BolgeXeber.Com » Analitika » Hansı ölkə ordusuna necə baxır?

Hansı ölkə ordusuna necə baxır?

5-04-2013, 10:20
Oxunub: 5 147 Azərbaycan əsgəri nə yeyir, başqaları necə qidalanır?
Azərbaycan rəhbərliyi ordunun günü gündən gücləndiyini, bu sahəyə qayğının artdığını önə çəkir. Hökumət rəsmiləri müdafiə xərclərinin düşmən ölkənin büdcəsindən də artıq olduğunu xüsusi vurğulayır. Lakin ordunun güclü olması təkcə silah-sursatla deyil, eyni zamanda əsgərlərin də durumu ilə ölçülür. Hərbi qulluqçunun durumu onun qidasından da çox asılıdır. Azərbaycan ordusunun əsgəri hansı qidaları yeyir və digər ölkələrdə bu sahədə vəziyyət necədir?
Azərbaycan əsgəri nə yeyir?
Döyüş şəraitində hesab olunan hərbi hissələrdə döyüş növbətçiliyi aparan hərbi qulluqçulara - 15 qr. kərə yağı, 20 qr. şəkər, 1 qr. çay, 100 qr. 1-ci növ çörək;
- Dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən hərbi hissələrdə (bölmələrdə) həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara -20 qr. şəkər, 1 qr. çay, 100 qr. 1-ci növ çörək, 15 qr. kərə yağı və 1500 metr yüksəklikdə yerləşən hərbi hissələrdə (bölmələrdə) həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara -20 qr. şəkər, 1 qr. çay, 100 qr. 1-ci növ çörək, 15 qr. kərə yağı, 20 qr qatılaşdırılmış şəkərli süd
- Daimi olaraq aerodromlarda, poliqonlarda , texniki və start mövqelərində uçuş aparatlarına bilavasitə xidmət edən zabit , gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına 50 qr. ət və 20 qr. pendir;
- İonlaşdırıcı şüalanmaların orqanizmə təsiri şəraitində və tərkibində zəhərli komponentlər olan yanacaqla işləyən (xidmət edən) hərbi qulluqçulara -50 qr. ət ,30 qr. kərə yağı, 100 qr. inək südü və 20 qr. pendir;
- İş günü hesab olunmayan bayram günlərində normanın dəyərinin 30 faizi həcmində əlavə ərzaq payı.
Avstraliya əsgəri yağ-bal içində saxlayır
Avstraliya ordusunda qulluq edənlərin yeməyinə nəinki əsgərlər, ordudan kənarda olanlar da həsəd apara bilər. Bir günlük rasiona mal əti, cüçə, pomidor və reyhanlı balıq, toyuq şobası, püre, bir neçə növ meyvə, pendir, şirniyyat, şokolad, qaymaq, meyvəli baton, kompot, şokoloda içkisi, biskvit daxildir. Bundan əlavə, paket çayı, şirin quru süd, qənd, kofe, ketçub, duz, istiot, saqqız, kibrit də verilir. Bundan əlavə, əsgərlərə evlərini xatırladacaq “Vecdemayt” adlı tərəvəzlərdən hazırlanan milli xörək də verilir.
Britaniya da Avstraliyadan geri qalmır
Britaniya ordusunun əsgərlərinin də payı avstraliyalı həmkarlarından geri qalmır. Onların rasionuna qoyun əti, bekon və lobyalı omlet, düyü plovu, pomidor və reyhanlı şorba daxildir. Əsgərlərə şirniyyat payı da unudulmur. Siropda armud, meyvə və qoz qarışığı, tropik meyvələrdən hazırlanan kisel, meyvəli baton, meyvəli yulaf peçenyesi, meyvə püresi, nabat, moruq içkisi. Bundan əlavə, onlara isti şokolad hazırlamaq üçün toz, moruqlu içki hazırlamaq üçün toz, çiyələkli içki, paket çayı, kofe, qaymaq, qənd, saqqız, salfetka, kibrit verilir.
Kanada və Danimarkada vəziyyət necədir?
Kanadalı əsgərlərin menyusuna ət, kartof püresi, çörək, şorba, içkilərdən isə şaftalı kompotu daxildir. Desertə nanəli şokolad konfetləri, peçenye və bal verilir. Bundan əlavə, kofe, qənd, qaymaq, duz, istiot, nəm salfetka, kibrit, diş çöpləri də əsgər payına daxildir.
Danimarkada əsgərlərə ətli şorba, balıq paşteti, isti şokolad, kofe, paket çayı, qənd, duz, istiot, həmçinin diş çöpləri və nəm salfetka verilir.
Fransız əsgərləri maral paşteti yeyir
Fransız əsgərlərinin yeməyi isə nəfisliyi ilə seçilir.
Isti yeməklərdən donuz əti, düyü və ananasdan hazırlanan xörək, ördək əti və lobyalı yemək, maral paşteti, balıq şobrasını göstərmək olar. Ikinci və üçüncü yemək kimi vanili düyü pudinqi, kənd peçenyesi, meyvə celesi, meyvə nuqası, karamel və şokolad təqdim edilir. Bütün bunların üstündən fransız limonadı, paket çayı, isti şokolad yaxud kofe içilir. Təbii ki, qənd, duz, istiot və salfetkalar da əsgər torbasından əskik olmur.
Alman və İtaliya əsgərlərinə də həsəd aparmaq olar
Almaniya ordusunda xidmət edənlərin də rasonu kifayət qədər zəngindir. Burada ətli yeməklər çoxluq təşkil edir. Əsgərlərə nahara ət və kartof qovurması, mal əti farşından Sevarsisi adlanan xörək, çovdar çörəyi, fermer kolbasası, mal ətindən paştet, yumşaq pendir verilir. Bundan başqa, meyvəli salat, kreker, albalı və ərik marmeladı, şokolad, ekzotik meyvələrdən hazırlanan içki, kofe, qaymaq, çay və qənd də əsgərlərin yemək payına daxildir. Əsgərlərə nəm salfetka, kibrit, duz və saqqız da verməyi unutmurlar.
Italyan əsgərləri nahara milli yemək olan pasta ilə yanaşı lobya şorbası, mal əti, zeytun yağında balıq, sosislər yeyir. Meyvəli baton, şirin və duzlu krekerlər, şokodad, kofe, qənd, quru şirin süd və duz da rasiona daxildir. Əsgərlər torbasında kibrit, diş çöpləri və diş fırçası da olur.
Litva və Polşada vəziyyət necədir?
Litva ordusunda yeməklər o qədər zəngin olmasa da, yaxşı hesab oluna bilər. Bura konservləşdirilmiş ət və dənli sous, toyuq bulyonu, kreker, fındıq, qara qarağat cemi, şokolad batonu, albalı içkisi, kofe, qənd daxildir. Əlavə olaraq əsgərlərə nəm salfetka və kibrit də verilir.
Polşa ordusunda da çeşid geniş olmasa da, əsgərlərin ac qalmaq şansı yoxdur. Polyak əsgərin naharına mal ətindən qulyaş, tərəvəz şorbası, kreker, küncüt batonu, qoz və quru meyvələr, C vitaminli konfetlər, qəhvəli konfet, portağa içkisi, duz, istiot, çay, kofe, quru süd daxildir. Əlavə isə saqqız və nəm salfetka verilir.
İspanlar qlükoza qəbul edir
Cənubi Koreya əsgərlərinə milli yemək hesab olunan kimçi (turşuya qoyulmuş sarımsaqlı və müxtəlif ədavalı Çin kələmi) ilə yanaşı düyülü qızardılmış vetçina, sosis, ağ lobya və soyu, badam keksi, şokoladla qidalanır.
Ispaniya əsgərlərinin yemək payına balıq salatı, donuz əti, alma jelesi, toyuq şorbası, qlükoza həbləri, saqqız, energetik həb, vitamin həbləri daxildir. Digər ordularda olduğu kimi əsgərlərə kibrit və salfetka da verilir.
Isveç və Norveç ordularında xidmət edən əsgərlərin yemək rasionları eynidir. Bura xama və kartoflu balıq xörəyi, yulaf peçenyesi, kişmiş, energetik içki daxildir. Saqqız və nəm salfetka da əsgər torbasından əskik olmur.
Rusiya Avropadan geri qalır
Bu yaxınlarda professonal orduya keçmək qərarı verən Ukraynada əsgər rasionuna mal ətli sıyıq, konservləşdirilmiş mal əti, kreker, yağda balıq, kolbasa farşı, toyuq bulyonu, çay, portağal içkisi və qənd daxildir. Digər ordularda olduğu kimi ukraynalı əsgərlər də nəm salfetka ilə təmin edilir. Nizam-intizamı ilə seçilməyən Rusiya ordusunda əsgərlərin yeməyi avropalı əsgərlərin payı qədər zəngin deyil. Ancaq bu payla da əsgərlər ac qalmaz. Bura ət konservləri - konservləşdirilmiş mal əti, donuz farşı, sosis konservi ilə yanaşı donuz əti ilə arpa yarması sıyığı, mal əti ilə düyü sıyığı daxildir. Bundan əlavə, qozlu-şokoladlı pasta, qatılaşdırılmış içki, çay və qənd da əsgər yeməyinə aiddir. Əsgərlərə portativ qızdırıcı, kağız salfetlər, “Komplivit” polivitaminləri və qapaq açan da verilir.
ABŞ elə ABŞ-dır
Dünyanın ən güclü hesab edilən ABŞ ordusunda əsgərlərəi əməlli-başlı qulluq edirlər. Hərbçilərin yemək payına donuz qabırğaları, barbeku sousu, kökə, kartof şorbası, böyürtkən cemi, yerfındığı yağı daxildir. Şirniyyət də yadda çıxmayıb. Əsgərlərə skittls, qoz və kişmiş qarışığı, saqqız, qənd, kofe, qaymaq, “limon-laym” içkisi də verilir.
Əlavə olaraq əsgər çantasında duz, nəm salfetka, kibrit, hətta tualet kağızı da olur.
İsrail əsgərlərə yemək limiti qoymayıb
İsrail ordusunda isə əsgərlərə verilən yeməklərin çoxluğu onların artıq kalori yığmasına səbəb olur. Bu səbəbdən də Müdafiə Nazirliyində xüsusi hərbi dietoloqlar xidməti yaradılıb. Ancaq bu əsgərlərin yeməklərinin azalmasına gətirib çıxarmayıb. Israil ordumunda xidmət edənlərə naharda qızardılmış toyuq, şirinli-acılı sousda qızardılmış toyuq budları, zeytun yağında qızardılmış kotlet, balıq və tərəvəzlər verilir. Bundan əlavə, əsgər yeməkxanasında sosis, müxtəlif kotletlər, hamburgerlər də verilir. Hər bir əsgər bu yeməklərdən istədiyi qədər yeyə bilər. Özü də burda əsgər, zabit və generallar bir yerdə, “Isveç masası” prinsipi ilə nahar edir. Yeməyə məhdudiyyət qoyulmur. Israil ordusunda yeməklər yalnız təzə ətdən hazırlanır. Döyüş şəraitində olan hərbçilərin rasionu bir qədər də zəngindir. Özü də eyni yeməkdən bezməsinlər deyə əsgərlərə müxtəlif yemək çeşidləri təqdim edilir.
Belə zəngin rasion son vaxtlar Israil əsgərlərinin hədsiz kökəlməsinə səbəb olur. Məhz bu da ordu rəhbərliyini dietoloqlar xidməti yaratmağa vadar edib. Hətta çəkisini azaltmaq istəyən əsgərlər öz istəklərinə uyğun olaraq müxtəlif məşğələlərə də yazıla bilər. İsrail ordusunda artıq çəkili əsgərləri döyüş bölgələrinə göndərmirlər. Lakin əksər əsgərlər məhz belə bölgələrdə xidmət etmək arzusunda olduğundan çəkiləri azalmağa çalışır.
Fizzə