BolgeXeber.Com » Gündəm » Sumqayıtda bağ sənədi ilə olan evlər sökülür

Sumqayıtda bağ sənədi ilə olan evlər sökülür

28-07-2013, 12:30
Oxunub: 3 258 Sumqayıt şəhərində 11-ci mikrorayonda BTZ deyilən ərazidə yaşayan insanların evləri Sumqayıt Şəhər İcra Hakimiyyətinin göstərişi ilə sökülür. Insanların etirazına baxmayaraq, bu söküntü davam edir və müdaxilə edən sakinləri polis gücü ilə zərərsizləşdirirlər. Bu ərazidə evi olan sakinlərin bağ sənədi var və uzun illərdir ki, bu sənədlə yaşayırlar. Bu söküntünün qanunsuz olmasını göstərən digər səbəb, heç bir məhkəmə qərarının olmamasıdır. İnsanların şəxsi mülkiyyətini qanunsuz tikili adı ilə sökürlər.

Həmin ərazidə yaşayan və evi sökülənlərdən biri də AXCP Sumqayıt şöbəsinin Məclis sədri Ülvi Quliyevdir. Ülvi Quliyev “Azadlığ”a açıqlamasında bildirib ki, 5 il əvvəl aldığı, imkansızlıq səbəbindən tam tikib qurtara bilmədiyi evi buldozerlə sökməyə başlayıblar: “Mən oğurluq etmirəm, yüksək vəzifəm yoxdur ki, ev tikəm. Kasıbçılıqla tikib başa çatdırmaq istədiyim evi xəbər tuturam ki, Icra Hakimiyyəti sökür. Zəng edib izahat istəyirəm, kobud cavab verirlər və özlərini təqdim etmirlər. Axı biz də bu ölkənin vətəndaşıyıq. 3 sot həyətyanı sahədə tikilən 2 otaqlı evimi xəbər etmədən sökmək insanlığa yaraşan hal deyil. Mən rüsum ödəmişəm, etibarnaməm var. Indi öz evimi müdafiə edə bilmirəm. Polis gücünə, dubinka gücünə söküntü aparırlar. Guya qanunsuz tikilidir. Əvvəla Azərbaycanda 100 minlərlə qanunsuz tikili var. Necə olur ki, rüşvət alıb evin tikintisinə icazə verəndə qanunsuz olmur, insanlar uzun müddət yaşayandan sonra qanunsuz olur. Mən belə başa düşürəm ki, bu, pul yığmaq üçün atılan addımdır”.