BolgeXeber.Com » Analitika » Sevinc Babayevanın ölüm dosyesi

Sevinc Babayevanın ölüm dosyesi

22-05-2013, 08:00
Oxunub: 4 828 Sevinc Babayeva ölərkən son sözü nə olub?
“Gülərgeyt qalmaqalı”nın əsas fiquru olan xanımın son gündə yaşadıqları dəqiqə-dəqiqə “; “...anamın ölümünün təbii səbəblərdən baş vermədiyi müəyyən edilsə, o zaman onun ölümünə səbəb olan şəxs və ya şəxslərdən şikayətçi olacağam”

Redaksiyamıza “Gülərqeyt qalmaqalı”nda adı hallanan, 2012-ci ilin 26 dekabrında İstanbulda dünyasını dəyişən Sevinc Babayevanın ölüm dosyesi daxil olub. İstintaqa yaxın mənbələrdən əldə etdiyimiz dosye Türkiyədə aparılan istintaqın nəticələrini özündə əks etdirir. Osmanlı türkcəsində yazılan dosye 27.03.2013-cü il tarixində hazırlanıb. İçində isə S.Babayevanın ölümündən sonra Türkiyədə dindirilən bir neçə nəfər hal şahidinin ifadəsi ilə yanaşı, onu müayinə edən həkimlərin, habelə ilkin ekspertizanın nəticələri öz əksini tapıb.
Bora Soyulcu: “Qadın davamlı olaraq ”ölmək istəmirəm" deyə sayıqlayırdı"
Sənəddə göstərilib ki, 26.12.2012 tarixində yalnız yaşadığı evində halı pisləşən S.Babayeva bu barədə telefonla binanın təhlükəsizlik xidmətinə məlumat verib. Sonuncu isə təcili yardımla əlaqə saxlayıb. 122 Təcili Yardım heyəti tərəfindən Esenyurd Dövlət Xəstəxanası Təcili Yardım Xidmətinə gətirilən S.Babayevanın ümumi vəziyyəti pis olub. Onu öncə xəstəxananın reanimasiya şöbəsinə aparsalar da, eyni gün Özəl Medicana İnternational İstanbul Xəstəxanasına köçürüblər və 26.12.2012 tarixində də dünyasını dəyişib.
Dosyedə ilk ifadə S.Babayevanın yaşadığı binanın mühafizə xidməti əməkdaşı Bora Soyulcuya məxsusdur. B.Soyulcu 28.12.2012-ci il tarixində istintaqa verdiyi ifadəsində aşağıdakıları deyib: “Ayişığı Sitesi Altinq Place adlı binada özəl təhlükəsizlik xidməti əməkdaşıyam. Binamızda Al blok, d-29 saylı mənzildə Səlcuq Ağlayan adlı şəxs kirayənişin olaraq yaşayır. Səlcuq bu mənzilə hərdənbir gəlirdi. Ancaq adını bu olaydan sonra öyrəndiyim Sevinc Babayeva adlı qadın bu binada tək yaşayırdı. Səlcuq adlı şəxslə bəzən bərabər, bəzən isə tək gələn bir şəxs də vardı. Amma onun adını bilmirəm. Sevinc adlı şəxs ürək xəstəsi olduğunu daha öncə demişdi. Bayıra da çox nadir hallarda çıxırdı. Hadisə günü olan 26.12.2012 tarixində, saat 07.45-də binanın mühafizə köşkünün 680 nömrəli daxili telefonuna zəng etdi. Telefonu dostum Emin Komşucu götürdü və bir qadının kömək istədiyini dedi. Mən dərhal xanımın yaşadığı evə getdim. Dostum da 112-yə zəng etmək üçün yerində qaldı. Qadının yaşadığı 29 saylı mənzilə çatanda o, qapının ağzında, içəridə yatırdı və qapı açıq idi. Qadın arxası üstə uzandığı üçün dili boğazına getməsin deyə onu yana çevirdim. Qadın davamlı olaraq ”ölmək istəmirəm" deyə sayıqlayırdı. Evin mətbəxində şərab şüşəsinə bənzəyən bir şüşə var idi. Mən də ondan içki içib-içmədiyini soruşdum. Mənə içki içmədiyini dedi. Təxminən 10-15 dəqiqə təcili yardım maşınının gəlməsini gözlədik. Qadın çətinliklə nəfəs alırdı və dodaqları, əlləri göyərməyə başladı. Daha sonra təhlükəsizlik xidmətinin digər əməkdaşı Didem Haftala gəldi. Mən oradan uzaqlaşdım ki, təcili yardım maşınına yol göstərmək üçün küçəyə çıxım. Təcili yardım gələn kimi bir yerdə qadının yanına getdik. 112 xidmətinin əməkdaşları qadından şəxsiyyət vəsiqəsini istəyəndə isə o, sənədlərin Səlcuqda olduğunu, Səlcuqun gətirəcəyini dedi. Təcili yardım maşını qadını xəstəxanaya apardı. 25.12.2012 günündə, saatını tam xatırlamasam da, saat 21.00-22.00 arasında Səlcuq Ağlayan binaya girib, amma nə zaman çıxdığını xatırlamıram. Mənim bildiklərim bundan ibarətdir".
Ayxan Məmmədov: “Biz İstanbulda olanda anamın vəziyyəti pisləşdi, amma xəstəxanaya getmək istəmədi”
Dosyedə S.Babayevanın oğlu Ayxan Məmmədovun 28.12.2012 tarixində Türkiyədəki istintaqçılara verdiyi ifadə də yer alıb. A.Məmmədov ifadəsində bildirib: “Anam təxminən 2 ay öncə İstanbula gəlmişdi. Onunla telefonla danışmışdıq. Anam gedəndən sonra ondan 2 yaş kiçik olan xalam Təranə Səfərova ilə birlikdə 11.10.2012 tarixində İstanbula gəldim. Biz gələndə aeroportda bizi üzərində mənim adımın yazıldığı bir kağızla bir şəxs qarşıladı və apardı. Anamın yanında qaldıq. Mən onun yanında iki gün qalıb qayıtdım. Amma xalam daha bir neçə gün qaldı. Anamın yanında qalanda bir gün axşam anamın vəziyyəti pisləşdi, təhlükəsizlik xidməti əməkdaşlarının köməyi ilə təcili yardım çağırdıq. Təcili yardım xidmətinin əməkdaşları gəlib anamı müayinə etdilər, onu xəstəxanaya aparmaq istədilər. Anam xəstəxanaya getmək istəmədi. Həmin gün anam gələnlərə hər hansı sənəd göstərmədi, həkimlər də hər hansı qeydiyyat aparmadı. Səlcuq adlı şəxslə İstanbulda anamın qaldığı evdə 15-20 dəqiqə söhbət etdik. Mən Səlcuq adlı şəxsi ilk dəfə orda gördüm. Ondan öncə heç görüşməmişdik. 2-3 ay əvvəl Azərbaycan mediasında anamla bağlı olaraq youtube-də bir video çıxdı. Video yayımlanmadan bir gün əvvəl axşam saatlarında anamın səhhətində heç bir problem olmadığı halda birdən ürəyindən narahatçılığı olduğunu və müalicə üçün Türkiyəyə gedəcəyini söylədi. Tez-tələsik gecə Türkiyəyə getdi. Eyni günün sabahı yayımlanan videoda isə anamın 2008-ci ildəki deputat seçkilərində (söhbət 2005-ci il seçkilərindən gedir-müəl.) namizəd olan Elşad Abdullayev adlı şəxsin qalib gəlməsi üçün onunla Gülər Əhmədova arasındakı alverdə vasitəçilik etdiyi görüntüləri vardı. Böyük bir ehtimalla anam bu xəbərlərin yayılacağını öyrəndiyi üçün tez-tələsik Türkiyəyə gəlmişdi. Anamla bu mövzuda danışmadıq, bu xəbərlərdən sonra onun ürək ağrıları artdı. Mənim ölkə xaricinə çıxmağımın da məhz bu səbəbdən qadağan edildiyini öyrəndim. Anamın gizli sirlərini bilən bir qohum və ya dostu yox idi. Anamın ölümü ilə bağlı hazırda heç kimdən şübhələnmirəm və heç kimdən şikayətçi deyiləm. Əgər anamın ölümünün təbii səbəblərdən baş vermədiyi müəyyən edilsə, o zaman onun ölümünə səbəb olan şəxs və ya şəxslərdən şikayətçi olacağam”.
Səlcuq Ağlayan: “Məryəm xanım burada ticarətə başlayacaqdı”
Bu işdə adı “açar fiqur” olaraq hallandırılan Səlcuq Ağlayanın ifadəsi isə olduqca qısa və təfərrüatsızdlr. Cənab Ağlayan 29.12.2012 tarixində istintaqa verdiyi ifadəsində bildirib: “Məryəm xanım Türkiyədə olduğu müddətdə Bakıdan Ayxan adlı şəxslə yanındakı xanım bura gəldi. Başqa heç kimi görmədim. Lakin Məryəm xanım bir söhbətində Bakıdan bir dostunun gələcəyini və onun da Türkiyədən mal götürəcəyini demişdi. Məryəm xanım bura müalicə üçün gəlmişdi. Lakin bu 3 aylıq müddət ərzində xəstəxanaya gedib-getmədiyini bilmirəm. Gedibsə də, bunu da bilmirəm. Sadəcə, bir dəfə mənim oğlum onu Cərrah Paşa Tibb Fakültəsinə apardı. Orda da müalicənin başlanması üçün xəstəxanada qalmalı olduğunu və müalicənin bahalı olduğunu öyrəndik. O da pulunun gələcəyini deyirdi. Güman edirəm ki, bu səbəblə də xəstəxanaya getməmiş ola bilər. Dediyim kimi, bu barədə onsuz da onunla çox ünsiyyətdə deyildim. Ayxan da mənə fərqli nömrələrdən zəng edirdi. Mən Ayxana ”Məryəm xanımı itirdik, başınız sağ olsun" mesajını yazdım. Məryəm xanım xəstə olduğu üçün və müalicəsi yekunlaşandan sonra ticarətə başlaya biləcəyini dediyi üçün biz onunla ticarətlə bağlı hər hansı bir addım atmadıq".
Meral Yıldırım: “Dedim ki, onu reanimasiya şəraiti yüksək olan xəstəxanaya köçürmək lazımdır”
Dosyenin bundan sonrakı hissəsi isə tamamən həkimlərin və tibbi ekspertərin rəyindən ibarətdir. Tibbi termin, dərman adının bol olduğu bu hissədə S.Babayevanın səhhəti təsvir edilib. İlk ifadə Esenyurt Dövlət Xəstəxanasının Təcili Yardım şöbəsində çalışan həkim Meral Yıdırıma məxsusdur. Həkim bu ifadəni 28.12.2012-ci il tarixində verib. M.Yıldırım bildirib ki, xəstəni qəbul edərkən onun vəziyyətinin pis, şüurunun qapalı olduğunu təsbit ediblər.
Eyni xəstəxananın həkimi Onat Akyol isə istintaqa 28.12.2012 tarixində verdiyi ifadəsində S.Babayevanın vəziyyətini daha dəqiq təsvir edib: “26.12.2012 tarixində Esenyurd Dövlət Xəstəxanasında narkoz və reanimasiya mütəxəssisi olaraq vəzifəmin başında idim. Tam xatırlamadığım saatda xəstəxananın təcili yardım şöbəsində bir xəstə olduğunu və onun reanimasiyaya ehtiyac duyduğunu deyərək məni çağırdılar. Mən şöbəyə çatanda bu xəstənin bir qadın olduğunu gördüm. Xəstəni görəndə ona ürək masajı edilirdi. Şüuru bağlı idi, rəngi isə göyərmişdi. Hər hansı reaksiyası yox idi. Müəyyən müdaxilələrdən sonra onu reanimasiyaya apardıq, bir qədər sonra şüuru da açıldı”.
Həkim bildirib ki, bundan sonra xəstənin reanimasiya şəraiti daha yüksək olan bir xəstəxanaya köçürülməsini uyğun bilib: “Xəstəni tanıdığını bildirən Səlcuq adlı şəxs onunla bağlı məlumat almaq istəyəndə bildirdim ki, onu daha yüksək səviyyəli kardioloji müdaxilə və reanimasiya şərtləri olan səhiyyə müəssisəsinə aparmaq lazımdır. O da Beylikdüzü Medicana Xəstəxanasına aparılmasını istədi. Bundan sonra 112-yə zəng vuruldu və xəstənin sağlıq göstəriciləri ilə bağlı məlumat verildi və köçürülmə baş verdi”.
Sol qolunda “Allahu-Əkbər” sözləri yazılmış tatuirovka...
Medicana İnternational İstanbul Xəstəxanasından 26.12.2012 tarixində verilən tibbi rəydə isə S.Babayevanın xəstəxanaya gətirilərkən vəziyyəti öz əksini tapıb. Rəyə xəstənin keçmişi, sistemli xəstəlikləri, istifadə etdiyi dərmanlar, allergiyasının olub-olmaması barədə məlumatlar əlavə edilməyib. Buna səbəb S.Babayevanın şüurunun qapalılığı, xəstəxanada isə heç bir yaxın adamının onu müşayiət etməməsi olub.
Yuxarıda da qeyd etdiyimiz kimi, tibbi rəydə saysız-hesabsız terminlər, dərman adları olduğundan bunlarla oxucuları yormaq istəmirik. Sadəcə, tibbi rəydə və autopsiyada diqqəti çəkən məqamları sizlərin nəzərinə çatdıraq:
Müayinə və autopsiya nəticəsində xəstənin iki aydır Türkiyədə müalicə gördüyü üzə çıxıb. Müayinə zamanı S.Babayevanın şüuru bağlı olub. Onun bədənində hər hansı toksik maddələr aşkarlanmayıb. S.Babayevanin sol qolunda 12X6 santimetrlik sahədə ərəb hərfləri ilə “Allahu-Əkbər” sözləri yazılan tatuirovka olub. Burun dəlikləri və ağzının sağ ətrafında qurumuş qan ləkələri qeydə alınıb. Bundan başqa, onda sümük deformasiyası və ya hansısa zərbə əlaməti də görülməyib. Rəyin sonunda göstərilib ki, ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstənin ölümü “ağciyər tromboemboli” üzündən baş tutub.
Ekspert rəy ədliyyə tibb mütəxəssisləri İbrahim Üzün Hüseyn Sarı, eyni zamanda tibbi patalogiya mütəxəssisləri Canser Çakalır, Murad Elevli, Rıza Madazlı və anesteziya və reanimasiya mütəxəssisi, professor Hüseyn Öz tərəfindən imzalanıb və Böyükçəkməcə Cümhuriyyət Baş Prokurorluğuna, mütəxəssis Yüksək Aydın Yazıcıya göndərilib.
Beləliklə, Azərbaycan tarixinin ən qalmaqallı siyasi cinayətinin əsas iştirakçısının ölüm dosyesini yayınladıq. Normalda bunların işıq görməsi mümkünsüzdür. Bunu yayınlayaraq, əmin olduğumuzu bildiririk ki, bu sənədlər ictimaiyyətin və gələcək tədqiqatçıların qənaətlərinə yardımçı olacaq.
musavat.com