BolgeXeber.Com » Gündəm » Bu gün 36883 abituriyent tələbə adı uğrunda mübarizə aparacaq

Bu gün 36883 abituriyent tələbə adı uğrunda mübarizə aparacaq

21-07-2013, 10:25
Oxunub: 3 645 Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.

Bolgexeber.com-un apa-ya istinadən verdiyi xəbərə görə, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 69 binada keçirilir. İmtahanların idarə olunması üçün 275 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2980 nəzarətçi-müəllim cəlb olunub.

2013-cü ildə I qrup üzrə 36883 abituriyent ərizə təqdim edib. Onlardan 34240 nəfəri Azərbaycan bölməsinin, 2643 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 22372 nəfərini oğlanlar, 14511 nəfərini isə qızlar təşkil edir. 21210 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 13766 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 200 abituriyent xarici ölkələrin vətəndaşıdır. 150 abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 1757 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc isə 1998-ci ildəndir.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq. İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən I ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək. I ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər. Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 6-dan 15-dək internet vasitəsilə aparılacaq.