BolgeXeber.Com » Analitika » Əsgər ölümləri niyə daha çox regionlarda olur?

Əsgər ölümləri niyə daha çox regionlarda olur?

9-04-2013, 11:10
Oxunub: 4 681 Azad İsazadə: «Hərbi hissələrə vətəndaş cəmiyyətinin nəzarəti olmalıdır»
Üzeyir Cəfərov: «Hərbi hissələrdə əsgərlərin problemlərini dinləmək üçün psixoloqlar fəaliyyət göstərməlidir»
Bu gün ölkədə ən çox müzakirə olunan, insanları ən çox narahat edən problemlərdən biri əsgər ölümlərinin sayının artmasıdır. Hətta ölkədə son zamanlar keçirilən aksiyalar birbaşa bu faciəli məsələyə həsr olunub. Atəşkəs imzanlandığı gündən indiyədək 4000-ə yaxın əsgər həyatını itirib. 2013-cü ildə isə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun itkiləri 20 nəfər təşkil edib. Əsgər ölümləri ilə bağlı xeyli yazılar yazılıb, müxtəlif jurnalist araşdırmaları olub. Ancaq indiyə qədər bu müəmmalı ölümlərin konkret səbəbi üzə çıxarılmayıb.
Ancaq diqqət çəkən bir məqam ondan ibarətdir ki, əsgər ölümlərinin 99 faizi bölgələrdə baş verir.
Bakıdakı hərbi xidmətlə, bölgələrdəki hərbi xidmət arasında hansı fərqlər var? Niyə bu faciəli proses əsasən bölgələrdə baş verir?

Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, əsgər ölümlərinin müxtəlif səbəbləri var. Həm yaş məsələsi, həm yerləşmə öz təsirini göstərə bilir. “Bakıdan fərqli olaraq, cəbhə bölgəsində səhra şəraitində xidmət daha çətindir. Əsgərlərin həddindən çox problemi olur. Əsgərlər problemlərinin həllini tapa bilmirlər. Bu intiharların və digər xoşagəlməz halların qarşısın almaq üçün, hərbi hissələrdə psixoloqlar olmalıdır. Onlar gənc əsgərlərlə mütəmadi danışıqlar aparmaldır. Hökumət parlamentdə bəzi qanunlar qəbul etməklə işi bitmiş sayırlar”- deyə Üzeyir Cəfərov bildirdi.
Ekspert onu da əlavə etdi ki, əsgər ölümlərinin səbəbini bölgələrdə deyil, Bakıda axtarmaq lazımdır. Müdafiə Nazirliyi öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir.

Hərbçi-psixoloq Azad İsazadə bildirdi ki, hərbi hissələrdə ki, vəziyyət hər yerdə eyni deyil. Müxtəlif hərbi hissələrdə, müxtəlif problemlər hökm sürür. Bölgələrdəki, hərbi hissələrə valideyinlərin gedib-gəlişi də, ümumi nəzarət də çətindir: “Əyalətlərdəki hərbi hissələrin komandirləri, Bakıdakı komandirlərdən daha sərbəstdir. Əsgərlər arası münasibətlər, əsgər-zabit münasibətləri nəzarət zəif olan yerlərdə daha bərbad vəziyyətdə olur. Hərbi rəhbərlik isə bu neqativ halların qarşısın ala bilmir. Bütün dünyada ordudakı problemlərin həllini, vətəndaş cəmiyyətinin nəzarətini təmin etməklə həyata keçirirlər. Azərbaycanda isə hakimiyyət vətəndaş nəzarətinə imkan vermir, özü isə problemi həll etməkdə acizdir”- deyə Azad Isazadə bildirdi.
İlham Hüseyn