BolgeXeber.Com » Analitika » Təhsilimızin xəlifəlik və deputatlıq aludəçiliyi

Təhsilimızin xəlifəlik və deputatlıq aludəçiliyi

15-12-2015, 17:07
Oxunub: 3 445 Təhsilimızin xəlifəlik və deputatlıq aludəçiliyiYayılan məlumatlarda o da qeyd edilir ki, xəlifələr 13 dekabrdan sonra “Kölgə kabineti” tərkibində bir il müddətində seçildikləri rəhbər vəzifələrini davam etdirirlər

Qulaq gündə bir söz eşitməsə kar olar deyib atalarımız. Nəhayət bir az gec də olsa onu da eşitdik və bildik ki, sən demə Azərbaycanın ali təhsil ocaqları arasında yeganə olaraq Bakı Slavyan Universitetində 2002-ci ildən etibarən hər ilin 13 dekabr tarixində “Bir günlük Xəlifə” özünüidarəetmə günü layihəsi həyata keçirilirmiş və bu tədbir tələbələrdə özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətlərin inkişafında, onların peşə məsuliyyətini dərk etməsində önəmli rol oynayırmış. Belə ki, məhz həmin gün universitetin rektor, prorektor, dekan və s. rəhbər vəzifələrdə tələbələr tərəfindən səsvermə yolu ilə seçilmiş xəlifələr fəaliyyət göstərir. Həmin xəlifələr bir günlük universitetdə tədris prosesi, inzibati və s. işlərlə bağlı qərarlar qəbul edə, həmçinin yeniliklər həyata keçirə bilərlər. Xəlifələrin qəbul etdiyi qərarlar tam olaraq hüquqi qüvvəyə malik olur.

Yayılan məlumatlarda o da qeyd edilir ki, xəlifələr 13 dekabrdan sonra “Kölgə kabineti” tərkibində bir il müddətində seçildikləri rəhbər vəzifələrini davam etdirirlər. Obyektivliyi və şəffaflığı təmin etmək məqsədilə seçkilər tamamilə tələbələrin öhdəsinə buraxılır və heç bir rəhbər şəxsin müdaxiləsinə yol verilmir. 2002-ci ildən sonra Növbəti “Xəlifə” günləri 2005-ci il 13 may, 2007-ci il 13 aprel, 2009-cu il 13 noyabr və 2011-ci il 13 dekabr tarixlərində həyata keçirilib və həmin günlər tələbələrin yaddaşında unudulmaz xatirəyə çevrilib. Ötən illərdən fərqli olaraq bu ilki xəlifə günü dekabrın 14-nə təsadüf edib, Habelə BSU nəzdində Məktəb-lisey kompleksində Şagird Parlamenti üzvləri direktor və direktor müavinləri vəzifələrini icra edib, bir sıra maraqlı tədbirlər keçiriblər. Tədbirlərdə hətta çoxlu sayda müxtəlif ranqlı qonaqların iştirakı da təmın olunub.

Yeri gəlmişkən, hələ on il bundan qabaq, əgər səhv etmirəmsə 2005-ci ildə məktəblilərdə fəal həyat tərzinin formalaşdırılması, təşkilatçılıq və idarəetmənin əsas sirlərinin mənimsədilməsi məqsədilə “Məktəb parlamenti” layihəsinə də star verilmişdi. Hətta bunun Əsasnaməsi belə hazırlanmış, layihəni həyata keçirməyə məsul olan koordinatorlar da müəyyənləşdirilmişdi. Məktəb-şagird Parlamentinə seçilən deputatların statusu: hüquqları, vəzifələri, səlahiyyətləri, deputatlıq fəaliyyətinin formaları, məktəb parlamentinin strukturu, spiker, vitse-spiker, parlamentin komissiyaları belə Əsasnamədə əksini tapmışdı.

Çox keçmədi ki, o zamankı “İrəli” Ümumrespublika Gənclər hərəkatı tərəfindən irəli sürülən bu layihəyə xeyli məktəb qoşulmuş oldu. Sonrası nə oldu, bilən olmadı.

Nə deyirik, vaxtaşırı maraqlı və mənalı layihələrin həyata keçirilməsi, şagirdlərimizə və tələbələrimizə müstəqil qərarlar qəbul etmək bacarığı aşılamaq, özünütəsdiq üçün şərait yaratmaq təqdirəlayiq haldır. Keçən müddət ərzində nə qədər parlamentari və xəlifə yetişdirdiyimizi dəqiq deyə bilmərəm. Təkcə onu deyə bilərəm ki, elə olmasın ki, bu gün xəlifə rolunu oynayan tələbələrimiz xəlifəliyə aludə olub gələcəkdə rəhbər vəzıfələrə yiyələnərkən xilafət üsul-idarəsindən istifadə edib, özlərini əsl xəlifə kimi aparsınlar. Şagirdlərimiz də parlamentari kimi püxtələşıb, öz layiq olduqları peşələrindən hər vəchlə yayınıb, deputatlıq uğrunda gərgin və amansız mübarizəyə qoşulsunlar. Bir də ki, nə bilmək olar, birdən kimsə aşınıb-daşınıb təhsil ocaqlarımızda “xunta günü” keçirilməsi ilə bağlı təşəbbüsdə bulundu.

Nadir İsrafilov, təhsil eksperti
Bolgexeber.com