BolgeXeber.Com » Gündəm » 17 saylı Cəzaçəkmə Müəssisəsində nə baş verir?

17 saylı Cəzaçəkmə Müəssisəsində nə baş verir?

5-08-2013, 11:25
Oxunub: 4 897 Elçin Behbudov: «Bu Cəzaçəkmə Müəssisəsində baş verənləri qapalı saxlayırlar və araşdırma aparmaq üçün mənə imkan vermirlər»
Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində 6 məhbusun özünə bıçaqla xəsarət yetirməsi haqqında məlumat vermişdik. Bu şok olayla bağlı Gunxeber.com-a sözügedən həbsxanada cəza çəkən məhbusların yaxınları məlumat verib. Onların sözlərinə görə, beş nəfər dustaq 17 saylı Cəzaçəkmə Müəssisəsinə yeni təyin olunan rəis əvəzi Elçin Əlicanovun qanunsuz davranışına və dustaqları incitməsinə etiraz olaraq özlərini doğrayıblar.
Məhbus yaxınları özlərinə qəsd edən dustaqların adlarını da çəkiblər. Bunlar Orxan Xurşudlu, Seyran Cahangirov, Ceyhun Hadıyev, Səxavət Kərimov və Telman Əsədovdur. Adı dəqiq məlum olmayan məhbuslardan biri isə, boğazını kəsib.
Xəbərdə bildirilir ki, əgər əvvəllər kamerada eyni vaxtda 20-25 nəfər olurdusa, indi eyni vaxtda kamerada 60-70 dustaq olur. Rəis əvəzi yeri gəldi-gəlmədi dustaqları karsa salır.
Pentensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov bildirdi ki, 17 saylı cəzaçəkmə müəssisəsində daxili nizam-intizam qaydasını pozan bir neçə məhbus cərimə təcridxanasına salınıb: “17 saylı cəzaçəkmə müəssisəsində heç kim özünə xəsarət yetirməyib və bu dezinformasiyadır. Əgər belə bir hal baş versəydi, həmin müəssisəyə həkimlər çağırılardı, müəyyən tədbirlər görülərdi. Sadəcə olaraq bir neçə məhbus daxili nizam-intizam qaydalarını pozduğuna görə cərimə təcridxanasına salınıb. O ki, qaldı kamerada 60-70 dustağın saxlanılmasına, bu absurddur. Kamerada 20 adam da saxlanılmır”
Işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bildirdi ki, 17 sayllı Cəzaçəkmə Müəssisəsindən bir neçə məlumat daxil olub, ancaq bu hadisələri qapalı saxlayırlar:"Mənə məlumat gəlib ki, ötən gün 17 saylıda bir məfər məhbusu döyərək öldürüblər və 6 nəfər də özünə xəsarət yetirib. Ancaq bu baş verənlərlə bağlı məlumatlı gizli və qapalı saxlanılır. Od olmayan yerdən, tüstü çıxmaz. 2010-cu ildən məni Ədliyyə Nazirliyinin tabeliyində olan cəzaçəkmə müəssisələrinə buraxmırlar. Çünki, mən həmişə haqlı tənqid etmişəm. Məni cəzaçəkmə müəssisələrinə buraxmamaq işgəncələrin gizlədilməsi, qeyri-insani rəftarın ört-basdır edilməsidir. Istədikləri kimi, birtərəfli araşdırma aparırlar. Biz isə bu araşdırmaları şəffaf qiymətləndirmirik"
Keçmiş siyasi məhbus Sahib Kərimli bildirdi ki, 17 saylı Cəzaçəkmə Müəssisəsi digər cəzaçəkmə müəssisələri ilə müqayisədə daha ağır şəraitdədi: “17 saylıda otaqlar daha balacadı, məhdud tikililərdən ibarətdir. Bildiyim qədər həmin cəzaçəkmə müəssisəsi əvvəllər həbsxana kimi nəzərdə tutulmayıb. Ümumiyyətlə bütün həbsxanalarda dustaqlar mövcud şəraitə etiraz edəndə bıçaqla damarlarını kəsirlər. Yəni, belə təcrübə çox müşahidə olunub. Normadan artıq yerləşdirmələr də baş verir. Hətta dustaqları aparan maşınlarda da bu hal müşahidə edilir. 10 nəfər üçün nəzərdə tutulan yerə, 15-20 nəfər yerləşdirirlər. Bu kimi hallarda məhbuslar arasında etirazla qarşılanır”
Bolgexeber.com