BolgeXeber.Com » Analitika » Dəhşətli yanğının bir ayı: yeni sensasion məlumatlar

Dəhşətli yanğının bir ayı: yeni sensasion məlumatlar

18-06-2015, 10:28
Oxunub: 3 868 Dəhşətli yanğının bir ayı: yeni sensasion məlumatlarAbid Şərifovun kodlu mesajları; Həbs edilənlər iş üzrə şikayət verməyiblər; general qardaşının həbsini soyuqqanlı qarşılayıb; Avropa Oyunlarından dərhal sonra bu işlə bağlı bir neçə iri məmurun da işdən çıxarılacağı iddia olunur - onların sırasında iki icra başçısı da var

Mayın 19-da 15 nəfərin ölümünə, 56 nəfərin isə xəsarət almasına səbəb olan dəhşətli yanğından bir ay ötür.

Yanğınla əlaqədar poliuretan məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bundan sonra daha bir sensasion həbs gerçəkləşdi. Belə ki, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov tutuldu. Onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçildi. Qəzənfər Novruzov Naxçıvan Muxtar Respublikasının daxili işlər nazirinin müavini, general-mayor Səbuhi Novruzovun qardaşıdır. Səbuhi Novruzov isə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun bacısının həyat yoldaşıdır. Q. Novruzovun digər bir qardaşı Bakı Şəhər Yaşıllaşdırma İdarəsinin rəisidir.

Xətaidəki poliuretan üzlüklə binanı üzləmiş “TNH” səlahiyyətlisi Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov da saxlanaraq barələrində həbs-qətimkan tədbiri seçilib. Binəqədidə və Xətaidə binalarda baş verən yanğınlarla bağlı işlər eyni icraatda birləşdirilərək Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılır.

Baş Prokurorluq bildirib ki, istintaq davam edir və hadisənin baş verməsində təqsiri olan digər vəzifəli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək onların məsuliyyətə cəlb olunması istiqamətində istintaq əməliyyat tədbirləri aparılır.

Binəqədidəki yanğından sonra ölkə başçısının tapşırığı ilə bütün ölkə boyu yanğına davamsız materialla üzlənmiş binaların üzlüyü sürətlə sökülüb və yenilənib.

İstintaqa yaxın mənbələrdən aldığımız xəbərə görə, bu məsələ Avropa Oyunları ilə bağlı nisbətən arxa plana keçsə də, araşdırmalar davam edir. İş üzrə həbs edilənlər Bakı İstintaq Təcridxanasında saxlanılırlar. Maraqlıdır ki, iş üzrə saxlanılanların heç biri həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apelyasiya şikayəti verməyib. Görünür, bu şikayətin təmin olunmayacağını əvvəldən bildikləri üçün bu addımı atmayıblar. Generalın qardaşına gəlincə, məlumatlara görə, Novruzovlar bu həbsi soyuqqanlı qarşılayıblar. Çünki Q.Novruzovun bu iş üzrə olmasa da, həbs ediləcəyi gözlənilən idi, hətta onun axtarışda olduğu barədə də məlumat vardı. İstintaqa yaxın mənbəmizin iddiasına görə, V.Talıbov da özünü bu həbs məsələsindən kənarda saxlayıb və demək olar ki, bu işlə maraqlanmır. Q.Novruzova vəkil tutulsa da, onun adı da hələ ki mediaya açıqlanmır.

Mənbəmiz deyib ki, Avropa Oyunlarından dərhal sonra prezident İlham Əliyevin yanğınla bağlı Dövlət Komissiyasının növbəti iclasını keçirəcəyi (Avropa Oyunlarının bağlanışı həlak olanların 40 mərasimi ərəfəsinə təsadüf edəcək) gözlənilir. Dövlət Komissiyası təkcə Binəqədidə deyil, həmçinin Xətaidəki yanğınla bağlı da tam hesabat hazırlayıb prezidentə təqdim etməlidir.

Qaynağımız deyib ki, Dövlət Komissiyası hər iki binanın niyə və nədən yanması ilə bağlı dəqiq məlumat verməli, bu işdə məsuliyyətsizlik edən bütün dövlət qurumlarının adını çəkməlidir. Çünki dövlət başçısı komissiyanın iclasında “hamı məsuliyyəti bir-birinin üzərinə atmaq istəyir” deyərək hüquq-mühafizə orqanlarından ciddi araşdırma tələb edib. Bu səbəbdən də komissiyanın sədri Abid Şərifov “heç kimin məsuliyyətini üzərimə götürən deyiləm” kimi mesaj göndərib və faktiki bir neçə məmuru çətin sınaq gözlədiyinə işarə edib. Hər halda, istintaqdan gələn xəbərlər Avropa Oyunlarından dərhal sonra bu işlə bağlı bir neçə iri məmurun işdən çıxarılacağını göstərir.

Onların sırasında Xətainin icra başçısı Razim Məmmədovun da adı var. Məlumata görə, Xətaidəki yanmış bina ilə bağlı gözlənilməz həbslər icra başçısını çıxılmaz vəziyyətə salıb. Həbs edilənlər isə məsuliyyəti Xətai İcra Hakimiyyətinin yetkililərində görürlər. Bu səbəbdən də icra başçısının istintaqda ifadəsi alınıb. Son günlər Xətai İcra Hakimiyyətində də icra başçısının işdən çıxarılacağı barədə məlumatlar dolaşır.

Bu arada daha bir yanğın hadisəsinin Sumqayıtın icra başçısı Eldar Əzizovun karyerasına təhlükə yaratdığı barədə məlumatlar da diqqətçəkəndir. Məlumatlara görə, Sumqayıtda mərhum prezident Heydər Əliyevin poliuretan üzlüklə üzlənmiş portretinin yanmasına görə Eldar Əzizov hədəfə gəlib (istiqlal.az). Məlumatda bildirilir ki, hadisədən bir neçə gün sonra icra başçısı Prezident Administrasiyasına çağırılıb. Eldar Əzizov olaya görə sərt şəkildə danlanıb. Ona vəzifəsinin öhdəsindən gələ bilməməsi və buna görə işdən çıxarıla biləcəyi barədə xəbərdarlıq edilib. Bildirilir ki, hadisə ilə bağlı Prezident Administrasiyasına ötürülən məlumatda Eldar Əzizovla bağlı digər neqativ qeydlər yer alıb. Bundan xəbər tutan icra başçısı yanğın hadisəsini özünə təxribat kimi qiymətləndirib. Bildirilir ki, Eldar Əzizov yaxın çevrəsinə Sumqayıt İcra Hakimiyyətində onunla bağlı “yuxarılar”a donos ötürənlərin olduğunu bildirib.

İddiaya görə, son vaxtlar Eldar Əzizov hakimiyyətin təbliğatı işində xeyli passivləşib və bu da onun adının “qara siyahı” da olması ilə bağlıdır...

“Yeni Müsavat”