BolgeXeber.Com » Gündəm » 195 işçisi Arif Əsgərovla məhkəmədə çəkişir

195 işçisi Arif Əsgərovla məhkəmədə çəkişir

8-10-2014, 08:40
Oxunub: 2 335 Hesablama Palatası qanuni yoxlamalar aparsa, görər ki, yüz milyonlarla vəsait mənimsənilib”

“Azərbaycan Dəmir Yolları”nda bələdçi üsyanı; Dəmiryolçular Nəsimi Rayon Məhkəməsi qarşısında iddia qaldırıb; işçilər illərdir mənimsənilən əmək haqlarının, ezamiyyə xərclərinin və çörək pullarının ödənilməsini tələb edir; onların hüquqlarını məhkəmədə Aslan İsmayılov müdafiə edəcək, ortada müdhiş yeyinti faktları var
“Azəbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 195 bələdçisi qurum rəhbərliyini məhkəməyə verib. Bununla bağlı vəkilin hazırladığı iddia ərizəsi artıq Nəsimi Rayon Məhkəməsinə təqdim olunub.


Məsələ ilə bağlı “Yeni Müsavat”a adının açıqlanmasını istəməyən bələdçi məlumat verib. Onun dediyinə görə, illərdir qanunla onlara verilməli olan çörək pullarının geri qaytarılmasına nail ola bilmədikləri üçün məhkəməyə üz tutmağa vadar olublar.

Mənbəmiz dedi ki, 2000-ci ildə dəmir yolunda çalışan hər bələdçiyə əlavə olaraq aylıq 15 manat çörək pulu verilməsi barədə prezident sərəncamı olub. Nazirlər Kabineti isə məsələnin icraya yönəldilməsi barədə 2001-ci ildə qərar verib. 2008-ci ilədək bu məbləğ 15 manat olsa da, sonrakı üç il ərzində məbləğ 5 manat azaldılıb. 2011-ci ildən sonra isə çörək pulu üçün yenidən 10 manat ödənilməsi barədə qərar verilib. Ancaq qərara baxmayaraq, bu məbləğin yalnız 5 manatı işçilərə ödənilib. Yalnız son vaxtlar - dəmiryolçuların hay-küyündən sonra çörək pulları tam olaraq ödənilsə də, əvvəllər mənimsənilən məbləğ ödənilməyib qalıb. Bu səbəbdən də işçilər “qiyam” qaldırmağa vadar olub. İddia ərizəsində işçilərin ödənilməyən, mənimsənilən əmək haqlarının, ezamiyyə haqlarının və çörək pullarının ödənilməsi tələb edilib. “Tələbimiz odur ki, qanuni şəkildə yoxlanılsın, nə qədər vəsait yeyilibsə, geri qaytarılsın”.

Mənbəmiz deyir ki, vaxtilə dəmir yolunda 2500 kişi bələdçi olub. Ancaq indi cəmi 200 kişi bələdçi çalışır, işə götürülən qadınların sayı isə 400 nəfərdən çoxdur: “Özü də qadınlarla kişilərin aldığı əmək haqqı da fərqlənir. Əvvəllər qadınlar 400-500 manat maaş alırdısa, biz 100-120 manat alırdıq. İndi dəqiq rəqəm məlum deyil. Keçən il mən 139 manat maaş almışam, bununla ailəmi saxlamaq olar? Ölkə içərisində işləyirik, tutaq ki, sutka yarıma burdan Astaraya gedib-gəlirik, bizə 10 manat verirlər. Ayda 5 dəfə gedirəm, 50 manatla ailəmi saxlamaq olar? Maaş azlığının səbəbini soruşanda da deyirlər iş günün, saatın azdır. Deyirəm ki, mənim günahım deyil, az iş verirsən, iş saatını da doldura bilmirəm”.
Bələdçi deyir ki, ölkənin bütün instansiyalarına şikayət ediblər: “Son 9 ay ərzində prezidentə, nəqliyyat naziri Ziya Məmmədova, Nazirlər Kabineti, Milli Məclisə, Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, digər qurumlara üst-üstə 200 məktub yazılıb, 200 teleqram vurulub, ancaq heç bir nəticəsi yoxdur. Bütün məktubları sərnişindaşımanın rəhbəri Elyar Muradovun üstünə göndərirlər. Biz elə bunlardan şikayət edirik, mənim şikayətimi onların üstünə göndərirlər ki, baxın, cavab verin”.
Mənbəmiz bildirdi ki, özü 20 ilə yaxındır dəmir yolunda çalışır və böyük miqdarda pulu mənimsənilib: “Ən müxtəlif miqdarda təzminat tələbləri var-20 mindən 50 minə qədər. Mən 50 min tələb etmişəm. 2500 nəfər keçmiş və indiki dəmiryolçulara ödənilsə, bu, böyük miqdarda vəsait edir. Son vaxtlar işləyənlərlə bərabər işdən çıxanlara da günü 5 manatdan çörəkpulu ödənilir. Ortaya sual çıxır, yaxşı bu pulları yeməmişdinizsə, niyə ödəyirsiniz? Ya həmin pulları yemişdinsə, niyə cəmi 5 manatını qaytarırsan və hansı maliyyə mənbələrindən qaytarırsan? Məhkəmə araşdırsa, Hesablama Palatası qanuni yoxlamalar aparsa, görər ki, yüz milyonlarla vəsait mənimsənilib”.

Bələdçinin sözlərinə görə, Nəsimi Rayon Məhkəməsi işə ədalətli baxmasa, apelyasiya şikayəti verəcəklər: “Hələ hazırlıq iclasının vaxtı məlum deyil, amma iddiamız təmin olunmasa, Ali Məhkəməyədək gedəcəyik”. Uzun illər aşağı əmək haqqı ilə necə yaşadıqlarını soruşduqda həmsöhbətimiz etiraf etdi ki, o vaxt biletsiz sərnişinlər aparmaqla vəziyyətdən çıxırmışlar: “Açığı, haqq da verirdik və bunu görməzliyə vururdular ki, ”gedin işləyin". Amma artıq bunun qarşısı alınıb, hamı bir nəfər kimi biletlə gedib-gəlir. İndi gəl bununla dolan. Açığını deyim ki, o zaman dövlətdən oğurluq edirdik, ancaq məcbur idik, deyirdilər gedin işləyin".

Onu da öyrəndik ki, bələdçilərin hüquqlarını tanınmış vəkil, “Viza” Hüquq Firmasının rəhbəri Aslan İsmayılov qoruyur. A.İsmayılov açıqlamasında faktı təsdiqləyərək bildirdi ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə qarşı qaldırılan iddia ərizəsi məhkəməyə təqdim olunub. Ancaq hələlik ilk iclasın tarixi məlum deyil: “İddia ərizəsi çoxsaylı dəmiryolçunun iddiası əsasında bizim ”Viza" Hüquq Firmasının işçiləri tərəfindən hazırlanıb". Vəkil hələlik bu barədə detallı məlumat verə bilməyəcəyini qeyd etməklə kifayətləndi.

Avqust ayında dəmiryolçular çörək pullarının mənimsənilməsinə etiraz əlaməti olaraq aclıq aksiyasına başladıqlarını bəyan etmişdilər. Onlar “əgər bizim başımıza nəsə gəlsə, bunun günahkarı Əlirza Süleymanov, Əlyar Muradov, Arif Əsgərov, Ziya Məmmədovdur”-deyə, bəyan etmişdilər.

Ümumiyyətlə, 2014-cü il Azərbaycan dəmiryolçuları üçün məşəqqətli bir il olub. Bu ilin əvvəllərindən bir qrup qatar bələdçisi Prezident Administrasiyası və “Azəbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin qarşısında davamlı etiraz aksiyası keçirib. Onlar xəttə buraxılan yeni qatarlarda kişi bələdçilərin işləməsinə icazə verilməməsi və maaşlarının azlığına etiraz edib. “Azəbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov isə demişdi ki, heç bir kişi bələdçi işdən çıxarılmayıb. Sadəcə, onların təyinatı Bakı-Xarkov qatarından çıxarılaraq daxili qatarlara verilib və buna görə etiraz edirlər. QSC-nin Sərnişindaşıma İstehsalat Birliyinin rəisi Elyar Muradov isə bildirib ki, etiraz edən bələdçilərin işlə bağlı heç bir problemləri yoxdur: “Əmək haqları isə az deyil. Əksinə, artırılıb. Əvvəllər 100-150 manat əmək haqqı alırdılarsa, bu gün daxili reyslərdə çalışır və 300 manata qədər əmək haqqı alırlar”. Kişi bələdçilərin qadın bələdçilərlə əvəz edilməsinə gəlincə, E.Muradova görə, bunun səbəbi onların daha yaxşı xidmət göstərməsidir: “Xanım bələdçilər həm vaqonun sanitar vəziyyətinə, yuyulub-təmizlənməsinə əməl edirlər, həm də sərnişinlərə yüksək xidmət göstərirlər. Ona görə də xarici reyslərdə xanım bələdçilərə üstünlük veririk”.

Görünən budur ki, indi də dəmiryolçular çörək pullarının geri qaytarılması uğrunda mübarizəyə başlayıblar, özü də kütləvi aksiyalar şəklində yox, məhkəmə yolu ilə.
İş günü olmadığından qurumdan məsələyə və bu barədə iddialara münasibət öyrənə bilmədik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.