BolgeXeber.Com » Ölkə » Şabran: milyonların ayrıldığı, camaatın acınacaqlı halda yaşadığı rayon

Şabran: milyonların ayrıldığı, camaatın acınacaqlı halda yaşadığı rayon

2-05-2015, 15:17
Oxunub: 5 274 Şabran: milyonların ayrıldığı, camaatın acınacaqlı halda yaşadığı rayonİcra başçısı Novruz Novruzov və müavini Mehdi Balabəyov büdcə vəsaitlərini necə xərcləyir?

Rayonun ərazisində aparılan abadlıq işləri bəzi sahibkarları müflis edə bilər

Bölgələrdə abadlıq-quruculuq işləri geniş vüsət alıb. Ölkə rəhbərliyi regionların sosial-iqtisadi inkişafına böyük önəm verdiyindən hər il dövlət büdcəsindən rayonlarda abadlıq işlərinin görülməsi məqsədilə vəsaitlər ayırır. Bir sıra hallarda isə həmin vəsaitlərin xərclənməsində qanun pozuntularına yol verilir. Buna görə də bəzi rayonlarda abadlıq işləri nəzərdə tutulan səviyyədə aparılmır. Üstəlik, əhalinin yerli məmurlar tərəfindən incidilməsi hallarına rast gəlinir. Bu baxımdan Şabran rayonunda da vəziyyət ürəkaçan deyil. Əhalinin böyük hissəsi icra başçısı Novruz Novruzovun fəaliyyətindən giley-güzar edir.

Qeyd edək ki, Novruz müəllim əslən Lerik rayonundandır. O Zövnə kəndində anadan olub. 1971-ci ildə Yardımlı qəsəbə 1 saylı orta məktəbini, 1982-ci ildə Bakı Dövlət Universitetini, 1993-cü ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. 1995-2002-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2007-ci illərdə isə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 2007-ci ilin iyun ayından isə Şabrana başçılıq edir. Rayondakı mənbələrdən aldığımız bilgilərə görə, icra başçısı əhalini narahat edən prolemlərlə maraqlanmır, yalnız özünün şəxsi imkanlarının yaxşılaşması haqda fikirləşir: "O icra başçısı vəzifəsinə yeni təyin olunan vaxtlarda bəzi işlər gördü. Amma mənfisi müsbətindən daha çoxdur. Belə ki, o icra başçısı təyin edildikdən sonra yüzlərlə mağaza və xırda müəssisəni sökdürdü. Sökülən obyektlərin yerində isə özü üçün mağazalar inşa etdirdi. İcra başçısı "Seyidlər qəbiristanlığı" kimi tanınan ən qədim məzarlıqda daşı daş üstə qoymayıb. Qəbiristanlığı söküb yerini satışa çıxarıblar. Sözügedən ərazidə ticarət obyektləri tikilib istifadəyə verilib. Rayon rəhbərliyi Şabranın mərkəzində yerləşən Şəhidlər Xiyabanının ərazisinin müəyyən qismini hissə-hissə fərdi yaşayış evi inşa etmək məqsədilə müxtəlif şəxslərə satıb. İcra başçısı Qalaaltı kimi tanınan ərazidə özünə və tanınmış şəxslərdən birinə çoxqübbəli villa inşa etdirib". Məlumata görə, 2007-ci ildən sonra rayonda işsizliyin səviyyəsi artıb: "Rayonda bir sıra sexlərin fəaliyyətinin dayandırılması işsizliyə səbəb olub. Gənclərin əksəriyyəti işsiz qalıb. Kimin maşını varsa, taksi xidməti göstərir, olmayan da fəhlə kimi işləyir. İş tapmayanlar isə Bakıya üz tutmaq məcburiyyətində qalırlar. İcra başçısı bu problemin həlli üçün heç bir tədbir görmür. Şabranda sosial durum çox acınacaqlıdır. Kənd yerlərində əhalinin dolanışığı aşağı səviyyədədir. Yollarımız yaman gündədir. Yerli bələdiyyələr üzərlərinə düşən işi görə bilmir. Təhsil və səhiyyə sistemindən danışmağa dəyməz. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının statistik göstəricilərinə nəzər salsaq görərik ki, Şabrandan ali təhsil məktəblərinə qəbulla bağlı rəqəmlər kifayət qədər aşağıdır. Dağ kəndlərində yerləşən məktəblərin fəaliyyəti kağız üzərində mövcuddur. Səhiyyə sahəsində də durum fərqli deyil. Texniki təchizat bərbad gündədir, o cümlədən savadlı mütəxəssis qıtlığı yaşanır. Həkimlərin xəstələrə qoyduğu diaqnozlar çox vaxt səhv çıxır. Bu səbəbdən Şabran camaatı müayinə və müalicə olunmaq üçün əsasən Bakıya, yaxud digər bölgələrə üz tutur". İcra başçısının biznesi haqda da maraqlı iddialar var. Bizə çatan xəbərlərə görə, başçı əlindəki səlahiyyətlərdən istifadə etməklə Şabranın Udulu adlanan ərazisinin 400 hektarını özününküləşdirib: "O burda tikdirdiyi fermalarda dəvə, qoyun, at saxlatdırır. Həmin kənddə sakinlərin bir hektar torpağı da yoxdur. Son illər rayonun abadlaşdırılması üçün büdcədən külli miqdarda vəsait ayrılıb. Rayon rəhbəri həmin vəsaitin yarısını abadlıq işlərinə sərf edib. Təmir-bərpa işlərinin yerdə qalan hissəsini isə sahibkarlar öz vəsaitləri hesabına həyata keçirib. Bəzi iş adamları müflis olmaq üzrədir. Şabranda sahibkarların lisenziya alması müşkülə dönüb. Onlara lisenziya əlavə "rüsum"la verilir. Dövlət rüsumu 420 manatdırsa, sahibkar artıq ödəməlidir. Əks halda, lisenziya ala bilmir. Başçı rayonun abadlaşdırılması və təmiri üçün ayrılan pullarla özünə villalar, istirahət mərkəzləri, koteclər tikdirib. Onun əsas işlərini isə birinci müavini Mehdi Balabəyov aparır. Mehdi müəllimin rayonun mərkəzində üçmərtəbəli villası, ticarət obyektləri var. O yaşıllıqların qırılmasına və yerində obyektlərin tikilməsinə şərait yaradır". Növbəti saylarımızda "Kamelot", "Zimbra" və "İnşaat İstehsalat Təchizatı" MMC-lərin vasitəsilə silinən büdcə vəsaitləri haqqında maraqlı faktları açıqlayacağıq.(gundelik-baku.com)

Yazıda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
BOLGEXEBER.COM