BolgeXeber.Com » Gündəm » Qobustan maliyyəsi başqansız qalıb

Qobustan maliyyəsi başqansız qalıb

23-01-2013, 22:10
Oxunub: 4 916 Nuru İsmayılovun başı İsmayıl Vəliyevin obyektlərinə qarışıb

Ötən yazılarımızda Qobustan rayon Maliyyə Şöbəsində yer almış korrupsiya hallarına dair redaksiyamıza təqdim olunan məlumatlar əsasında hazırlanmış material dərc olunmuşdu. Materialda qeyd olunmuşdu ki, rayonun xüsusən təhsil və səhiyyə sahələrnin inkişafı üçün ayrılmış dövlət vəsaitləri heç də tam həcmdə ünvanyönlü xərclənmir. Hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərilir, idarənin fəaliyyətində “Dövlət büdcəsi haqqında” qanunun bir çox maddələri də kobud şəkildə pozulur. Öz müsahibələrində isə şöbənin rəisi Nuru İsmayılov qeyd edir ki, rayonda uçot işləri təlimata uyğun qurulub. Təftiş və yoxlamalar zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün də müvafiq tədbirlər görülür. Şöbə tərəfindən daxil olmuş vəsaitlərin büdcə təsnifatına uyğun ödənilmə ardıcıllığı gözlənilməklə, təyinatı üzrə səmərəli xərclənməsi təmin edilir. Reallıqda isə “Dövlət büdcəsi haqqında” qanuna əsasən Maliyyə idarələri tərəfindən büdcədən maliyyələşən təşkilatların üç ildə bir dəfədən az olmayaraq təftiş olunması nəzərdə tutulsa da, Qobustan rayonundakı təşkilatlardan bəziləri ildə bir neçə dəfə yoxlanıldığı halda, digərlərinin fəaliyyəti ümumiyyətlə təftiş edilmir. Qobustan rayon Maliyyə Şöbəsinə rəhbərlik edən Nuru İsmayılov isə özünü sözün əsil mənasında bu idarənin bütün resurs və vəsaitlərinin sahibi hiss edir. Daxil olan məlumatlarda bildirilir ki, bir vaxtlar Qobustan RİH-nin keçmiş başçısı İsmayıl Vəliyevin “pul yığanı” kimi fəaliyyət göstərən N.İsmayılov məhz bu yolla həm maddi cəhətdən varlanmış, həm də başçının timsalında özünə nüfuzlu himayədar əldə etmişdi. Lakin Adil Məmmədovun bu rayona başçı təyin olunmasından sonra şöbə rəisinin mövqeyləri də bir qədər zəifləmişdir. Bununla belə uzun illər ərzində qeyri qanuni yollarla əldə etdiyi külli miqdarda sərvət Nuru İsmayılova yuxarı instansiyalarda hələ də öz mövqelərini saxlamağa müvəffəq olan bəzi korrupsioner məmurlar arasında himayədarlar da qazandırmışdır. Məhz elə bu himayədarların sayəsində də şöbə müdiri indiyədək Dövlət Maliyyə Nəzarəti Xidmətinin bütün təftiş və yoxlamalardan “üzü ağ” çıxa bilir. Ötən materialda biz belə bir məqamı da xüsusi olaraq vurğulamışdıq ki, bəzi mənbələrin verdiyi məlumatlara görə Nuru İsmayılov bu imkanlardan həm də Qobustan RİH-nin rəhbərliyinə qarşı yönəlmiş məqsədli intriqaların qurulmasında yetərincə yararlanır. Lakin ölkədə həyata keçirilən əsaslı islahatların, geniş miqyaslı antikorrupsiya tədbirlərinin fonunda xüsysilə vətəndaşların aktivliyinin artması, neqativ hallara qarşı onların daha radikal mövqelərdən çıxış etmələri diqqəti cəlb edir. Bu gün hər kəs artıq başa düşür ki, dövlətimizin bu mübarizədə hər birimizin dəstəyinə ehtiyacı var və bu dəstək ilk növbədə qəti vətəndaş mövqeyinin ortaya qoyulmasında özünü göstərir. Qobustan ictimaiyyətini də ən çox hiddətləndirən hal budur ki, doğma rayonlarının təhsilinə, səhiyyəsinə və deməli onların və övladlarının gələcəyinə ayrılmış dövlət vəsaitləri elə dövlət orqanlarının gözü qarşısındaca hansısa bir korrupsioner məmur tərəfindən mənimsənilir.

Təəssüflər olsun ki, Respublikanın Maliyyə Nazirliyi hələ də bəzi struktur rəhbərlərinə qarşı son dərəcə liberal mövqe nümayiş etdirməkdədir. Bu isə xüsusən ölkənin bir çox bölgələrində fəaliyyət göstərən maliyyə idarələrinin müdirləri üçün vəziyyətdən istifadə edərək bir tərəfdən vətəndaşların hüquqlarını pozmağa, digər tərəfdən isə dövlət vəsaitlərini külli miqdarda mənimsəməyə geniş imkanlar yaradır...