BolgeXeber.Com » Gündəm » Keçmiş jurnalistin ailəsi hədələnir

Keçmiş jurnalistin ailəsi hədələnir

14-01-2013, 02:45
Oxunub: 3 977 “Adamı qatil olmaq həddinə gətirib çıxarırlar”

Bir müddət əvvəl “Milli Yol” qəzetinin və “Poliqon” informasiya agentliyinin müxbiri Elnur Paşayev qələmə aldığı bir sıra tənqidi məqalələri üzündən ciddi təziqlərə məruz qalaraq ölkəni tərk edib Avropa ölkələrindən birində mühacirət həyatı yaşamağa məcbur oldu. O, yazdığı məqalələrdə və özəl informasiyalarda hakimiyyət orqanlarındakı özbaşınalığı, korrupsiya faktlarını, vətəndaşların hüquqlarının kobud şəkildə pozulması hallarını və digər ciddi qanun pozuntularını ifşa edirdi.
Əslində, belə görünə bilərdi ki, söhbət sadəcə olaraq, hansısa rayon icra başçılarından, onların yerə-göyə sığmayan qanunsuz əməllərindən gedir. Amma bütün hallarda E.Paşayev bu tiplərin arxasinda dayanan oliqarxları, siyasi hakimiyyətdəki dayaqlarını ifşa edirdi. Məhz buna görə həyatı təhlükə ilə üzləşən Elnur Paşayev ölkəni tərk etməyə məcbur oldu.
Amma ondan qisas ala bilməyən və ölkədən getdiyini görən köhnə düşmənlər Elnur Paşayevdən ala bilmədikləri qisası onun ailəsindən almaq niyyətinə düşdülər. Artıq bu hədə qorxular adət halını alıb. İki ildir ölkəni tərk edən müxbirin valideynləri sifarişli quldurlardan aldiqları hədə-qorxudan, ölüm təhlükələrindən cana gəliblər. Elnur Paşayevin atasi A. Paşayev bu hədə-qorxunun, bəzən aşkar təhdid həddinə gəlib çatan təhdidlərin onları boğaza yığdığını deyir... “Bəzən bezirəm. Az qalır ki, bu yaramazların qarşısına hətta silah tapıb çıxım. Mən oğlumun etdiklərinin haqlı olduğuna əmin idim. İndi də hesab edirəm ki, onun seçimi doğru idi. Amma bu seçim mənim deyildi, onun özünün idi. Mən isə jurnalist-filan deyiləm. Başımı aşağı salıb öz sakit həyatımı yaşamağa üstünlük verərdim... İmkan vermirlər. Adamı qatil olmaq həddinə gətirib çıxarırlar”.
A.Paşayev bu təhdidlərin iki ildir ki, davam etdiyini bildirir. Bəzən hətta polis idarəsinə də çağırıb hədə-qorxu gəlirlər. Elnurun yerini de, filan... “Deyirəm, əl çəkmirlər. Yaxşı bilirlər ki, Elnur Azərbaycanı tərk edib Avropada yaşayır. Amma bizdən qisas almaq istəyirlər sanki. Bütün qohum əqrəbanın gözünü qırmaqdır fikirləri...”.
Ailədə ciddi narahatlıq var. Evin xanımı ürək xəstəsidir. Bu davamlı təqiblər onun həyatını bitirə bilər.
Amma kimin vecinədir... Azərbaycanda bu cür hallar o qədər adiləşib ki, sanki ölkə elə bu qaydada nəfəs almalı, bu qaydada idarə edilməlidir.