BolgeXeber.Com » Analitika » Hörməti simvolizə edən üç qəpiklik “otkrıtka” Və ya təhsil ənənələrimizdən yada düşən xatirələr

Hörməti simvolizə edən üç qəpiklik “otkrıtka” Və ya təhsil ənənələrimizdən yada düşən xatirələr

23-10-2015, 09:15
Oxunub: 10 939 Hörməti simvolizə edən üç qəpiklik “otkrıtka”  Və ya təhsil ənənələrimizdən yada düşən xatirələr“Istər şirin, istərsə acı olsun, xatirə insana əzab verir...” - F.M.Dostoyevski

Jəqin bir çoxlarımız da bu qənaətdəyik ki, əgər belə demək olarsa ekran-efir cihazından səslənən hər hansı bir fikir, göstərilən hər hansı epizod insanların nəinki əxlaq və davranışlarına, eləcə də psixoloji durumuna, hətta bilavasitə səhhətinə belə təsir edir, tamaşaçı və dinləyicidə nostaljı hisslər oyadır. Bəlkə də elə bunun nəticəsidir ki, xüsusilə son vaxtlar televiziya kanallarında elmimizin, mədəniyyətimizin, incəsənətimizin keçmişinə, tarixi ənənələrinə daha geniş yer ayrılması, digər tərəfdən bir sıra bayağı, şou xarakterli verilişlərin dayandırılması haqqında fikirlərin səsləndirilməsi, qərarların qəbul edilməsi tendensiyası özünü daha qabarıq şəkildə biruzə verir. Tamaşaçı zövqünə daha yaxın olan “Keçmışə salam”, “Jada düşər xatirələr” və s. bu qəbildən olan verilişlər, retro kino filmlər, yaxın və keçmiş tariximizlə bağlı sənədli xronikalar izləyicilərin maraq və diqqətini daha çox cəlb edir, getdikcə özünə genış auditoriya toplayır.

Artıq heç kəsə sirr deyil ki, hər bir dövlətdə vətəndaş cəmiyyətinin demokratik inkişaf yoluna qədəm qoymasında təhsil əhəmiyyətlı rol oynamaqla yanaşı, həm də dövlətin təməl daşı və millətin gələcəyi kimi də xarakterizə edilir, cəmiyyətin keçəcəyi inkişaf yolu əsasən bu sahəyə münasibətin səvıyyəsindən asılı olur. Kimin hansı münasibət bəsləməsindən asılı olmayaraq, bir təkzibolunmaz fikirlə razılaşmalıyıq ki, cəmiyyətdə mövcud olan problemlərin əksəriyyətinin kökü məhz təhsildən qaynaqlanır. Məktəbin və cəmiyyətin vəziyyəti arasında həmişə bir eyniyyətin olması fikri ölməz Hüseyn Cavidin hələ “Həsb-hal” məqaləsində dahiyanə şəkildə vurğulanmışdı: “Bir millətin hər halını tədqiq etmək üçün ən doğru meyar, ən kəsdirmə yol o millətin məktəbləridir”. Məşhur bir aforizmdə deyildiyi kimi, yer üzündəki şərtlərin düzəlməsi, elmi kəşflərdən çox sınanılmış bir həyat nizamının reallaşmasına bağlıdır.

Bu mənada hər dövrün öz ənənəsi, öz xatirəsi, yaddaşı var. Heç də əbəs yerə deyil ki, müstəqilliyimizin ilk illərində qəbul edilən Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramında təhsil sahəsində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək vəzifəsi əsas məqsədlərdən biri hesab edilmiş, və o da xüsusi olaraq vurğulanmışdı ki, “xalqımız Sovet təhsil sistemi vasitəsilə dünya mədəniyyətinə qovuşmaq, elmin qabaqcıl nailiyyətlərini mənimsəyərək gənc nəslə ötürmək, müxtəlif sahələrdə qabaqcıl elmi ideyalarla silahlanmış yüksək ixtisaslı milli kadrlar hazırlamaq imkanını əldə etmişdir”.
Danılmaz faktdır ki, məktəb illərimizin, təhsillə bağlı fəaliyyətimizin səmimi, qayğısız, problemsiz keçid illərini yaşamışıq. Nə yazıq ki, bir müddət kəsiyində bu illərdən bəri oturuşmuş sistemin ən yaxşı ənənələrini unutduq, yenilik həvəsilə keçmişimizə biganəlik göstərdik. Nəzərə almadıq ki, zamanı qabaqlamaq mümkün olan şey deyil, çünki zaman bizdən sürətlidir.Bir də ki, bəzən nədənsə hər şeyin tez olmasını istəyirik, özümüzü də yoruruq, ətrafımızdakıları da. Beləliklə bütün həyatımız yorğunluqla, əlavə problemlərlə üzləşməklə keçir. Halbuki...

Platondan soruşurlar: ”İnsanlarda ən çox müşahidə etdiyiniz və sizi ən çox təəccübləndirən hal nədir? “ Platon cavab verir:”Uşaq olanda böyüməyə can atırlar, böyüyəndən sonra isə uşaqlıqları üçün darıxırlar. Pul qazanmaq üçün səhhətlərini korlayırlar, sonra sağalmaq üçün pullarını xərcləyirlər. Gələcəyə görə narahat olduqları üçün bu günü rahat yaşamırlar. Beləliklə heç vaxt ölməyəcək kimi yaşayıb, heç nə yaşamamış kimi ölürlər.” Söhbətin şırin yerində bu Platon hardan yadıma düşdü heç özüm də bilmədim. Hər halda, bu da bir xatirədir, özü də daha çox xatırlamalı və digərlərinə də xatırlatmağa ehtiyacı olan əski bir xatirə.

Uzun illər keçməsinə baxmayaraq bugünki kimi yadımdadır, məktəbə yeddi yaşından gedərdik. Bu yaşa qədər isə şən və qayğısız uşaqlıq həyatını yaşayardıq. Sanki, dövlət də, elə cəmiyyətin hər bir üzvü də “xəstə tələsər, armud vaxtında yetişər” el məsəlini bilirmiş kimi bu prinsipə ciddi yanaşardılar. Məktəb seçmək, övladını yaxşı müəllimin sinfinə qoymaq valideynlərimizin ağlına belə gəlməzdi. Çünkı bütün məktəblər eyni səviyyədə, bütün müəllimlər eyni hazırlıqda idilər.Vahid məktəbli formsının olmasına baxmayaraq buna məcburiyyət yox idi. Lakin hər kəsdən məktəbə “üst ağ, alt qara” geyim dəstində gəlmələri tələb olunurdu. Bütün yazı işləri mil-mil və damalı deyilən iki qəpiklik dəftərlərdə aparılardı. Dərslik komplektindən savayı yeganə əlavə tədris vəsaiti “hüsnxətt” dəftəri idi ki, bu da hərflərin yazılış qaydalarına ciddi riayət olunmasına xidmət edərdi.

O zamanlar on il oxuyardıq. Təhsilin ibtidai pilləsinı başa vurduqdan sonra imtahan vərdişləri qazanardıq. İlkin olaraq 5-6-cı siniflərdə iki, 7-8-ci siniflərdə üç, 9-10- cu siniflərdə isə artıq dörd fəndən imtahan verərdik. İmtahan biletləri martın sonu, aprelin əvvəlləri üç qəpik dəyərində kitab mağazalarında satışa çıxarılardı. Hər bir biletin konkret sualları əsasında imtahanlara hazırlaşardıq. İmtahana bir neçə gün qalmış neçə biletı tam, neçəsini isə yarımçıq öyrəndiyimizi, hətta imtahandan neçə qiymət alacağımızı belə bəri başdan bilərdik. Nə keçilərdisə, biletlərə də o salınardı, nə öyrədilərdisə, o da soruşulardı. Heç bir artıq-əskikliyə yol verilməzdi. İndiki oxuyanlarla müqayisədə az məsrəflə çox şey öyrənərdik, özü də bilavasitə lazım olanını.

Dərsdən çıxdıqdan sonra evə gəlib, tələm-tələsik çörəyimizi yeyib yenidən məktəbə qayıdardıq. Hər vəchlə çalışardıq ki, fakultativ məşğələsinə gecikməyək. Axı, dərsliklərdə olmayan bir çox əlavə materiallar və dərs prosesində lazımı dərəcədə mənimsəyə bilmədiyimiz biliklər məhz bu məşğələlər vastəsilə öyrədilirdi. Fakultatvdən sonra kimisə üzv olduğu dram dərnəyinə kimisə özfəaliyyətin dıgər sahəsində məşğul olardı. O vaxtlar sonradan maraq kursları adlandırılan fakultativ və dərnək məşğələləri indiki kimi heç də müəllimlərin dərslə təminatı maraqlarına xidmət etmirdi

“Müəllimlər günü”, “8 mart Beynəlxalq qadınlar bayramı” ərəfələrində kitab mağazalarına, qəzet köşklərinə üz tutub müəllimləri təbrik etmək üçün daha münasib və nəfis “otkrıtka” seçiminə çıxardıq. Xətti pis olanlar öz ürək sözlərini böyük qardaş və bacılarına yazdırardı. İmkan olan yerdə isə xüsusi kiçik emalatxana rolunu oynayan köşklərdə xəttatlara müraciət edilərdi. Sonralar öyrəndik ki, bu “otkrıtka” adlandırdığımız üç qəpiklık əlvan karton parçasına dilimizdə “açıqça” deyilirmış. İmkan daxilində müəllimə ən böyük hədiyyəmiz o zamanlar dəbdə olan “Krasnaya Moskva” duxisi olardı. Bu üç rubla olan ətir məmulatını müəllimin qəbul edib etməyəcəyini düşünməkdən səhərəcən yata bilməzdik. Müəllim sözün bütün mənalarında bizim üçün böyük nüfuz simvolu, şəxsiyyət etalonu idi.
Müəllimin daim öz üzərində çalışmasına, ixtisasının təkmilləşdirilməsinə, şəxsi təhsilinin artırılmasına, böyük önəm verilərdi. Bu məqsədlə hər bir məktəbdə fənn metodbirləşmələri fəaliyyət göstərərdi, belə birləşmələrin yerlərdə dayaq məntəqələri yaradılardı. Ən yaxşı müəllimlərə “metodist müəllim” adı verilərdi.Bir çox tanınmış metodistlər yerli təhsil orqanlarına ştatdan kənar metodistlər kimi cəlb olunardı.Təəsüf ki, yenə də adını çəkmək məcburiyyətində qaldığım Misir Mərdanovun “islahatları” nəticəsində məktəb inspektorlarını “məsləhətçi”yə çevirərək, məktəblərin qapılarını məsləhət verməli olan metodistlərin üzünə bağladılar.

Yeri gəlmişkən, İTV-nin dünənki tok-şousu təhsilimiz üçün son dərəcə aktual bir məsələyə,elə bəhs etdiyimiz metodistlərin və metod mərkəzlərin təhsildə rolu və yeri məsələsinə həsr olunmuşdu.Verilişdə müzakirəyə dəvət olunan Təhsil Nazirliyinin və Bakı şəhəri üzrə Təhsil idarəsinin rəsmiləri metodistlər və metodmərkəzlə bağlı məsələnın aktuallığını qeyd etməklə yanaşı, bu sahədə olan vəziyyətin və həlli yetişən məsələlərin zəruriliyinə toxunduğu məqamda bir telefon zəngi qaldırılan problemin üstündən bir qırmızı xətt çəkdi. Telefon açan təhsil içtimaiyyətinə az-çox tanış olan bir xanım dünya təcrübəsindən misal gətirərək, metodistlərə ümumiyyətlə ehtiyac olmadığını bəyan etdi. Veriliş iştirakçısı olan digər bir məktəb müəlliməsi olan xanım da onun sözünə qüvvət verərək, metodistlərin səviyyəsinin müəllimlərin səviyyəsindən aşağı olduğundan onların xidmətinə lüzum görmədiyini bu məqsədlə elektron vasitələrin imkanlarına istinad edilməsinin effektinə əminlik yratdi Bu xoşagəlməz müdaxilələr heç şübhəsiz ki, geniş auditoriyası ola bir verilişın məramına və formatına xələl gətirməyə bilməzdi. Digər təəsüf doğuran cəhət isə o idi ki, rəsmilər belə bayağı bəyanatları sükutla qarşıladılar.Çoxsaylı metodist ordusunun rəhbərlərindən birinin verilişə dəvət almaması isə heç cür başa düşülən deyil.

Televiziyadan söz düşmüşkən, bir vaxtlar Azərbaycan televiziyasında ikinci proqram kimi təqdim olunan bir kanal var idi. Bu kanal mütamadi olaraq təhsillə bağlı müxtəlif səpgili verilişlər hazırlayar və yayımlayardı. Təhsil Nazirliyinin bu boşluğu doldurmaq yolunda “Təhsil Televiziyası”nı yaratmaq təşəbbüsü təqdirəlayiq hal olub, bu vasitə yolu ilə təhsil sahəsində baş verən bütün xəbər və yeniliklərdən məlumat almaq baxımından irəliyə doğru atılan bir addım kimi qiymətləndirilməlıdir. Ümid edək ki, maarifləndirici proqramların çoxluğu və dolğunluğu təhsilimizin daha səmərəli təşkilinə və inkişafına müəyyən töhfə verə biləcək.

Qəpikdən çox danışdıq. Bəlkə də mənim heç də tam olmayan, sadəcə olaraq bir anlığa yadıma düşən bir neçə xatirəmin heç üç qəpiklik dəyəri olmamasını düşünənlər də olsun. Çünki, artıq dəyərlər dəyişib. Bircə onu deyə bilərəm ki, dəyərləri dəyişən də, ona qiymət verən də elə özümüzük. Son onilliklərdə təhsil sahəsində nə qazandığımızı zaman göstərəcək. Amma, bütövlükdə qazandıqlarımızı itirsək, xatirələrdə qalmış bir həzin melodiyada səsləndiyi kimi... “bax bu böyük dərd olar”. Unutmayaq kı, keçmiş ənənələrimizə dair xatirələr gələcəyimizi qurmaqda ən təsirli stimul və etibarlı örnəkdir, çünki bu ənənələr zamanın sınaqlarından çıxaraq insan psixologiyasinda silinməz iz buraxıb. Görünür, daim fikirlərində ziddiyət axtarmağa çalışdığımız Dostoevski “istər şirin, istərsə acı olsun, xatirə insana əzab verir” qənaətinə gəlməsində haqlı imiş. Həqiqətən də xatirə insana böyük təəssüf hissi yaşadan təsirli emosiyadir.

Gəlin, bir çox milli və bəşəri dəyər və ənənələrimizə diqqət və sayğı göstərdiyimiz kimi,ciddi səylər və böyük zəhmət hesabına əldə etdiyimiz təhsil dəyərlərimizi və ənənələrimizi də qoruyub saxlayaq , bu şərəfli və məsuliyyətli missiyada əlimizdən gələni əsirgəməyək.


Nadir İsrafilov,təhsil eksperti
Bolgexeber.com