BolgeXeber.Com » Analitika » Vitse-spikeri görəsən nə təəccübləndirib?

Vitse-spikeri görəsən nə təəccübləndirib?

11-12-2015, 11:49
Oxunub: 3 529 Vitse-spikeri görəsən nə təəccübləndirib?"Bütövlükdə təhsildən yayınanların sayı isə on minlərlə ölçülür"

Tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov Milli Məclisin sədr müavini Bahar Muradovanın “Təhsil ekspertlərinin tənqidedici fikirləri məni çox təəccübləndirdi “ fikrinə münasibət bildirib

Bolgexeber.com Nadir İsrafilovun məsələ ilə bağlı mövqeyini təqdim edir:

"Məlum olduğu kimi Xətalar Məcəlləsinə edilən yeni dəyişıkliklər, daha konkret şəkildə desək Azərbaycanda orta məktəb dərslərindən yayınan şagirdlərin valideynlərinin cərimələnməsi ilə əlaqədar məsələ yazılı və elektron mediada geniş müzakirələrə və mübahisələrə yol açmış, məcəlləyə təklif olunan bu dəyişıklik cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmayaraq, bir çox təhsil ekspertləri tərəfindən dərindən düşünülməmış, kökündən yanlış bir addım kimi qiymətləndirmişdi.

Layihənin Milli Məclisə təqdim olunduğu ərəfədə və müzakirələrin gedişı zamanı nəinki millətin sayılıb-seçilən, böyük hörmət və nüfuz sahibi olan professorları Şahlar Əsgərov, Əjdər Ağayev, Firudin Cəlilov, ölkənin tanınmış təhsil ekspertləri Vurğun Əyyub, Etibar Əliyev, Məlahət Mürşüdlü, və bir çox digər ziyalılarımızın, hətta Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Ağacan Abiyev, Milli Məclisin deputatları Elmira Axundova, Fazil Mustafa belə gündəmə çıxarılacaq layihənin absurd xarakterini etiraf etməli olmuşdular.

“Bəzi valideynlər uşaqlarının təhsil almasına qarşı çıxır. Hətta uşaqlarına dini baxışları təlqin etməyə üstünlük verən valideynlər də var. Biz də bu səbəbləri aradan qaldırmaq üçün müəyyən mexanizmlər düşünməliyik. Ona görə də cərimələrin tətbiq olunması yaxşı addımdır”. Bunu isə Milli Məclis sədrinin müavini Bahar Muradova dərs buraxan şagirdlərin valideynlərinin 100 manat miqdarında cərimə olunması barədə qanunvericiliyə təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, valideyn qəyyumluq vəzifəsini daşıyır və belə olan halda onu təhsillə bağlı məsələdə məsuliyyətdən azad etmək olmaz: “Burada söhbət cərimələrin məktəb rəhbərliyinə verilməsindən getmir. İnzibati cərimələrin hara ödənildiyi bəllidir. Təhsil ekspertlərinin tənqid edici fikirləri məni çox təəccübləndirdi.“

Hörmətli vitse-spikerimizin təəccübünə müəyyən aydınlıq gətirmək, habelə təhsil ekspertlərinin məsələ ilə bağlı fikirlərində heç bir təəccübləndirici məqamın olmamasna diqqət yetirmək üçün bəzi konkret mülahizələrimi də mən deyim. Əvvəla, müzakirə predmeti olan məsələ ilə bağlı tənqidi fikirlər bildirən təkcə təhsil ekspertləri olmayıb.

İkincisi, heç bir ekspert cərimələrin məhz məktəb rəhbərliyinə veriləcəyi barədə hansısa bir fikir söyləməyib. Baxmayaraq ki, “qayıb”ların rəsmiləşdirilib, rəsmiləşdirilməməsində həlledici fiqur məhz elə məktəb rəhbərliyidir.

Üçüncüsü, bu kimi məsələlər ölkə başçısının 22 noyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qnununu”nda kifayət qədər öz əksini tapıb. Yəni vətəndaşlar, vətəndaş cəmiyyəti institutları, QHT-lər, ekspertlər nəinki fikir söyləyə bilər, hətta onlarla məsləhətləşmələr, ictimai rəyin nəzərə alınması, ictimai nəzarət və digər bu kimi məsələlər qanunvericiliklə nəzərdə tutulan haldır.

Nəhayət. Ekspertlər nə deyirlər? Deyiblər ki, belə bir sanksiyanın tətbiqi digər daha ciddi fəsadların yaranmasına gətirib çıxara bilər. Bu əslində övladının əməlinə görə valideynin cəzalandırılması anlamına gəlir. Hər şeydən əvvəl dərsdən yayınmanın səbəbləri hərtərəfli araşdırılmalı, geniş müzakirə olunmalı, yaranan vəziyyətdən çıxış yolu kimi ilk növbədə daxili nizam-intizam qaydalarının gücləndirilməsi üzrə məktəbin məsuliyyətinin artırılması istiqamətində ciddi addımlar atılmalıdır.

Habelə konkret faktlarla əsaslandırmağa çalışıblar ki, məhz dərs hesabına repetitor yanına, digər əlavə kurslara getmək üçün şərait yaradanlara qarşı cəza tədbirlərinnin tətbiqi bu sahədə vəziyyətin normallaşmasına öz töhfəsini verə bilər. Məktəb mühitinin sağlamlaşdırılması istiqamətındə konkret tədbirlərin həyata keçırilməsi daha çox effekt verərdi, nəinki valideynlərin cərimələnməsi. Məsələyə kompleks yanaşılmalıdır, cərimə çıxış yolu deyil, əksinə təhsildə yeni rüşvət mənbəyidir. Dərsdən yayınmada maddiyatla bağlı məsələlər olduğundan bu cərimələr əhalinin müəyyən sosial təbəqəsi üçün əlavə problemlər yarada bilər. Yəni, məktəbdə elə bir mühit yaradılmalıdır ki, şagird məktəbə həvəslə getsin, məktəb həyatı onun maraq dünyasının ayrılmaz tərkib hissəsinə çevrilsin.

100 manatlıq cərimə tətbiq etməklə erkən nikahların qarşısını almaq, bir daha heç kəsin dərsdən ayrılıb, repetitor yanına, əlavə hazırlıq kurslarına getməyəcəyinə, uşaqlarımızın evdə hansısa işlərə cəlb olunmayacağına, valideynlərinə kömək etməyəcəyinə, birdən-birə qərardan çəkinərək ateistə çevriləcəyinə, dini təhsildən imtina edəcəyinə ümid etmək sadəlövhlükdən başqa bir şey deyildir. Heç olmasa layihəni əsaslandırmaq üçün başqa, daha tutarlı və ağlabatan arqumentlər ortalığa qoyulmalı idi.

Ən başlıcası isə təhsildən yayınma ilə dərsdən yayınmanı qarışıq salmışıq. Halbuki, təhsildən yayınma, cəmiyyət üçün dərsdən yayınmadan daha təhlükəli tendensiya olub, ildən-ilə daha genış xarakter alır, coğrafiyası daha da genışlənir. Xüsusilə, regionlarda minlərlə 7 yaşlı var ki, onlar təhsilə cəlb olunmayıblar. Bütövlükdə təhsildən yayınanların sayı isə on minlərlə ölçülür. Ona görə də bu qəbıldən olan məsələlərə qaçaraqdan, səthi şəkildə deyil, kompleks halında baxılmalı idi və s. Hörmətli Bahar xanım, indi deyin görək bu kimi fikirlərdə hansı təəccübləndiricı məqam var? Bir də ki, fikir ayrılığı, demokratik təfəkkür, tənqidi prürialzm nə vaxtdan təəccüb hədəfi olub?

Yox, əgər söhbət təəccübə səbəb olacaq məqamlardan gedəcəksə, bəs onda təhsil ekspertləri deputatlardan birinin cərimənin məbləğinin hətta 100 manatdan 300 manata qədər artırılması, övladı məktəbdən yayınan valideynin cəriməni ödəyə bilməyəcəyi təqdirdə ictimai işlərə cəlb olunması, küçə süpürməsi və yaxud hansısa bir cəzanı alması barədə fikirlərinə niyə təəccüblənməməlidirlər? Maraqlıdır, doğrudan da məktəbdən yayınan valideynin cəriməni ödəyə bilməyəcəyi və yaxud cəriməni ödəməkdən imtina edəcəyi təqdirdə görəsən onu hansı cəza gözləyir?"