BolgeXeber.Com » Analitika » Şadlıq evlərində böhran: Toy edən yoxdur (VİDEO)

Şadlıq evlərində böhran: Toy edən yoxdur (VİDEO)

8-02-2016, 18:12
Oxunub: 3 685 Şadlıq evlərində böhran: Toy edən yoxdur (VİDEO)"Toyda ötən il olmuşam, bu il hələlik dəvətnamə gəlməyib"

Manatın üzən məzənnə sisteminə keçməsindən sonra paytaxtda toy edənlərin də, toya hazırlaşanların da sayı azalıb. Şəhər sakinləri arasında apardığımız sorğudan da məlum olur ki, ötən ilə nisbətən 2016-cı ilin ilk iki ayında toya dəvətlər kəskin şəkildə azalıb.

"Bilirsiniz stollar bahadır, maaşlar isə azdır. Məsələn 50 manatlıq stola necə 50 manat yazdırmaq olar, gərək 100 manat atasan. İndiki vəziyyətdə iş yerləri azaldığından, bu, mümkün deyil. Ona görə də düşünürəm ki, toyların sayı azalıb".

Sorğuda iştirak edən digər bir şəhər sakini isə bu il hələ toya dəvət almadığını deyir:

"Toyda ötən il olmuşam, bu il hələlik dəvətnamə gəlməyib".

Amma sakinlər arasın da bu il övladlarına toy edənlər də var.

"Yanvarın 26 da oğluma toy etmişəm, demək olar ki, əla məclis olub".

"Ötən ilin sonu qızımın toyunu etmişəm".

Həmsöhbətlərim arasında qışda toyların sayının onsuz da az olduğunu deyənlər də var.

"Sonuncu dəfə məhərrəmlikdən əvvəl toyda olmuşam. Məncə qış toy üçün o qədər də əlverişli fəsil deyil. Yəqin bununla bağlıdır ki, toyların sayı azalıb".

Əvvəllər hər gün nişan, toy məclisləri ilə dolub-daşan restoranlarda da vəziyyət ürək açan deyil. Bir sıra restoranlar ümumi bahalaşma fonunda qiymətləri müəyyən qədər artırsa da, bəziləri heç bir artıma getməyib. Bakının tanınmış şadlıq saraylarından "Kleopatra"nın administratoru deyir ki, ötən illə müqayisədə toy, nişan və ad günləri üçün edilən müraciətlərin sayı kəskin şəkildə azalıb.

"Yanvar-fevral ayı üçün iş o qədər çox deyil. Mart-aprel ayı üçün müştərilərimiz var. Ötən illə müqayisə də müştəri qıtlığı çox hiss edilir. Ötən il bu vaxt təqvimlə işləyirdik. Qiymətlər 30-35 manat arası dəyişir”.

"7 gözəl" restoranın baş inzibatçısı isə deyir ki, ötən illə müqayisədə müştəri qıtlığı yaşanır. Qiymətlərdə heç bir artım olmadığını deyən inzibatçı yeni ildən bu yana heç bir sifariş götürmədiklərini deyir.

"Ötən illə müqayisəyə gəlməz. Bu insanların sosial durumu ilə əlaqədardır. Bu il bu şadlıq sarayında heç bir qiymət artımından söhbət belə gedə bilməz. Əksinə bəylə-gəlin üçün xüsusi hədiyyələrimiz var, əhalinin az təminatlı təbəqəsi üçün isə xüsusi güzəştlər edirik. Deyəsən cavanlar ailə məsuliyyətindən qorxur, evlənmək istəmirlər. 35 manatlıq geniş çeşidli menyumuz da var".

“Xəmsə” şadlıq evinin baş inzibatçısı isə devalvasiyadan sonra restorana toy sifarişi verənlərin sayında 70 faiz azalma olduğunu desə də, qeyd edib ki, adətən qışın ilk aylarda ümumiyyətlə toy bazarında durğunluq olur.

“Toy sifarişlərində azalma var. Amma sifarişlərimiz də var. Menyulara görə qiymət müəyyənləşdirilir. Buna uyğun endirimlər də edirik. Qiymətlər 35-60 manat arası dəyişir".

Sorğumuzu kamera qarşısında cavablandırmaqdan ehtiyat edən bəzi inzibatçılar isə bildirirlər ki, nəinki toy sifariş edənlərin sayı azalıb, artıq tarixi müəyyənləşdirilən və bununla bağlı şadlıq saraylarına beh verən xeyir iş sahibləri də toylardan imtina edib behlərini geri istəyirlər.

Restoran sahibləri arasında müştəri qıtlığından şikayət edənlərlə yanaşı toy bazarında yaşanan durğunluğa görə şadlıq sarayını satmaq istəyənlərlə də rastlaşdıq. Hətta elə restoran sahibləri var ki, artıq bununla bağlı elan verdiklərini də açıqlayıblar.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Rəşad Həsənov isə deyir ki, bu gün iqtisadi sektorda baş verən geriləmə, o cümlədən əhalinin gəlirlərinin azalması, devalvasiyadan sonra qiymətlərin sürətlə dəyişməsi restoran biznesinə də təsirsiz ötüşməyib.

"Apardığımız müşahidələr onu göstərir ki, dekabr və yanvar aylarını əhatə edən iki ay ərzində planlaşdırılmış hər iki toydan biri baş tutmayıb, yaxud da təxirə salınıb. Bu əslində onu göstərir ki, sonrakı dövrdə proses daha da dərinləşəcək. Çünki toy uzun müddətli prosesdir. Ailələr bu xeyir iş üçün əvvəlcədən hazırlaşırlar. 2016-cı ilə kimi ölkədə hər il 60-70 min arası toy olurdu. Hazırda əhalinin gəlirlərinin azalması, toy xərclərinin artması nəticəsində 2016-cı il bu sektorun ən zəif dövriyyəsi olan il olacaq. Toy ərəfəsində alınan zinət əşyaları, mebel və digər əşyalar xarici istehsal olduğu üçün qiymətlərdə artım baş verib. Təkcə qızılın qiymətində 50 faiz artım baş verib ki, bu da toy xərclərini artırır”.

Rəşad Həsənovun sözlərinə görə, daha ucuz xidmətlər təklif edən şadlıq evlərinin fəaliyyətində nisbətən dinamika müşahidə olunacaq.

"Eyni zamanda daha lüks kateqoriyalı xidmətlərin istifadəsində azalma daha çox hiss olunacaq. Bundan sonrakı dövrdə düşünürəm ki, istehlakçılar, vətəndaşlar daha çox aşağı qiymətlər təklif edən şadlıq saraylarına üz tutacaq ki, bu da yüksək kateqoriyalı şadlıq saraylarının 2016-cı ildə 70-80 faiz dövriyyənin azalması müşayiət olunacaq".

Rəşad Həsənov bildirib ki, ölkədə gedən proseslər Azərbaycanda formalaşan bahalı, dəbdəbəli toy məclisləri ənənələrinin nisbətən daha qənaətcil forması ilə əvəzlənməsinə gətirib çıxaracaq.
/APA TV/