BolgeXeber.Com » Analitika » Azərbaycan-NATO münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib

Azərbaycan-NATO münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib

18-03-2024, 19:32
Oxunub: 2 888

Azərbaycan Respublikası ilə NATO arasında səmərəli və məzmunlu tərəfdaşlıq münasibətləri mövcuddur və son 30 ilə yaxın dövr ərzində Sülh Naminə Tərəfdaşlıq Çərçivə Sənədinin icrası bu əlaqələri daha da irəliyə aparıb. Bu tərəfdaşlıq münasibətlərinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1994-cü il mayın 4-də Şimali Atlantika blokunun mənzil-qərargahında “Sülh naminə tərəfdaşlıq” Proqramının çərçivə sənədinin imzalanması ilə qoyulub. Həmin vaxtdan Azərbaycan ilə NATO arasında tərəfdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycan 1992-ci ilin martında əməkdaşlıq və məsləhətləşmələr üçün forum rolunu oynayan Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulub.


1994-cü il 3-4 may tarixlərində  Azərbaycanın mərhum prezidenti Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil qərargahında NATO Sülh naminə tərəfdaşlıq proqramının Çərçivə sənədini imzalayıb.
1997-ci ilin noyabr ayının 14-də prezident Heydər Əliyev Azərbaycanın NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında sərəncam imzalayıb.
Azərbaycan 2004-cü ildə NATO-nun Fərdi Tərəfdaşlıq Əməliyyat Planına (FTƏP) qoşulub. Azərbaycan Respublikası və Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) arasında hərbi əməkdaşlıq da davam etdirilir. Azərbaycan Silahlı Qüvvələri aparılan islahatlar nəticəsində müdafiə və hərbi əzmkarlığını gücləndirib və müasirləşdirib, NATO standartlarına uyğun yüksək səviyyəli peşəkar ordu yaradıb. NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri olduqca mühüm siyasi-hərbi əhəmiyyət kəsb edir. Yens Stoltenberqin Bakıda mətbuata bəyanatında bildirdiyi kimi  Azərbaycan-NATO tərəfdaşlığı regionda sülh bölgə xalqları, ölkələri üçün çox vacibdir. Azərbaycan tərəfindən regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə töhfə verən və tərəfdaş ölkə kimi Azərbaycanla NATO arasında müntəzəm siyasi dialoqun aparılması və praktiki əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti yüksəkdir.
Bu gün Azərbaycan NATO ilə siyasi dialoq və məsləhətləşmələri genişləndirir, bu qurumla siyasi, hərbi, iqtisadi, ictimai məlumatlandırma, elm, ətraf mühit və digər sahələrdə əməkdaşlıq münasibətlərini inkişaf etdirir. Azərbaycanın xarici siyasəti çoxşaxəlidir. Bu siyasət dünyada gedən proseslərə təsir imkanları olan hər bir beynəlxalq təşkilatla əməkdaşlığı, qarşılıqlı münasibətlərin qurulmasını və inkişafını  özündə ehtiva edir. Azərbaycan üzvü olduğu və ya tərəfdaşlıq etdiyi hər bir təşkilatın ümdə prinsiplərinə daim sadiq qalıb, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. NATO ilə münasibətlərdə də Azərbaycan "Sülh naminə tərəfdaşlıq" Proqramına qoşulandan ötən 30 il ərzində daim əməkdaşlığı genişləndirmək xətti yürüdüb, bu təşkilatın ümumi işinə mühüm töhfələr verib. Azərbaycan Avratlantik məkanda təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə sanksiyalaşdırılmış NATO-nun rəhbərlik etdiyi sülhü dəstəkləmə əməliyyatlarında iştirak edir. Hərbi dəstəkdən başqa Azərbaycan NATO-nun fəaliyyətinə siyasi və logistik dəstək verir.
Azərbaycanı dünyanın diqqət mərkəzinə çəkən məqamlar sırasında ölkəmizin geosiyasi və strateji mövqeyi, zəngin enerji ehtiyatları, ən yüksək templə müşayiət olunan iqtisadi və sosial inkişaf, həmçinin bu qəbildən olan digər amillər mühüm yer tutur. Bir çox digər sahələrdə də Azərbaycan vacib əhəmiyyətə malik dövlət sırasında yer alır ki, onlardan biri də terrorçuluqla mübarizədir. Təsadüfi deyil ki, hazırda Azərbaycan beynəlxalq antiterror koalisiyasının ən fəal üzvlərindən biridir.
NATO-nun həyata keçirdiyi son tədbirlər və yürütdüyü siyasət onu göstərir ki, bu qurum regionda özünə ən yaxın strateji tərəfdaş olaraq Azərbaycanı görür. Alyansın ölkəmizin regionda və dünyada gedən proseslərdə hansı dərəcədə mühüm rolunun olduğunu dərk etməsi isə Azərbaycanın beynəlxalq nüfuzunun artması yönündə ən yaxşı amilidir.

Türkan Şadlinskaya - Bərdə rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi