BolgeXeber.Com » Analitika » Attestasiya, yoxsa manipulyasiya?

Attestasiya, yoxsa manipulyasiya?

13-09-2015, 13:33
Oxunub: 3 930 Attestasiya, yoxsa manipulyasiya?Və ya“karusel əməliyyatına”nə vaxt son qoyulacaq?

Bir vaxtlar mənə hədsiz dərəcədə doğma görünən attestasiya anlayışı son vaxtlar nədənsə məndə allergiya yaratmağa başlayib. Yəni, vaxtılə attestasiyann yekunlarına əsasən “ali kateqoriylı müəllim” dərəcəsi alan bir şəxs kimi indi, bu uzun müddət sınaqdan çıxmış prosedurun tilsimə düşməsinə təəsüflənməyə bilmirsən. Axı, nə vaxta qədər aksioma ilə teoremanı səhv salaraq, sübuta ehtiyacı olmayan bir şeyi kiməsə sübüt etməyə cəhd göstərmək olar?

“Müəllimlərin attestasiyası məsələsi gündəmdədir. Amma bu, başqa bir məsələdir ki, biz attestasiyaya hazırıqmı?”; “Attestasiyaya ən tez halda, ölkənin bütün regionlarında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatdıqdan sonra başlamaq olar.Yaxud bunlar paralel də ola bilər”; “Məsələn, artıq Bakıda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Bakıda bəlkə də attestasiyaya başlamağı fikirləşə bilərik”; “Biz ən azından real vəziyyəti bilməliyik”; “Gərək müəllimlərə ixtisasartırma üçün kurslar təklif olunsun, yəni onlara şans verilsin. Çünki bu gün biz attestasiya etsək, nəticə yəqin ki, elə də ürəkaçan olmayacaq”; “Attestasiyadan fərqli olaraq, bu gün müəllimlik fəaliyyətinin lisenziyalaşdırılması məsələsi gündəmdə durmur: Amma bu gün müəllim işləmək istəyən şəxs ilk növbədə mərkəzləşdirilmiş qaydada imtahan verməli, ondan sonra diaqnostik qiymətləndirilmədən keçməlidir. Sonra da sertifikasiya prosesi olmalıdır”.

Indi də bu açıqlamalarla Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev gündəmə gəlib. Onu da əlavə edim ki, elə qısa bir müddət öncə, elə həmin İlham Nağıyevin müəllimləri daha bir sınaq gözləməsi ilə bağlı bəyanatları da gündəmi zəbt etmişdi. Sən demə Azərbaycanda 2016-cı ildən tətbiq ediləcək məktəbəqədər və ümumi təhsil sahəsi üzrə pedaqoji və idarəetmə heyyətinin sertifikatlaşdırılması mexanizminin hazırlanması üçün artıq Təhsil Nazirliyində ışçi qrupu yaradılıb, ilkin sənədlər hazırlanıb.”Burada pedaqoji və idarəetmə heyyətinin sertifikatlaşdırılması nəzərdə tutulur ki, bunlar da ayrı-ayrı sahələrdir.Yəqin ki, proses əvvəlcə umumtəhsil, daha sonra məktəbəqədər təhsil sahəsində tətbiq ediləcək... Bu proses ən yaxşı təhsilverənlərin müəyyənləşdirilməsinə, tədrisin keyfiyyətinin qaldırılması üçün minimal səviyyədə bir standartın tətbiq edilməsinə imkan verəcək... Sertifikasiyanın ilk növbədə könüllü olması planlaşdırılır, amma bir müddətdən sonra onun da müəyyən formada məcburi olması nəzərdə tutulur... Bəzən sertifikasiya ilə attestasiyanı səhv salırlar, sertifikasiya aattestasiya deyil... Sertifikasiya alan müəllimə onun bilik və bacarığına müvafiq olaraq, differensial əmək haqqı da tətbıq edilə bilər... Hazırda ölkədə müəllimlərə əmək haqqı yalnız onların təhsil səviyyəsinə və stajına uyğun verilir. Amma differensial əmək haqqı tətbiq olunarsa-bunun adı üzərində iş gedir-artıq müəllimə təhsilinə və stajına görə deyil, onun bilik və bacarığına, yəni, sertfikasiya imtahanında göstərdiyi qabiliyətə uyğun əmək haqqı verilməsi planlaşdırılır... Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin də sertfikasiyaya cəlbi nəzərdə tutulur”.

Hörmətli oxucum, Siz bir şey başa düşdünüz? Bəlkə mən kərəni kürə başa düşmüşəm? Amma qəti əminliklə deyə bilərəm ki, hələ adı üzərində iş gedən bir məsələ haqqında dolaşıq fərziyyələrlə milləti məşğul etmək, qabaqcadan pedaqoji ictimaiyyətdə xof yaratmaqdan başqa bir şey deyil.Bunu bir kənara qoyaq. Deyək ki, “sertfikasiya imtahanında göstərdiyi qabiliyyətə uyğun əmək haqqı verilməsi” ifadəsi istənilən kəs tərəfindən istənılən şəkıldə yozula bilər.Bir də ki, qabiliyətsizin sertifikasiya imtahanında nə işi ola bilər.Attestasiya, yoxsa manipulyasiya?

Hazırda müllimlərə əmək haqqı “təhsil səviyyəsinə”, bundan sonra “bilik və bacarığına” görə veriləcək nə deməkdir.Əgər bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin də sertfikasiyaya cəlbi nəzərdə tutulursa, onda yayın qızmarında 30 min müəllimi sınaq imtahanına cəlb etməyə nə ehtiyac var idi? “Biz attestasiyaya hazırıqmı” sualı görəsən kimə ünvanlanıb? “Biz ən azından real vəziyyəti bilməliyik” deməklə görəsən kim günahlandırılr?.Real vəziyyəti bilmədən labirintə girməyə ehtiyac varmı? “Sertifikasiya alan müəllimə onun bilik və bacarığına müvafiq olaraq, differensial əmək haqqı da tətbıq edilə bilər” mesajından belə çıxmırmı ki, tətbiq edilməyə də bilər.Bu halda həmin müəllimə sertifikat niyə verilməlidir?

“Attestasiyaya diaqnostik qiymətləndirilməsi başa çatdıqdan sonra başlamaq olar”, “yaxud bunlar paralel də ola bilər”, “differensial əmək haqqı da tətbıq edilə bilər”, sertifikasiyanın ilk növbədə könüllü olması planlaşdırılır, amma bir müddətdən sonra onun da müəyyən formada məcburi olması nəzərdə tutulur”,”Bakıda bəlkə də attestasiyaya başlamağı fikirləşə bilərik” və s. və i.a abstrakt bəyanatlar deyəsən, onsuz da qayğılarla çarpışan çoxminli müəllim ordusunu bir az da qayğılandırmağa hesablanıb. “Bəzən sertifikasiya ilə attestasiyanı səhv salırlar”. Səhv salmayıb neyləsinlər ki, bu qədər əndrəbadi açıqlama və bəyanatların içərisində müəllim hətta hansı peşə sahibi olduğunu da unudar.
Nə olmuş, nə imiş... bu müəllimlərin suçu?

Müəllimlərə gah attestasiya aparılacağı, gah lisenziya, gah sertifikat veriləcəyi, gah da könüllü attestasiya keçiriləcəyi barədə vədlər verib, sonradan, sınaq imtahanlarının attestasiyaya hazırlıq mərhələsi olduğunu bəyan etmək, daha sonra buna diaqnostik qiymətləndirmə adı verərək bir qrup müəllimin əmək haqqında müəyyən dəyişiklıklər aparmaq, böyük əksəriyyətinni müddəti bəlli olmayan təsəlli ilə ümidləndirməklə manipulyasiya etməyə, başqa sozlə, karusel əməliyyatına nə vaxt son qoyulacaq?

Əgər sertifikasiya imtahanı da müəllimin bilik bacarığını müəyyənləşdirmək vasitəsidirsə və əmək haqqına təsir edirsə, onda attestasiya nə deməkdir? Bəlkə, Nəqliyyat Nazirliyindən nümunə götürüb, lisenziya məsələsini ortalığa atmaqla müəllimləri taksi sürücülərinin aqibətinə sürükləmək fikrinə düşmüşük? Bəlkə iradə nümayiş etdirib, bu attestasiya labirintindən birdəfəlik çıxaq ? Yəni, nə ediriksə edək, təki onun bir adı olsun, attestasiyamı, sertifikasiyamı, lisenziyamı, diaqnostikamı və ya sınaq imtahanı, bir halda ki, məqsəd birdir: müəllimləri imtahana çəkmək və onun əmək haqqını differensiallaşdırmaq.


Təhsil qanunvericiliyinə əsasən təhsil “sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənımsənilməsi prosesi və onun nəticəsi” ni özündə ehtiva edən bir sistem kimi xarakteriza olunur və bu proses idarə olunmalıdır. Onu ehtimallarla, fərziyələrlə, abstrakt mülahizələrlə idarə etmək özünü və çevrəndəkiləri aldatmaqdan başqa bir şey deyildir.

Sonda nazirlik yetkilisinə xatırlatmaq istərdim ki, hələ1999-cu ildə Dövlət Komissiyası tərəfindən hazırlanmış və mərhum Prezidentimiz tərəfindən təsdiq olunmuş Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramında “rəhbər və pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stimullaşdırılmasına, əmək haqqının ödənilməsinə differensial yanaşmanın tətbiqinə lazımiı diqqət yetirilməməsi” barədə müddəalar xüsusi olaraq vurğulanmış və və bunun həll olunacağı müddətlər belə müəyyən olunmuşdu.

Bununla əlaqədar, Nazirlər Kabineti “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə“ 23 may, 2001-ci il tarixli, 97 №-li qərar da vermişdi. Sabiq təhsil naziri Misir Mərdanovun 21 oktyabr, 2002-ci il tarixli, 987 №-li əmrinə əsasən, təhsil sistemində fəaliyyət göstərən rəhbər və pedaqoji kadrların attestasiyasının keçirilməsi ilə əlaqədar bütün hazırlıq və sənədləşmə işlərinin dekabr ayına qədər yekunlaşdırılması, əvvəlcədən müvafiq qaydada təsdiq olunmuş qrafiklər əsasında 2003-cü ilin yanvar ayından etibarən başlanılması nəzərdə tutulmuşdu.Bu məqsədlə attestasiyanın Qaydaları hazırlanmış, Təşkilat komitəsi belə yaradılmışdı. Mərdanov öz missiyasını yrımçıq qoyaraq, “Qoy hələ həkimlər attestasiyadan keçsin, biz də onların təcrübəsinə baxaq“ gözləntisi ilə təhsillə vidalaşdı.
Maraqlı cəhət ondan ibarətdir ki, “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nı, Nazirlər Kabinetinin Qərarını, Təhsil Nazirliyinin əmrini arxivə göndərmışık, barı qüvvədə olan Təhsil haqqında Qanunun“1.0.6. attestasiya – hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi prоseduru“ dur müddəasına əməl edək, Pespublikamızın tanınmış təhsil mütəxəssisləri Şahlar Əsgərovun, Əjdər Ağayevin müəllimlərin attestasiyasının keçirilməsinin zəruriliyi ilə bağlı fikirlərinə hörmətlə yanaşaq.Gec olsun, güc olsun deyib müdriklər.

Nadir israfilov, təhsil eksperti
Bolgexeber.com