BolgeXeber.Com » Gündəm » Oliqarxlarımız Bolqarıstanı alır

Oliqarxlarımız Bolqarıstanı alır

27-07-2013, 11:15
Oxunub: 3 271 Maraqlıdır ki, Bolqarıstanda alqı-satqı ilə bağlı pul köçürülməsi Türkiyə bankları üzərindən aparılır
Qara dəniz sahillərində ortaq büdcədən oğurlanan pullar “yuyulur”İqtisadi böhranın yıxdığı ölkədə dəniz kənarında 20-23 mənzildən ibarət apartamentlər azərbaycanlı məmurlar üçün su qiymətinədir; hesablaşmalar Türkiyə bankları üzərindən aparılır; əmlak alanlar sırasında kimlər var?
Bolqarıstanda ötən ilin sonlarından başlayan iqtisadi və siyasi böhran özünün ən pik həddinə çatıb. Paytaxt Sofiyada bu həftə də mitinqlər ara verməyib və ciddi qarşıdurmalar qeydə alınıb. Qeyd edək ki, Bolqarıstanda sosialistlərin üstünlük təşkil etdiyi koalisiya hökumətinə qarşı etiraz aksiyaları 40 gündən çoxdur ki, davam edir. Paytaxt Sofiya və digər şəhərlərdə küçələrə on minlərlə adam çıxıb.
Sosialistlərin üstünlük təşkil etdiyi koalisiya hökuməti bu ilin mayında, əvvəlki kabinet istefa verdikdən sonra keçirilən erkən parlament seçkiləri nəticəsində hakimiyyətə gəlib. Amma onlar da ölkəni iqtisadi böhrandan çıxara bilmirlər.
Dünyanın bir sıra varlı adamları isə yaranmış böhranı həmişə olduğu kimi, öz mənfəətləri və kapitallarını artırmaq üçün fürsət bilirlər.
Redaksiyamıza daxil olan məlumatda deyilir ki, son aylar Azərbaycanın məmur-oliqarxları da cidd-cəhdlə Avropada, xüsusilə də Bolqarıstanda əmlak almaq işinə girişiblər.
Bolqarıstan paytaxtında yaşayan həmyerlilərimizdən birinin dediyinə görə, indi ölkənin ən bahalı kurort şəhərlərində belə villalar 50 min avrodan artıq deyil: “Halbuki 1 il əvvələdək bu evlərin 150 min avrodan aşağı almaq olmazdı. Bolqarıstanda hətta dəniz kənarında ən yaxşı görünüşlü 20-23 mənzildən ibarət apartamentlər indi azərbaycanlı məmurlar üçün su qiymətinədir. Əvvəllər kvadratı 1250 avrodan aşağı olmayan bu apartamentləri indi kvadrata görə 600 avrodan da ucuz almaq mümkündür. Ona görə indi Bolqarıstanın sərhəd olduğu Rumıniya və Türkiyədən xeyli sayda varlı adamlar ölkəyə axın edib. Mənzil alverçiləri o qədər artıb ki, onlar aeroportda durub əcnəbi gözləyirlər”.
Mənbəmiz deyib ki, azərbaycanlılar da son aylar Bolqarıstanda çoxalıblar və onların böyük əksəriyyəti Qara dəniz sahillərindəki Sandanski, Xisarya, Albena və Pomoriye kimi kurort zonalarında əmlak alırlar: “Mənə ev biznesi ilə məşğul olan ortabab brokerlərdən biri dedi ki, Azərbaycanın varlı ölkə olduğunu bilsə də, bu cür təsəvvür etmirmiş. Onun dediyinə görə, hazırda elə sənədləşmə (alqı-satqı) müqavilələri var ki, dəyəri bir neçə milyondur. Yəni bizim varlılar bir neçə villa və apartamentləri bir dəfəyə alır”.
Maraqlıdır ki, Bolqarıstanda alqı-satqı ilə bağlı pul köçürülməsi Türkiyə bankları üzərindən aparılır. Yəni bu əməliyyat həm də çirkli və hakimiyyətin qeyri-rəsmi ortaq büdcəsindən oğurlanan pulların “yuyulması” prosesi olduğu üçün məmurların son dərəcə ehtiyatlı olmasını tələb edir.
Başqa bir mənbənin bu mövzuda xəbəri də maraqlıdır. Qaynağımızın dediyinə görə, Bolqarıstanda əmlakın ən aşağı həddə ucuzlaşması və məmur-oliqarxların bu ölkəyə biznes marağından məlumatlı olan hakimiyyət bu məsələni ciddi nəzarətə alıb. Bolqarıstana hətta turist kimi gedənlərin kimliyi ilə də ciddi maraqlanırlar. Ona görə də bu əməliyyatların hamısı Türkiyə üzərindən aparılır. “Türkiyənin turist firmaları ilə maraqlansanız görəcəksiniz ki, Bolqarıstana gedənlərin arasında azərbaycanlılar da kifayət qədərdir. Onlar bunu Türkiyədən Bolqarıstana turist səfərlərinin ucuz olması ilə izah etsələr də, əsl səbəb nəzarətdən yayınmaqdır” deyə, məlumatlı mənbə bildirib.
Məlumatlarda o da deyilir ki, Bolqarıstandakı əmlak alınması prosesində hələ ki ən açıq tərəf ARDNŞ prezidenti Rövnəq Abdullayevdir. Yəni heç nədən çəkinməyərək öz adamlarını danışıqlara göndərən yeganə məmur hələ ki R.Abdullayevdir. Ola bilsin ki, buna səbəb ARDNŞ xətti ilə Bolqarıstanda da iri kurort zonalarının alınmasıdır. Əgər ARDNŞ xətti ilə Monteneqroda olduğu kimi, bütöv bir kurort adasının (və ya bölgəsinin) alınması razılaşdırılsa, onda xəlvəti əmlak alan məmurların vəziyyəti yaxşı olmayacaq.
Xəbərlərə görə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovunun Bolqarıstana marağı böyükdür və tez-tez bu ölkəyə gedir. Onun yaxın adamları vasitəsilə burada iri zavod və fabriklər yönləndirdiyi iddia olunur. Həm də kənd təsərrüfatı ölkəsi olan Bolqarıstana kənd təsərrüfatı naziri İsmət Abbasovun da ilgisi olduğu deyilir. Biznes işlərində də yaxşı anlayan nazirin bu fürsəti əldən buraxacağı inandırıcı deyil. Vergilər naziri Fazil Məmmədovun da adı Avropada biznesi olanların sırasında çəkilir. Məlumlarda onun konkret Bolqarıstana maraq göstərdiyi deyilməsə də, nazirin yaxın çevrəsinə aid olan şəxslərin Almaniyada biznes qurduqlarına dair xəbərlər yeni deyil. Məlumatda qeyd olunur ki, F.Məmmədovun yaxınları Almaniyanın iki şəhərində fabrik yaradıblar. Həmin fabrikləri yaxın qohumlarından birinin idarə etdiyi qeyd olunur.
Xəbərdə o da bildirilir ki, Fazil Məmmədovun həmin fabriklərə şəxsən baş çəkmək imkanı olur. Belə ki, nazir müalicə üçün Almaniyaya gedən zaman fabriklərə baş çəkir.
musavat.com