BolgeXeber.Com » Gündəm » "Xutor" sakinləri ev üsyanına qalxdı-VİDEO

"Xutor" sakinləri ev üsyanına qalxdı-VİDEO

1-08-2013, 10:45
Oxunub: 4 271 «Kompensasiya bazar qiymətlərinə uyğun verilməyənə qədər evlərimizin sökülməsinə razı olmayacağıq»

Bakı qarış-qarış sökülür. Füzuli, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, “Qara şəhər”, “Sovetski”, Içərişəhər, Zığ, Böyük Şor... Siyahını on iki bağırsaq qədər uzatmaq da olar. Ancaq ehtiyac yoxdur. Uzun zamandan sonra növbə “Xutor”a da çatdı. Ölkə başçısının iqamətgahına gedən yolun genişləndirilməsi məqsədi ilə ərazidəki evlər sökülür. Bir müddət öncə yolun bir hissəsində yerləşən mənzillər yerlə-yeksan edilmişdi. Sahiblərinə isə evin hər kvadrat metri üçün 700-800 manatdan kompensasiya vermişdilər...
Xanım Yusubova bir övladı ilə kiçik bir mənzildə yaşayır. BŞIH-in işçiləri ona deyiblər ki, mənzili sökülməyəcək: “Bunu anlamaq olmur. Hər tərəf yol olacaq, mənim evim ortada qalacaq. Toz-torpağın içində yaşamaq olar? Oğlum deyir ki, gedək kirayədə qalaq. Ancaq hansı pulla? Bizə normal pul versinlər, gedək özümüzə mənzil alaq”.
Xanım Yusubovanın sözlərinə görə, ondan 200 manat pul alıblar: “Pulu layihəyə görə aldılar. Dedilər ki, burada ev sökülməyəcək”.
1988-ci ildən burada məskunlaşan Tamam Quliyevanın evinin sahəsi 200 kvadrat metrdən çoxdur. Onun sözlərinə görə, hər kvadratmetr üçün kompensasiya 900 manat deyilib: “Indi qiyməti qaldırıb 1080 manat ediblər. Mənə pul lazım deyil. Evimdə 5 ailə yaşayır. Mənzilimin sahəsi qədər başqa bir yerdə ev versinlər, çıxıb gedim. Prezidenti niyə dinləmirlər? Onun sərəncamına niyə qulaq asmırlar? 3 ildir bizi boğaza yığıblar. Hamı xəstəlik tapıb, əsəblərimizi korlanıb”.
Biz oranı tərk edəndə söküntü işləri daha sürətlənmişdi. Polislər, mülki geyimlilər hamı bir-birinə qarışıb məsələni tez yekunlaşdırmaq istəyirdi. Toz-torpaq isə ərşə dirənmişdi.
Oruc tutduğunu deyən bir polis iftara 6 saat qalmış sərin su içib, yenidən söküntü işi olan tərəfə getdi: “Dözmək olmur qardaş, dözmək olmur...”.
Ramin DEKO