BolgeXeber.Com » Ölkə » Daha bir kredit qalmaqalı: bankdan 40 nəfərin adına saxta sənədlə pul çıxarıldı- Saatlıda
Daha bir kredit qalmaqalı: bankdan 40 nəfərin adına saxta sənədlə pul çıxarıldı- Saatlıda
31-08-2015, 09:53
Oxunub: 4 526
“Saatlı Rayon Təhsil Şöbəsi saxta arayışlar verir, müstəntiq bununla bağlı cinayət işi açmır. Həmin arayışlar əsasında 4 nəfərə kredit verdiyimə görə isə mənə 11 il həbs cəzası nəzərdə tutan maddə ilə ittiham irəli sürürlər.
Buna səbəb Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Şamil Nurəliyevin qohumunun çox nüfuzlu bir şəxsin evində aşpaz işləməsi və onu bu işə görə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə “tapşırmasıdır”. İşin bu səviyyəyə gəlib çatması isə həmin nüfuzlu şəxsin adından istifadə edən şəxslərin hərəkətinin nəticəsidir”.
Bunu virtualaz.org saytına ünvanladığı müraciətdə Sabirabad rayon sakini Elvin Babaşov deyir.
E.Babaşovun sözlərinə görə, 2012-ci ilin iyun ayından “Bank Respublika” ASC-nin Sabirabad filialında kredit üzrə kiçik mütəxəssis vəzifəsində çalışıb. Bu ilin fevral ayında öz ərizəsi ilə işdən azad olunub.
Banka olan borc hazırda 70 min təşkil edir
O, bankda işlədiyi dövrdə - 2013-cü ildə Saatlı şəhər sakini, hazırda həbsdə olan Cabir Cahangirov 40 nəfər vətəndaşın adına kredit götürərək mənimsəyib. Həmin şəxslər heç bir qurumda işləmədikləri halda Saatlı Rayon Təhsil Şöbəsi (RTŞ) tərəfindən verilən, məktəbdə müəllim işlədikləri göstərilən əməkhaqqı barədə saxta arayışlar təqdim etməklə bankdan öz adlarına kredit götürərək Cabir Cahangirova veriblər. Saxta arayışlar RTŞ-nin möhür və ştampı ilə təsdiq edilib, müdir və mühasib tərəfindən imzalanıb.
“Bank Respublika” ASC bu məsələ ilə bağlı 2013-cü ildə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə rəsmi şikayət verib. Nəticədə C.Cahangirov Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək barəsində həbs-qətimkan tədbiri seçilib.
Məlumat üçün bildirək ki, sözügedən cinayət işi üzrə hazırda Lənkəran Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı keçirilir. Prosesə hakim Elşad Əliyev sədrlik edir.
Təqsirləndirilən şəxslərin sayı 8 nəfərdir. Onlardan yalnız biri - Cabir Cahangirov Cinayət Məcəlləsinin 178.3.2 və 320-ci maddələri ilə ittiham olunur. Digər təqsirləndirilənlər - Ağadədə Babayev, Azər Fərəcli, Vidadi Məmmədov, Bəybala Əkbərov, Qədirağa Dadaşov, Ağasən Babayev və Elvin Babaşova qarşı Cinayət Məcəlləsinin 308.2, 313 və 32.5-ci maddələri ilə ittiham irəli sürülüb.
Hələ ötən il “Bank Respublika”nın Sabirabad filialının rəhbəri Ağadədə Babayevin idarə və müəssisə rəhbərləri ilə əlbir olub saxta sənədlərlə kredit verməsi barədə mətbuatda məlumatlar yer almışdı. Həmin məlumatlarda Saatlı rayonundan olan şəxslərə kredit verilən zaman onlara saxta sənədlərin hazırlanmasında elə yerli idarə və müəssisə rəhbərlərinin yardımçı olduqları bildirilirdi.
Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən və təqsirləndirilən şəxs qismində məhkəmə önünə çıxarılan E.Babaşovun dediyinə görə, 40 kreditdən 4-ü - Saatlı rayon sakinləri Kamran Muradov, Dostu Mirzəyeva, Nazilə Məhərrəmova və Vüqar Rzayev tərəfindən bankdan alınan kreditlər onun tərəfindən rəsmiləşdirilib.
Cinayət işinin istintaqı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Rəşad Mansurov tərəfindən aparılıb.
Saatlı RTŞ tərəfindən verilən arayışların saxta olub-olmadığını yoxlamadığına görə E.Babaşova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub: “Müstəntiq belə nəticəyə gəlib ki, Saatlı Rayon Təhsil Şöbəsinin təsdiq etdiyi arayışların saxta olub-olmadığını yoxlamaq mənim vəzifə öhdəliyimdir. Lakin adıçəkilən 4 nəfər və onlara zamin duracaq şəxslər mənə Saatlı Rayon Təhsil Şöbəsinin möhür və ştampı ilə təsdiq edilmiş əməkhaqqı almaları barədə arayışları təqdim ediblər.
“Bank Respublika” ASC-nin daxili qayda və prosedurları çərçivəsində müqavilə imzalayıb kassadan kredit alıblar. Bu şəxslər banka yalan məlumat verdiklərinə və saxta sənəddən istifadəyə görə ayrıca cinayət məsuliyyətinə cəlb ediliblər.
İstintaq zamanı şahid qismində dindirilərkən ifadələrində mənim arayışların saxta olmasından məlumatlı olmadığımı göstəriblər. Hətta dələduz kimi həbs olunan Cabir Cahangirov da istintaqa və məhkəməyə verdiyi ifadəsində mənimlə heç bir əlaqəsinin olmadığını və bu kreditlərlə bağlı mənə heç bir müraciət etmədiyini göstərib”.
Şikayətçi virtualaz.org saytına müraciətində Saatlı RTŞ-nin müdiri Şamil Nurəliyevin verdiyi saxta sənədlərə görə məsuliyyətinə cəlb olunmadığını deyir: “Onun cinayət əməli mənim üzərimə atılır. İstintaqa şahid qismində cəlb edilən Şamil Nurəliyev arayışları verdiyinə görə peşman olduğunu bildirib və banka dəyən zərərin 20 min manatını ödədiyini göstərib. Bununla da müstəntiq Rəşad Mansurov onun günahını bağışlayıb.
Qəribədir, Saatlı Rayon Təhsil Şöbəsi saxta arayış verir, buna görə ona cinayət işi açmayan müstəntiq bu arayışlar əsasında 4 kredit verdiyimə görə mənə 11 il həbs cəzası gözləyən maddə ilə ittiham elan edir. Səbəb isə Şamil Nurəliyevin həyat yoldaşının qohumunun çox nüfuzlu bir şəxsin evində aşpaz işləməsi və bu işdə onu Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə tapşırması olub. Azərbaycanda hüquq sisteminin çökdüyünü bilirdik. Amma bu qədər açıq-aşkar vəziyyətdə kimisə təmizə çıxarmaq və çarəsizlikdən günahsız insanları ittiham etmək artıq son həddir, bundan böyük haqsızlıq yoxdur”.
E.Babaşov məhkəmənin gedişatından da narazı olduğunu bildirir: “Məhkəmənin gedişatından məlum olur ki, tapşırıq çox güclü yerdən gəlib. Çünki hakim yox, hətta təhsili olmayan sadə vətəndaş da başa düşür ki, heç yerdə dövlət orqanı tərəfindən verilən sənədin saxta olub-olmadığını yoxlamaq kimi bir vəzifə öhdəliyi yoxdur. Buna baxmayaraq barəmdəki cinayət təqibinə xitam verilməsi və Şamil Nurəliyevin cinayət məsuliyyətinə cəlb olunması haqda verdiyim vəsatətlər məhkəmə tərəfindən əsassız olaraq rədd edildi.
140 min manatın 70 min manatı Şamil Nurəliyev tərəfindən ödənilib. Banka olan borc hazırda 70 min təşkil edir.
(Qeyd edək ki, Ş.Nurəliyev istintaqa verdiyi ifadəsində 25 dekabr, 2013-cü il tarixdən 2 fevral, 2014-cü ilədək məzuniyyətdə olduğunu, həmin müddətdə şöbənin möhür və ştampını müavini Şöhrət Bədəlova təhvil verdiyini, şöbənin metodisti Vidadi Məmmədova inandığından onun imza üçün gətirdiyi sənədləri yoxlamadan imzaladığını göstərib. Şöbə müdiri Vidadi Məmmədovun şöbənin möhür və ştampından istifadə etməklə saxta arayışlar verməsini sonradan bildiyini və bu barədə Saatlı Rayon Prokurorluğuna məlumat verdiyini bildirib-red.).
Mənim tərəfimdən 4 borc alana ümumilikdə 12 min manat kredit ayrılmışdı. Mən vətəndaşın müraciətini qəbul edib vəzifə öhdəliklərimə əsasən kredit rəsmiləşdirmişəm, vəssalam. Mənim Cabir Cahangirovla heç bir əlaqəm olmayıb. Cinayət işinin materiallarında bunun əksini sübut edən heç bir şahid ifadəsi, eləcə də digər sübut yoxdur. Sadəcə olaraq Şamil Nurəliyevi təmizə çıxarmaq istəyən müstəntiq bank narazı qalmasın deyə, yəni verilmiş şikayət üzrə “cinayətkarı tapdıq” məsələsinə görə məni təqsirləndirir. Saxta sənədi möhür və ştampla təsdiq edən birinin cinayətini ört-basdır etmək fantastikadır. Amma onlar bunu etdilər. Bizim isə əlimizdən yekun məhkəmə qərarını gözləməkdən başqa bir iş gəlmir”.
P.S. Yazıda adı hallandırılan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 23-11-2024, 17:53 : Arda Gülerin yeni klubu bəlli oldu
İdman / Xəbərlər
- 30-11-2024, 17:50 : Türkiyə əhaliyə XƏBƏRDARLIQ ETDİ
Dünya / Xəbərlər
- 16-11-2024, 18:55 : Sabah banklar işləyəcək?- Rəsmi
Xəbərlər / İqtisadiyyat
- 22-11-2024, 15:43 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 27-11-2024, 17:50 : Cəlilabadda zəlzələ oldu
Xəbərlər / Ölkə
- 29-11-2024, 17:50 : Masazırda evdə uçqun olub- ÖLƏNLƏR VAR
Xəbərlər / Ölkə
- 26-11-2024, 17:48 : Əli Əsədov qərar imzaladı
Siyasət / Xəbərlər
- 25-11-2024, 17:51 : Məşhurlar hakim qarşısına çıxarılacaq
Şou-Biznes
- 11-11-2024, 12:41 : Serdar Ortaç axtarlşa verildi
Şou-Biznes
- 13-11-2024, 13:30 : Emin Ağalarov məhkəmədə 1,7 milyon uddu
Şou-Biznes