BolgeXeber.Com » Analitika » İki yerə bölünən Sumqayıtın icra başçısı kim olacaq?

İki yerə bölünən Sumqayıtın icra başçısı kim olacaq?

30-09-2013, 10:20
Oxunub: 4 388 Sumqayıtın iki rayona bölünəcəyini eşidən bələdiyyə sədri bütün imkanlarını səfərbər edibqa

Yaşı və bələdiyyə rəhbəri kimi vəzifəsində yol verdiyi müxtəlif nöqsanlar isə onun bu istəyinin qarşısına sədd çəkir

Prezident seçkilərindən sonra Sumqayıt şəhərinin iki inzibati rayona bölünəcəyi gözlənilir. Bu barədə bir neçə gün öncə Sumqayıtın Baş Planının müzakirəsi zamanı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. O bildirib ki, bölgü 9 oktyabr prezident seçkisindən sonra həyata keçiriləcək. Lakin icra hakimi bölgünün hansı ərazidən aparılacağını və rayonların adlarını açıqlamayıb. Şəhər sakinləri arasında gəzən söz-söhbətlərə əsasən, rayonlardan biri Tağıyev qəsəbəsindən Sumqayıtın 9-cu mikrorayonunadək olan ərazini əhatə edəcək.

Yeni inzibati ərazi dəyişiklikləri bir sıra dövlət strukturlarının yaradılmasına səbəb olacaq. O, Baş Planın müzakirəsi zamanı yeni tikintilər üçün məhz həmin ərazilərin ayrılmasını məqsədəuyğun sayıb. İcra hakimi bildirib ki, planı hazırlayanların tikinti üçün təklif etdiyi digər ərazidə villalar, geniş mənzillər tikildiyindən, həmin evlərdə yaşayanların köçürülməsi həm iqtisadi, həm də şəhərin görkəmi baxımından münasib sayıla bilməz. Şəhər rəhbəri həmçinin qeyd edib ki, bölgü aparılandan sonra həmin rayonlara icra başçıları da təyin olunacaq. TİA.AZ-ın etibarlı mənbələrdən əldə etdiyi məlumatlara görə, Sumqayıtda yaradılacaq rayonlara başçılış etmək üçün bəzi şəxslər artıq canfəşanlıq etməyə başlayıblar. Mənbənin sözlərinə görə, belə şəxslərdən biri də hazırda Sumqayıt bələdiyyəsinin sədri vəzifəsini icra edən Əbülfəz Babayevdir: «Bələdiyyə rəhbərinin yaşı 60-dan çox olsa da, vəzifə iştahası çox qabarıqdır. Onda kresloya, vəzifəyə sanki bir bağlılıq var. Uzun müddətdir Sumqayıt bələdiyyəsinə sədrlik edən Əbülfəz Babayev icra başçısı olmaq sevdası ilə yaşayır. Bu məqsədlə o, yuxarılarda oturan bəzi dayaqlarının köməyindən də istifadə etmək qərarına gəlib. Və icra başçısı olmaq istəyini onlara çatdırıb. Qarşı tərəf isə hələ ki, bununla bağlı sədrə konkret söz verməyiblər. Çünki bu məsələlər prezidentin səlahiyyətinə aiddir. Kimin icra hakimi təyin olunmasına ölkə rəhbəri qərar verir. Prezident etimad göstərdiyi şəxsləri icra başçısı təyin edir». Mənbənin fikrincə, Əbülfəz Babayevin icra başçısı keçmək şansları çox azdır: «Birincisi, o, neçə il ərzində bələdiyyə sədri kimi üzərinə düşən öhdəlikləri lazımi səviyyədə yerinə yetirə bilməyib.

Sumqayıt bələdiyyəsi onun qanunsuz əməllərinin nəticəsində demək olar ki, fəaliyyətsiz bir quruma çevrilib. Bələdiyyə səlahiyyətində olan işləri yerinə yetirə bilmir. Qurumun balansında olan yollar və parklar baxımsızlıqdan yaman günə düşüb. Bələdiyyənin büdcəsinə yığılan pullar təyinatı üzrə xərclənmir.

Digər tərəfdən bələdiyyə sədrinin yaşı artıq keçib. Yəni o bu yaşdan sonra icra başçısı kimi hansısa müsbət işlərə nail ola, üzərinə düşən missiyanı yerinə yetirə bilməz. Buna baxmayaraq, sədr indidən özünü icra başçısı kimi aparır. Hətta bu günlərdə bələdiyyə üzvləri ilə halallaşıb və bildirib ki, yaxın vaxtlarda yeni vəzifəyə keçəcək».

Özəl qaynaqlar isə T bildirir ki, Əbülfəz Babayevin icra başçısı olmaq istəyi absurd bir məsələdir. Belə ki, onun fəaliyyətindəki nöqsanlar və həyata keçirdiyi qanunsuz işlər barədə Sumqayıtın rəhbəri lazımi orqanlara yetəri qədər bilgi çatdırıb. Yəni ölkə rəhbərliyi belə bir şəxsi heç vaxt icra hakimi təyin etməz:

«Əbülfəz müəllim icra başçısı olmaq eşqinə düşüb, amma bilmir ki, seçkidən sonra onu Sumqayıt bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdıracaqlar...» Əldə etdiyimiz informasiyanı araşdırmaq üçün bələdiyyə sədri ilə əlaqə yaratmaq istəsək də, bütün cəhdlərimiz uğursuz oldu. Bununla belə, sədr yazıya münasibət bildirmək istəsə, dərc etməyə hazırıq.