıraram”.

“İstəyirsən lap Daxili İşlər Nazirliyinin özünə de...”

Lakin İlham Mirzəyev bəhanə gətirib ki, “hazırda mənim həyətimdə yaşayış var, buna görə də sənin işləməyinə ehtiyac yoxdur”. Başa düşüb ki, İlham Mirzəyev pulunu vermək istəmir və bildirib ki, “gedib 13-cü polis bölməsinə şikayət edəcəyəm”. İlham Mirzəyev də deyib ki, “hara istəyirsən, get, şikayətini ver. İstəyirsən lap Daxili İşlər Nazirliyinin özünə de, mənə kim nə edəcək? Sən bilirsənmi ki, mən Azərbaycanı barmağımda fırladıram, mənə kim nə edə bilər ki, sən nə edəsən?” Bunu deyib, İlham Mirzəyev evindən adını bilmədiyi mühafizəçisini çağırıb ona göstəriş verib ki, onu həyətdən çıxarsın. Adını bilmədiyi mühafizəçi qolundan tutub onu həyət darvazasından küçəyə çıxarıb. O, İlham Mirzəyevin hədəsindən qorxaraq fikirləşib ki, ona gücü çatan deyil, İlham Mirzəyev ona pislik edər. Hətta bir dəfə İlham Mirzəyev yanında işləmiş qohumu Hafiz Piriyevə zəng vurub deyib ki, “Rəşada de ki, mənim yanıma gəlməsin, yoxsa onu şərləyib tutduracağam”.
musavat.com