BolgeXeber.Com » Gündəm » İsmayıllıda ikinci üsyan yetişir

İsmayıllıda ikinci üsyan yetişir

26-01-2013, 13:30
Oxunub: 5 200 Polis hələ də mərkəzi küçələrdə keşik çəkir

“İsmayıllıda zahirən sakitlikdir. Lakin rayon daxilən gərginlik içində qalmaqda davam edir. Sakinlər arasında yenidən aksiya olacağı haqda məlumatlar dolaşır”. Bunu İsmayıllıda olan müxbirimiz Elşən Məmmədəliyev yanvarın 25-də səhər saatlarında deyib. O bildirib ki, yerli hakimiyyət məhz 25 yanvar günündən çox narahat idi: “Dünən (yanvarın 24-də-red.) rayonun inanclı kəsiminin təmsilçiləri məscidlərin axundları ilə görüşüb. Narahatlıq vardı ki, camaat cümə namazından sonra, eynilə ərəb inqilablarının modelində olduğu kimi namazdan sonra yürüş edə. Bunun qarşısını almaq üçün iş aparırdılar”.
Yanvarın 25-i səhərdən etibarən İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) binası ətrafında xeyli sayda təhlükəsizlik xidməti əməkdaşı toplaşıb. RİH-in yaxınlığında polis avtobusları və xüsusi maşınlar dayanıb. Yerli müxalifətçilərin verdiyi məlumata görə, ətraf rayonlardan və Bakıdan rayona gəlmiş siyasi partiya fəallarının da əksər hissəsi yanvarın 24-də və 25-i səhər saatlarından rayonu tərk edib.

Ölən yox, yaralılar var və kimlərdir?

24 yanvar aksiyasında yaralananlarla bağlı aznews.az eksklüziv məlumat əldə edib. İsmayıllı Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, müxtəlif bədən xəsarəti almış 16 gənc xəstəxanaya yerləşdirilib. Onlardan biri qazdan zəhərlənib. Qalanlarına isə rezin güllələrin dəyməsi nəticəsində müxtəlif nahiyələrin sınması diaqnozu qoyulub. Xəstəxanaya gətirilən yaralıların bir neçəsinin vəziyyəti ağır olduğundan yanvarın 24-də axşam paytaxta göndərilib.
Yaralanan şəxslərə ilk tibbi yardım göstərilib. Onların bəzilərinin adını təqdim edirik: 1992-ci il təvəllüdlü Rəhimov Xəyal Balayar oğlu, Abbasov Vüqar Həsən oğlu (1971), Həsənov Nəriman Həsən oğlu (1971), Nuriyev Nahir Yaqub oğlu (1981), Məmmədov Elvin Əvəz oğlu (1980), Məmmədli Pünhan İlham oğlu (1992), Talıbov Məhərrəm (1965) və Rəsulov Cahangir Cəfər oğlu (1996).
“İsmayıllıdakı son hadisələr nəticəsində rayon mərkəzi xəstəxanasına 10 nəfərə qədər yaralı gətirilib. Onlardan 3-ü polis olub. Yaralıların xəsarəti yüngül idi və əksəri ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Vəziyyəti ağır olan bir nəfər Bakıya aparılıb”.
Bunu “Mediaforum” saytına rayon xəstəxanası reanimasiya şöbəsinin müdiri Firudin Ağayev deyib. O, hadisələrlə bağlı hazırda xəstəxanada müalicə alan şəxsin olmadığını deyib. Hadisə zamanı ölənlərin də olması barədə sosial şəbəkələrdə, bəzi saytlarda yayılan xəbərlərə gəlincə həkim bu məlumatları əsassız adlandırıb: “Şayiədən başqa bir şey deyil”.
F.Ağayev hadisə zamanı kəskin qaz zəhərlənməsi şikayəti ilə xəstəxanaya müraciət edənin olmadığını deyib: “Cəmi iki nəfər qaz zəhərlənməsi ilə müraciət edib, amma onların da zəhərlənməsi kəskin olmayıb, vəziyyətləri yüngül idi”.

Həbs edilənlərə işgəncə verilir

İsmayıllı hadisələrinə görə saxlananların sayı barədə ziddiyyətli məlumatlar gəlir. “Azadlıq” radiosuna müsahibəsində RİH başçısının I müavini Rafael Əhmədov 32 nəfərin saxlandığını deyib. Amma “Azadlıq” qəzetinin bölgə müxbiri Elçin İsmayıl iki gündə saxlananların 150 nəfər olduğunu bildirib.
Tutulan rayon sakinlərinin harada saxlandığı barədə rayon polis şöbəsindən (RPŞ) hər hansı məlumat almaq mümkün olmayıb. “Azadlıq” radiosu isə xəbər verib ki, yerli polis şöbəsinin yaxınlığından keçəndə işgəncə səsləri eşidilib. Yerli hüquq-mühafizə orqanlarından dünən günün birinci yarısında APA-ya verilən məlumata görə, aksiyalarda saxlanılan şəxslərdən bəziləri sərbəst buraxılıb.

Döyülən sürücüyə qadağa qoyulub

İsmayıllıda harın məmur adamları tərəfindən döyülən və hazırda xəstəxanada olan sürücü Ramin Bəkirov prokurorluq əməkdaşları tərəfindən dindirilib. Musavat.com-un İsmayıllıya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, R.Bəkirovu dindirən müstəntiqlər onun qarşısında bir sıra şərtlər də qoyublar. Şərtlər R.Bəkirovun hadisə ilə bağlı heç bir açıqlama verməməsi, xəstəxananı tərk edərək evdə müalicə almasıdır.
Qeyd edək ki, yanvarın 23-ü axşam saatlarında döyülən R.Bəkirov qapalı kəllə-beyin travması və bir sıra başqa xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onun döyülməsi İsmayıllıda üsyanın baş qaldırmasının əsas səbəblərindən biri olub.
Bu arada məlumat yayılıb ki, (faktxəbər) prezident İlham Əliyev Avropadakı sıx görüş qrafikinə baxmayaraq Bakıya dönmək barədə hazırlıq tapşırığı verib. Məlumata görə, o, yanvarın 26-da İsmayıllıya gedəcək.

YAP İsmayıllıya desant çıxarıb

Dünən saat 16:00-a xəbər yayılıb ki, İsmayıllıdakı Heydər Əliyev Mərkəzində icra başçısı N.Ələkbərovun yerli ictimaiyyətin təmsilçiləri ilə görüşünə hazırlıq başlayıb. “Yeni Müsavat”ın müxbirləri məlumat verir ki, görüşə xüsusi maşınlarda vətəndaşları daşıyıblar. Onların İsmayıllı sakinləri olub-olmadıqları bilinmir. Bakıdan da xeyli tanınmış və tanınmayan simaların timsalında dəstək qrupları İsmayıllıya gəlib. Müxbirimiz musavat.com-a deyib ki, YAP Siyasi Şurasının sədri Mübariz Qurbanlını, AzTV-nin şərhçisi İbrahim Məmmədovu Heydər Əliyev Mərkəzində görüb. Xəbərlərə görə, YAP-ın rəhbərlik də daxil olmaqla xeyli funksioneri İsmayıllıdadır. Müxbirimiz müşahidələrindən sonra zəng edərək bildirdi ki, görüş əslində fiksiyadır. Zalda yerli və narazı sakinlər gözə dəymir. Əksəriyyət idarə-müəssisə işçiləri və Bakıdan gələnlərdir.

AXCP İsmayıllı təşkilatının sədri: “Əhali ilə icra başçısının görüşü olmayıb”

“İsmayıllının mərkəzi küçələri və rayona gələn yollar polis nəzarətindədir”. AXCP İsmayıllı rayon təşkilatının sədri Sadiq Umudlu yanvarın 25-də “Mediaforum” saytına belə deyib.
O bildirib ki, rayonda yerləşən dövlət orqanlarının binaları ətrafında polis postları qurulub, silahlı polislər keşik çəkir: “Onlar qalxanlı, dəbilqəlidir, rezin güllələrlə, qaz balonları ilə silahlanıblar. Ətrafda etirazçılar, insan axını gözə dəymir. Bütövlükdə sakitlikdir”.
S.Umudlu qeyd edib ki, həbs olunanlar var: “Bizdə olan məlumatlara görə, tutulanların sayı çoxdur. Rayonun icra başçısı Nizami Ələkbərov əhali ilə görüşmür, heç bir məlumat vermir. Yanvarın 24-də öz adamları ilə görüşüb. Amma məlumat yayılır ki, icra başçısı ağsaqqallarla görüşüb. Halbuki əhali ilə icra başçısının heç bir görüşü olmayıb”.

Lalə Şövkət: “Öz xalqı ilə mübarizəyə çıxan hakimiyyət həmişə məğlub olub”

Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət bəyanat verib. Bəyanatda deyilir ki, 2012-ci ildə Quba hadisələri, bir neçə gün əvvəl “Binə” ticarət mərkəzində sahibkarların etiraz aksiyasını zorla yatırılmasının əsl səbəbi kimi iqtidarın talançı siyasəti göstərilir: “Quba, "Binə" və İsmayıllı hadisələri təsadüfi etiraz aksiyaları deyil, insanları işsizliyə, yoxsulluğa, dilənçiliyə məhkum etmiş siyasətə qarşı hər an baş verə biləcək böyük üsyanın ilkin qığılcımlarıdır. Öz xalqı ilə mübarizəyə çıxan hakimiyyət tarixən həmişə məğlub olub".

İsmayıllı hadisələrində Rusiya və İran “izi” var?

Keçən il Qubada və ötən gün İsmayıllıda baş verən proseslər arasında paralellər aparmaq olar. Şimal regionlarında cərəyan edən hadisələrin Rusiyanın təxribatı kimi dəyərləndirmək olarmı?
Politoloq Qabil Hüseynli modern.az-a açıqlamasında bunu istisna etmir. O bildirib ki, Rusiya ilə yanaşı bu hadisələrdə İran faktorunu da kənarda saxlamaq olmaz: “Hadisələrin səngiməməsi, təşkilati cəhətdən mükəmməl qurulması burada "gizli əl" olduğu haqda düşünməyə əsas verir. Bu da ancaq xarici ölkələrin agentura şəbəkəsinin bu bölgələrdə fəallığı ilə əlaqədardır. Bu bölgələrdə təkcə Rusiya yox, İranın da agentura şəbəkəsi güclü işləyir. Quba hadisələrində Rusiyanın “barmağı” üzə çıxdı. Mətbuata açıqlanmasa da istintaq bunu sübuta yetirən faktlar əldə etdi. Düzdür, hadisələrin gedişində müəyyən şəxslərin yekəbaşlığı rol oynasa da sonradan məsələnin qızışdırılmasında, təşkilatlandırılmasında xarici ölkələrin xüsusi xidmət orqanlarının böyük “əməyi” var. Yerli məmur özbaşınalığı, yerlərdə insanların ehtiyaclarına kifayət qədər səmimiyyətlə yanaşılmaması başqa problemdir. Amma hər hansı məsələdən istifadə edib sosial qarşıdurmalara çevirəndə burada mütləq başqa bir qüvvənin əli olduğunu istisna etmək olmaz. Bu araşdırılacaq və güman edirəm ki, ya cənubdan molla faktoru, ya da şimaldan SSRİ-dən qalma agentura şəbəkəsinin fəaliyyəti üzə çıxacaq. Bu hadisələrin bir neçə səbəbi varsa, ən əsası xarici ölkələrin Azərbaycanı içəridən parçalamaq, qeyri-sabitliyə, gərginliyə təhrik etməsi göz önünə gəlir".

Dünya mətbuatı İsmayıllı üsyanından yazdı

Yanvarın 23-ü axşam İsmayıllıda baş verən üsyan dünya mətbuatının əsas xəbərlərindən biri olub. Dünya mediasının öndə gələn yüzlərlə qəzet və xəbər agentlikləri aksiya ilə bağlı məlumat və faktları tirajlayıb, bu insidentlə bağlı məlumatlar yerləşdirib. Qərbin “Time”, “Washington Post”, “Associated Press”, “Denver Post”, “Huffington Post”, Rusiyanın “Ren TV” telekanalı, news.ru portalı kimi məşhur media quruluşları baş vermiş xalq etirazları ilə bağlı geniş reportajlar verib. Hadisə Türkiyə saytlarında da əksini tapıb.
“Neftlə zəngin keçmiş sovet ölkəsi olan Azərbaycanın mərkəzində kiçik avtomobil qəzası qəsəbədə gərginlik yaradıb və demokratiya sahəsində çatışmazlıqların göstəricisi olaraq yerli sakinlərlə bölgə rəsmilərini toqquşdurub” - deyə “Washington Post” yazıb.
“Washington Post” “Transparency İnternational” təşkilatına istinad edərək yazır ki, Azərbaycan korrupsiya indeksində 176 ölkə arasında 139-cu yerdə gedir: “Ölkənin neft sayəsində zənginləşməsi kiçik varlı zümrə ilə yoxsul təbəqə arasında dərin uçurum yaradıb. Bu, son bir neçə gündə Azərbaycanda rəsmilərlə sakinlər arasında baş verən ikinci toqquşmadır. Ötən şənbə günü "Binə" ticarət mərkəzinin sahibkarları rüşvətə etiraz edərək polislə toqquşmuşdu. Ondan öncə isə əsgər ölümlərinə etiraz edən yüzlərlə gənc Bakının mərkəzində aksiya keçirmişdi. İsmayıllıda baş verən hadisə nadir olay olsa da presedentsiz deyil. Ötən il Qubada üsyan edən sakinlər yerli icra hakiminin vəzifədən çıxarılmasına nail olmuşdu. Azərbaycanda bütün icra hakimlərini yerli sakinlər yox, prezident İlham Əliyev təyin edir. İcra hakimləri adətən yerli sakinlər arasından yox, başqa regionlardan seçilir. Hazırda İlham Əliyev İsveçrədə Dünya İqtisadi Forumunda iştirak edir".

Qərb analitikləri üsyanı dəyərləndirdi

2013-cü il Azərbaycanda etirazlarla başladı. İki həftə ərzində nümayişlər Bakını silkələdi, indi də İsmayıllı. İkinci gündür ki, İsmayıllı rayonunda iğtişaşlar davam edir. “Turan” bununla bağlı ABŞ analitiklərinin rəyini öyrənib.
“Bu hadisələr, həmçinin ötən il Qubada baş vermiş etirazlar göstərir ki, mərkəzi hökumət əslində Azərbaycanın regionlarına nəzarət etmir, korrupsiya ilə bağlı ciddi narazılıqlar, hakimiyyət özbaşınalığı var ki, bu da üzə çıxır” - bunu Karnegi Fondunun eksperti Tomas de Vaal bildirib.
“Azərbaycan da daxil olmaqla Qafqaz Yaxın Şərqdə və Şimali Afrikada baş vermiş sarsıntılardan sığortalanmayıb. Misirdə və digər ölkələrdə üsyanlara səbəb olmuş zəminlərin hamısı Azərbaycanda var. Lakin hər zaman nəsə yerli, spesifik olan bir şey var ki, adamların səbir kasasını daşdırır” - həmin regionlarda etnik və dini münaqişələr üzrə şərhçi Ceyms Dorsi qeyd edib.
“Azərbaycanda hökumət məmurlarına qarşı etirazlara əsas olan iki şey var: korrupsiya və iqtisadi sıxışdırmalar. Neft və qazın satışından asılı olan ölkədə adamların çoxu çətinliklə dolanır və onların yoxsul vəziyyətinə məhəl qoymayan məmurların münasibətindən hiddətlənir” - analitik Maykl Bişku belə hesab edir.
Avtoritar rejimə qarşı müxalifət hərəkatının mümkün perspektivlərinə toxunan M.Bişku iki mümkün variantı göstərib: 1) əgər kütlə siyasi rəhbərləri dəyişikliklərin vacibliyinə və müqavimətin faydasız olduğuna inandırırsa, dinc yolla müsbət dəyişikliklərə nail olmaq; 2) silahlı müqavimət hərəkatının inkişafı ki, buna da hakim rejim hərbi yolla qalib gələ bilər. O, birinci variantın baş verəcəyinə ümidvar olduğunu bildirib.
Bəzi müşahidəçilər bu hadisələri ərəb üsyanları ilə müqayisə edərək “Azərbaycan baharı”nın başlaması adlandırır. Uzun müddət Qafqazda çalışmış tanınmış ekspert Karl Rader baş verənlərlə bağlı öz fikrilərini bölüşüb. Olayları qiymətləndirən ekspert deyib ki, ötənilki Quba hadisələri ilə müqayisədə hakimiyyətin taktikasında dəyişiklik görür: “Onda çoxsaylı nümayişçi həbs olunmuşdu, həm də yerli icra hakimiyyətinin rəhbəri vəzifəsindən çıxarılmışdı. Bu, adamları sakitləşdirmək üçün edilmişdi. Lakin yanvarın 24-də Əli Həsənovun (Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri-red.) verdiyi bəyanatdan belə çıxır ki, spontan qiyamlar Azərbaycanın özünə olan hücumdur. Əsasən o deyib ki, bəzi adamlar bu hadisələrdən Azərbaycan dövlətçiliyinə qarşı istifadə edir. O, günahkarları həbslə hədələyib ki, bu da məmurların yox, nümayişçilərin təqib olunması deməkdir. Həsənovun kimin adından - özünün və ya hələlik susan hökumətin adından danışması hələ məlum deyil. Bunu ən yüksək səviyyədə yüngül çaxnaşma kimi qiymətləndirmək olar ki, günahı üzərinə yıxmağa adam axtarırlar. Lakin məsələ bundadır ki, Bakıda nümayişlər zamanı tanınmış fəalların və müxalifətçilərin həbsi hakimiyyət üçün təhlükəli deyil, nəinki rayonlardakı adi vətəndaşların həbsi. Burada vətəndaşların qəzəbi başqadır və çox xoşagəlməz nəticələrə səbəb ola bilər”.
“Hakimiyyət İsmayıllı və Quba hadisələrindən hansı nəticəni çıxarmalıdır” sualının cavabında K.Rader deyib ki, Qubadan başlamış Bakı və İsmayıllıdakı etirazlara qədər hadisələri bir mühüm amil birləşdirir - bu, orqanik etirazlardır: “Yəni bunlar yuxarıların göstərişi ilə baş verməyib, təbii, spontan xarakter daşıyır. Bu da o deməkdir ki, hökumətin təzyiqlərinə məruz qalan adi müxalifət partiyaları adi adamların etirazlarını əsaslandırmaq üçün artıq lazım deyil. Və qəflətən etirazlar baş verəndə, xüsusən də Bakıdan kənarda, hökumət narahat olmalı və buna necə reaksiya vermək barədə düşünməlidir”.
“Bu hadisələr ərəb baharı üsyanını xatırladırmı” sualının cavabında K.Rader bildirib ki, hələlik hökumətin devrilməsi məqsədilə Azərbaycan xalqından təkan yoxdur: “Lakin mən adamların yoxsulluq içində yaşadığı, onların səsinin eşidilmədiyi yerlərdə bu narazılığı qiymətləndirməyənlərə xəbərdarlıq etmək istərdim. İlham Əliyev atasından qalma idarəçilik mexanizmini genişləndirib və dərinləşdirib. Baş verənlər genişlənməsə və Azərbaycan cəmiyyətində dərin irəliləyişə gətirib çıxarmasa, bu hadisələr oktyabr seçkilərinə təsir göstərməyəcək”.
Qərbin bu vəziyyətə reaksiyası necə olacaq? Bu sualın cavabında ekspert deyib ki, Qərb hökumətlərinin əksəriyyəti müşahidələri davam etdirir, hökumətin vəziyyətə nə dərəcədə nəzarət edəcəyi və İsmayıllı hadisələrinin nəticələrinin öhdəsindən necə gələcəyi ilə bağlı qiymətləndirmələr aparır.