BolgeXeber.Com » Gündəm » Məhkəmə avtomobillə Vətən müharibəsi iştirakçısını vuraraq öldürən sərxoş sürücü ilə bağlı qərar çıxardı

Məhkəmə avtomobillə Vətən müharibəsi iştirakçısını vuraraq öldürən sərxoş sürücü ilə bağlı qərar çıxardı

3-11-2023, 14:05
Oxunub: 1 480

Bakı Apellyasiya Məhkəməsində Goranboyda içkili vəziyyətdə iki piyadanı vuraraq öldürməkdə təqsirləndirilən sürücü Abbas Abbasovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bölgə TV-nin əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Abbasov 4 il sürücülük hüququndan mərhum edilməklə 8 il 6 ay həbs cəzasına məhkum olunub. İttihama görə, hadisə Bakı-Qazax yolunun Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Goranboyda toydan sərxoş vəziyyətdə qayıdan Abbas Abbasov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarında dayanan “Toyota” və “Mercedes-Benz” markalı minik maşınlarına çırpılıb.

Hadisə nəticəsində “Toyota”nın sürücüsü, 2000-ci il təvəllüdlü Ayxan İsgəndərov və “Mercedes-Benz”in sürücüsü, 1986-cı il təvəllüdlü Rəşad Hüseynov ölüblər. Həlak olan Ayxan İsgəndərov 44 günlük Vətən müharibəsi iştirakçısı olub.