BolgeXeber.Com » Analitika » Fırıldaqçıların xaricdə asan təhsil vədləri və ya TQDK-nın nəticələri

Fırıldaqçıların xaricdə asan təhsil vədləri və ya TQDK-nın nəticələri

19-06-2015, 09:06
Oxunub: 4 947 Fırıldaqçıların xaricdə asan təhsil vədləri və ya TQDK-nın nəticələriNazirlik xəbərdarlıq edir ki, vətəndaşlar imtahansız və natamam sənədlərlə xarici ali təhsil müəssisələrinə qəbul təklif edən bu şirkətlərlə qarşılıqlı əməkdaşlıq nəticəsində maddi və mənəvi zərər görə bilərlər

Ötən həftə Türkiyə universitetlərində oxumaq istəyən xarici ölkə vətəndaşları üçün məcburi olan YÖS (Yabancı Öğrenci Sınavı) imtahanın ləğv edilməsi ilə bağlı məlumat yayıldı

Xəbərdə bildirildi ki, 26 ölkə ilə yanaşı Azərbaycanda da YÖS imtahanı ləğv edilib.

YÖS imtahanlarının ləğvi ilə Türkiyə universitetlərinə qəbul bir qədər məhdudlaşdırıldı.

Bundan əvvəl isə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən yeni dəyişikliklərlə xarici universitetlərdə oxumaq istəyən tələbələrə əlavə məhdudiyyətlər qoyulmuşdu. Yeni dəyişikliklərə əsasən, gələn tədris mövsümündən yalnız müvafiq siyahıdakı xarici ölkə universitetlərində oxuyan gənclərə hərbi xidmətdən möhlət hüququ veriləcək. Siyahıya daxil olmayan xarici universitetlərdə təhsil alanlara isə bu hüquq verilməyəcək.

Doğrudur, rəsmilər sözügedən dəyişikliyi məhdudiyyət kimi deyil, xarici universitetlərdə qəbul məsələsindəki pərakəndəliyin aradan qaldırılması cəhdi kimi qiymətləndirir. Bundan əlavə, iddia olunur ki, yeni qanun xaricdə oxumaq bəhanəsi ilə əsgərlikdən yayınmaların qarşısını ala biləcək.

Qanun müzakirə olunarkən spiker Oqtay Əsədovun dedikləri də bunu söyləməyə əsas verir: “5 minə yaxın tələbə lazımsız təhsillə, diplom almaqla məşğul olub. 1200 magistrə də möhlət hüququ veriləndən sonra hansı vəziyyətin yaranacağını təsəvvür etmək çətin deyil. Ona görə də lazımsız təhsilin qarşısını almaq lazımdır”.

Spikerin birinci müavini Ziyafət Əsgərov isə xarici ölkələrdə təhsil alanlara möhlət verilməsi çağırışdan yayınma ilə bağlı hallara yol açdığını bildirmişdi: “Sonradan Təhsil Nazirliyi bəzi belə şəxslərin xaricdəki bir sıra ali məktəblərdən aldıqları diplomları tanımaqdan imtina edib. Qanun bu sahədəki çatışmazlığı aradan qaldırmaq üçün hazırlanıb”.

Fırıldaqçıların xaricdə asan təhsil vədləri və ya TQDK-nın nəticələriSözügedən qanuna edilən dəyişikliyin necə izah edilməsindən asılı olmayaraq yenilik xüsusilə dövlət proqramından kənar xaricdə oxumaq istəyənlərin seçim imkanlarını məhdudlaşdıracaq.

Beləliklə, bu ildən tələbə olmaq istəyənlərdən xüsusi diqqət tələb olunur, əks halda nüfuzlu xarici universitetlərdə təhsil vəd edən fırıldaqçıların toruna düşəcəklər.

Əslində söhbətimizin mövzusu da elə məhz onlar - hər ilin bu vaxtı aktivləşən təhsil fırıldaqçılarıdır.


“Oğlum İngiltərədə təhsil alacaq...”

“Oğlum imtahanda yaxşı bal yığa bilmədi. Halbuki 10 və 11-ci siniflərdə oxuyanda müəllim yanında hazırlaşmışdı. Sonradan öyrəndim ki, müxtəlif firmalar dünyanın dörd bir yanına tələbə göndərir. Bir neçəsi ilə əlaqə saxladım, yalnız attestatla istənilən dövlətdə oxuya bilərmiş. Biz də İngiltərə universitetlərini seçdik” - bunu virtualaz.org saytının müxbiri ilə söhbətində Bakı şəhər sakini Əhməd Səmədov deyir.

Övladı bu il məzun olan Ə.Səmədov qanuna yeni dəyişiklikdən sonra universitet seçimində tərəddüd etdiyini söyləyir: “Bizim seçdiyimiz universitetin siyahıda olub-olmayacağını bilmirik. Firmalar isə əmin edirlər ki, onlar yalnız Təhsil Nazirliyi tərəfindən tanınan universitetlərlə əməkdaşlıq edirlər. Yəni sonradan problem yaşamayacağıq. Hələlik gözləyirəm. Tək biz deyilik. Çoxları tərəddüd içindədir, xüsusilə oğlan uşaqları olan valideynlər narahatdır”.

Malik Məmmədov adlı valideyn isə deyir ki, qızı xaricdə təhsil təşkil edən vasitəçilərin köməyi ilə Ukraynada ali məktəbə daxil olub: “Qızım Ukraynada təhsil alır. Firmaya sənədlərin göndərilməsindən tutmuş yol puluna qədər bütün xərcləri ödəmişəm. Amma sonradan öyrəndim ki, diplomların tanınmasında çətinlik çəkəcəyik. Çünki əksəriyyət təhsilini başa çatdırsa da hələ diplomlarını təsdiqlətdirə bilməyib. Firma isə buna görə məsuliyyət daşımır. Ukraynada baş verən müharibəyə görə qızımın Bakıdakı ali məktəblərdən birinə köçürülməsini istəyirdim. Onda da məlum oldu ki, imtahansız universitetlərə qəbul olunan tələbələri Azərbaycandakı ali məktəblər qəbul etmirlər”.

Vəfa Həsənovanın oğlu Aydın da imtahansız universitet tələbəsi olub. Vəfa Həsənova söyləyir ki, oğlu Türkiyədə təhsil alır, amma onlara söz verildiyi kimi, İstanbul və Ankaranın nüfuzlu universitetlərini seçmək imkanları olmayıb: “Elanda İstanbul və Ankaranın dövlət ali məktəblərinin adı yazılmışdı. Bizə dedilər ki, Türkiyənin diplomları tanınır. Sonradan bildik ki, oğlumun oxuduğu məktəb adi, bizim kollec səviyyəsindədir. Üstəlik, hərbi xidmətə aparılacağını dedilər”.

Qeyd edək ki, hazırda dövlət proqramından kənarda yüzlərlə tələbə xaricdə təhsil alır.

TQDK-nın açıqlamalarını da nəzərə alsaq...

Qanunda edilən dəyişiklik, YÖS imtahanlarının ləğvi və ardından Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) imtahanların nəticələri ilə bağlı açıqlamaları ilə xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkənin əlinə daha bir fürsət düşdü.

Bundan sonra sosial mediada, şəbəkələrdə, radio və televiziya kanallarında xaricdə təhsil elanları dərhal çoxaldı. Bu məzmunda: “Narahatçılığa əsas yoxdur. Riyaziyyat, məntiq, kimya, ədəbiyyat və ya xarici dil bilmədən də nüfuzlu beynəlxalq universitetlərdə oxumaq mümkündür. Dünyaca tanınan ali məktəblərə imtahansız qəbul...”

Firmaların təkliflərinə nəzər salaq.

Sosial şəbəkələrdə “İnter Bridge Educational Centre” səhifəsindəki elandan: “İmtahansız qəbul (attestatla, texnikum diplomu ilə). Ukraynada Taras Şevcenko adına Kiyev Dövlət Universiteti, Boqomolets adına Kiyev Dövlət Tibb Universiteti, Kiyev Dövlət Aviasiya Universiteti, Kiyev Dövlət Texniki Universiteti, V.Getman adına Kiyev Dövlət İqtisad Universiteti, Kiyev Dövlət Texnologiya və Dizayn Universiteti, Kiyev Dövlət Nəqliyyat Universiteti, Sumı Dövlət Universiteti, Xarkov Dövlət İqtisad Universiteti, Xarkov Dövlət Aviasiya Universiteti, Beketov adına Xarkov Dövlət Şəhər Təsərrüfatı Universiteti, Xarkov Dövlət Avtomobil Yolu Universiteti, Xarkov Dövlət Texniki Universiteti, Xarkov Dəmir Yolu Akademiyası, Xarkov Dövlət Radioelektronika Universiteti, Xarkov Dövlət Bədən Tərbiyəsi Universiteti, Xarkov Dövlət Mədəniyyət və İncəsənət Akademiyası, Odessa Dövlət Hüquq Akademiyası, Odessa Dövlət Universiteti, Meçnikov adına məktəb, Odessa Dövlət Rabitə Akademiyası, Popov adına Odessa Dəniz Akademiyası” və s.Fırıldaqçıların xaricdə asan təhsil vədləri və ya TQDK-nın nəticələri

“Xaricdə təhsil imkanları” adlı səhifədə isə Türkiyənin dövlət universitetlərinə imtahansız və attestatla qəbul vəd edilir: “Attestatla istənilən universitetdə oxuya biləcəksiniz! İmtahan stressi, həyəcan arxada qaldı. Biz sizi stressdən uzaq təhsilə dəvət edirik!”

Daha bir elanda göstərilir ki, 2000 manat ödəməklə Ukrayna, Rusiya və ya Türkiyədə ali təhsil almaq mümkündür. Ancaq viza, yol xərci və tələbəni universitetə “qəbul etdirən” vasitəçinin xərci əlavə hesablanır. Yəni təhsil haqqı universitetin nüfuzuna və ixtisas seçiminə uyğun artır.

Xaricdə təhsil təşkil edən vasitəçilərdən biri də “Gənclərin Elmi-Mədəni İnkişafı” (GEMİ) təşkilatıdır.

Təşkilat Rusiya və Ukraynanın nüfuzlu dövlət universitətlərində bakalavr, magistr, aspirantura və doktorantura pillələrində təhsil almaq imkanı yaratdığını vəd edir.

GEMİ Odessa Milli Dövlət Politexnik və Odessa Milli Dövlət Tibb universitetlərində, Odessa Milli Dövlət Hüquq Akademiyasında, İqtisad-Hüquq və Tibb kolleclərində, Odessa Milli Dövlət Dənizçilik, Odessa Dövlət Tikinti və Arxitektura, Odessa Dövlət Soyuduculuq, Popov adına Odessa Dövlət Rabitə akademiyalarında imtahansız təhsil təşkil edir.

Həmçinin GEMi-yə müraciət edənləri Litva, Türkiyə, Almaniya, Avstriya, Polşa, İsveçrə, İsveç, Çexiya, Macarıstan, İngiltərə və ABŞ-da təhsil proqramına qatılmaq şansı gözləyir.

“Tələbəyəm” səhifəsində isə Avropa universitetlərinə imtahansız qəbul haqqında elanlar verilib.

Elanda göstərilir ki, 3000 avro ödəməklə Avropanın istənilən ölkəsində təhsil almaq imkanı qazanmaq mümkün imiş. Üstəlik, elanda dollar və avronun manata nisbətən bahalaşmasından sonra yol və viza xərclərinin artmasına baxmayaraq qiymətlərin dəyişmədiyi xüsusi vurğulanır.

Daha bir elanda Amerika, İngiltərə, Çexiya və Polşada imtahansız qəbul vəd olunur.

“Azəri-edu” səhifəsi də nüfuzlu universitetlərdə imtahansız oxumaq vəd edir.

Xaricdə oxumaq istəyinin neçəyə başa gəldiyini də qeyd edək:

Ukrayna - təhsil haqqı illik 1000 dollardan başlayır.

Belarus - illik təhsil haqqı 3000 dollardan başlayır.

Rusiya - illik təhsil haqqı 4500 dollardan başlayır.

Türkiyə - illik təhsil haqqı 600-2000 arasında dəyişir.

Kipr - illik təhsil haqqı 3500 dollardan 6000 dollaradək dəyişir.

Fransa - illik təhsil haqqı 6000 avrodan-10 min avroyadək.

Malayziya - illik təhsil haqqı 3500 dollardan başlayır.

Çin - illik təhsil haqqı 3500 dollardan başlayır.

Latviya - illik təhsil haqqı 3000 avrodan başlayır.

ABŞ - illik təhsil haqqı 3500 dollardan başlayır.

Qiymətlərə yol, viza, qalacaq və digər xərclər daxil deyil.

Bir sözlə, internetdə yüzlərlə bakalavr, magistratura pilləsi uzrə təhsil imkanı vəd edən elanlar, reklamlar var. Hətta qəbul üçün 50 faiz təhsilhaqqı endirimləri təklif edənlər də az deyil.

İmtahansız qəbul

Xarici dövlətlərdə ali təhsil ilk baxışdan cəlbedici görünə bilər. Məsələ bundadır ki, bəzi məktəblərdə xarici tələbəyə həm də kapital kimi yanaşırlar. Buna görə də Azərbaycanda yüksək bal toplaya bilməyən məzunların yalnız attestatla, imtahansız xarici ölkələrdəki ali məktəblərə qəbulu mümkündür.

Yalnız imtahansız tələbə qəbul edən ali təhsil müəssisələrində təhsilin keyfiyyəti və bu məktəbləri bitirən tələbələrin gələcəkdə kadr kimi yetişdirilməsi mübahisəlidir. Başqa sözlə, orta məktəbi güclə bitirənlərin 5-10 min avro ödəməklə kadr kimi yetişdiriləcəyinə tora salınan valideynlərdən başqa kimsə inanmır.

Bunu da qeyd edək ki, həmin müəssisələrinin nüfuzu, statusu da elanlarda göstərilən səviyyədə deyil.

Xaricdə təhsil təşkil edən şəbəkənin şərti olaraq “tənbəl tələbə” adlandırdığı tələbə də məhz aşağı statuslu və ya keyfiyyətli təhsil verə bilməyən məktəblərə yerləşdirilir. Azərbaycana geri qayıdandan sonra onların diplomların tanınması, iş tapmaq məsələsi isə ayrıca problemdir. Ümid yenə də dövlət proqramına qalır.

Bəs ekspertlər nə deyir?!

Tanınmış təhsil eksperti Etibar Əiyevin fikrincə, prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” unikal layihədir: “Son 2 ildə Təhsil Nazirliyi dövlət proqramı ilə təhsil almağa göndərilən tələbələrin seçimində və göndərilməsində sistemli fəaliyyət qura bilib. Artıq səffaflıq və ədalət prinsiplərinin bərərar olunmasının şahidi oluruq. Xaricdə təhsil dedikdə yalnız dövlət proqramı ilə prioritet sayılan ixtisaslara göndərilən tələbələr başa düşülməlidir. İndiki vəziyyətdə dövlət hesabına göndərilənlərin ölkəyə qayıdıb işləmələri hələlik bizə kifayət edə bilər.

TQDK-nın keçirdiyi imtahanlarda keçid balını toplaya bilməyənlərin xarici ölkə universitetlərinə üz tutmalarını xaricdə təhsil adlandırmaq bir qədər çətindir. İndi təsəvvür edin, öz dilində müxtəlif ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edib 0-100 bal toplayanlar rus, ingilis və türk dillərində necə təhsil ala bilərlər? Belə “mütəxəssislər” bizə ümumiyyətlə lazımdırmı? Bu cür məzunlar vətəndə ya peşə təhsilinə üz tutmalı, ya da hərbi xidmətə göndərilməlidir”.

Ekspertin sözlərinə görə, ötən tədris ilində 573 tələbə dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanıb: “Ötən il 573 tələbə dövlət proqramı təqaüdçüləri siyahısına daxil edilib. Ötənilki seçimlərdə bakalavriatdan sonrakı təhsil səviyyələrinə üstünlük verilib. Belə ki, seçimlər nəticəsində 310 nəfər magistratura, 44 nəfər doktorantura, 65 nəfər rezidentura təhsili almaq hüququ qazanıb. Ölkəmiz üçün prioritet müəyyən olunan mühəndislik, tibb, informasiya texnologiyaları sahəsində yüksək göstəricilərə malik 154 tələbə isə baza ali tibb və bakalavriat səviyyələrində təhsil almaq imkanı əldə edib. Müsbət haldır ki, ilk dəfə olaraq ötən il 9 nəfər kənd təsərrüfatı, 14 nəfər isə təhsilin təşkili və idarəolunması kimi vacib sahələr üzrə təhsil almaq hüququ qazanıb. 2015-2016-cı tədris ilində gənclər dövlət proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 419 ali təhsil müəssisəsində müvafiq prioritet ixtisas istiqamətləri üzrə təhsil almaq məqsədilə müraciət edə biləcəklər. Bu, böyük rəqəmdir və həm də çox böyük maliyyə vəsaiti tələb edir”.

E.Əliyev YÖS imtahanlarınını ləğvinə də münasibət bildirib: “Dövlət proqramı ilə təhsil almaq üçün Azərbaycan vətəndaşlarının göndərildiyi universitetlər arasında Türkiyənin aparıcı universitetlərinin adları da var və gənclərimizin böyük bir hissəsi qardaş ölkənin universitetlərini məmnuniyyətlə seçir. Ancaq Türkiyə də daxil olmaqla dünyanın inkişaf etmiş ölkələrində təhsil almağa tələbə göndərilməsində bir nizamlılıq hökm sürməlidir. Belə olan halda mütəxəssis itkisinin qarşısı da alına bilər. Artıq 2011-ci ilə qədər YÖS imtahanlarını Bakıda vermək mümkün idi. Lakin sonradan bu imkan ləğv olundu və imtahanlar yalnız Türkiyədə qəbul olunmağa başlandı. Hər universitetin öz YÖS imtahan vaxtı, qəbul şərti və keçid balı var. Bunu xaricdə təhsili əngəlləmək kimi qiymətləndirmək düzgün deyil.

O ki qaldı imkansızların təhsilinə, dövlət proqramı ilə xaricdə oxumağa gedənlərin böyük kəsimini imkansızların övladları təşkil edir. Yaxşı oxuyub dövlətin güzəştlərindən istifadə etmək lazımdır”.

E.Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklərdən də danışdı: “Bəzi işbazlar Türkiyənin və başqa ölkələrin ali məktəblərinin boş qalan yerlərini Azərbaycan vətəndaşlarının hesabına doldurmaqla məşğuldur. Birincisi, aşağı bal toplayanların təhsil adı ilə ölkədən çıxarılmasının qarşısı alınmalıdır. İkincisi, bu yolla artıq xarici ölkələrdə təhsil alanlara əlbəttə ki, əsgərlikdən möhlət hüququ vermək olmaz. Bilirsiniz, bizdə orta təhsildən sonrakı təhsil dedikdə yalnız ali təhsil başa düşülür. Bu, bizim cəmiyyətin qüsurlarından biridir. Valideynlərin əksəriyyəti övladlarını peşə təhsilli görmək istəmir. Qəbul prosesində minimal bal toplaya bilməyənlər istər ölkəmizdə, istərsə də xarici ölkələrdə necə mütəxəssis kimi yetişə bilər? Fikrimcə, dövlət təhsil almağa haqqı olanlara kifayət qədər şərait yaradıb və yaradır.

Yeni dəyişikliyə görə, yalnız müvafiq siyahıda olan xarici ölkə universitetlərində oxuyan gənclərə hərbi xidmətdən möhlət hüququ veriləcək. Siyahıya daxil olmayan xarici universitetlərdə təhsil alanlara isə bu hüquq verilməyəcək. Əslində belə də olmalıdır. Azərbaycan vətəndaşlarının xarici ölkələrdə təhsil almasında pərakəndəlik hökm sürməməlidir. Yerli səviyyədə yüksək bal toplayan tələbələrə prezident təqadündündən tutmuş adi tələbə təqaüdünə qədər maddi köməklik göstərilir. Bu gün ortaya çıxan əsas məsələlərdən biri zəiflərin təhsilə cəlb olunmasıdır. Azərbaycan vətəndaşlarının təhsil adı ilə ölkəni tərk etməsinin qarşısının alınmasının yolları müəyyənləşdirilməlidir. Bunun bir yolu kolleclərin universitetlərə inteqrasiyasıdırsa, digər yolu da peşə təhsili məktəblərinin dövrün tələblərinə uyğun yenudən qurulmasıdır. Bu, sınanmış, təcrübədən çıxmış yoldur. Özəl ali məktəblər təhsil haqlarını endirməklə özlərinə xeyli tələbə ordusu cəlb edə bilər. Burada maddi-texniki baza da önəmli rol oynamalıdır. Onda siyahıda olmayan ali məktəblərdə təhsilə də ehtiyac qalmayacaq”.

Təhsil Nazirliyi xəbərdarlıq edir

Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusilə də Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir.

Nazirlikdən virtualaz.org saytının sorğusuna bildiriblər ki, Təhsil Nazirliyi bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır. Həmin şirkətlər müvafiq qaydada aidiyyəti qurumlar tərəfindən qeydiyyatdan keçirildikdən sonra faktiki olaraq kommersiya fəaliyyəti ilə məşğul olmağa başlayırlar.

Bu şirkətlər təhsil xidməti deyil, daha çox xarici ali təhsil müəssisələrinə qəbul üçün sənədləşmə, danışıqlar və səyahət imkanları barədə xidmətlər göstərir ki, bu da sırf kommersiya xarakteri daşıyan xidmətə aiddir. Yəni bu, açıq şəkildə həmin şirkətlərə nə üçün Təhsil Nazirliyinin nəzarət etmədiyini izah edir. Çünki onlar təhsil verən müəssisə deyil. Burada da yaranmış problemlərin həllinin məsuliyyəti əsasən həmin şirkətin, tələbənin və valideynlərin üzərinə düşür.

Nazirlik xəbərdarlıq edir ki, vətəndaşlar imtahansız və natamam sənədlərlə xarici ali təhsil müəssisələrinə qəbul təklif edən bu şirkətlərlə qarşılıqlı əməkdaşlıq nəticəsində maddi və mənəvi zərər görə bilərlər. Buna görə də xarici ölkələrdə ali təhsil almaq niyyətində olan şagird və tələbələrə, onların valideynlərinə tövsiyə olunur ki, özləri birbaşa olaraq xarici ali təhsil müəssisələrindən qəbul proseduralarını sorğu edərək aidiyyəti üzrə müraciət etsinlər. Azərbaycan vətəndaşları xaricdəki bəzi təhsil şirkətlərinin xidmətlərindən istifadə edərkən daha diqqətli olsunlar.

Nazirlik qeyd edir ki, belə şirkətlər tərəfindən reytinqi və təhsilinin keyfiyyəti qat-qat aşağı olan universitetlərə sadələşdirilmiş yollarla (attestatla) tələbə qəbulu təşkil edirlər: “Ona görə də bu zaman yüksək təhsildən söhbət gedə bilməz. Nəticədə bu tələbələr əmək bazarının tələbləri ilə uyğunlaşmada ciddi çətinliklərlə üzləşə bilərlər”.

Qeyd edək ki, elanlarda göstərildiyi kimi, diplomların Azərbaycanda tanınması ilə bağlı vədlər də yalandır.

Seçim yenə də valideynlərin üzərinə düşür. Sonradan aldanmamaq üçün…(virtualaz.org)