BolgeXeber.Com » Ölkə » İki övladını atıb, üçüncünü uşaq evinə verən ana: - "Öz həyatımı qurmaq istəyirəm"

İki övladını atıb, üçüncünü uşaq evinə verən ana: - "Öz həyatımı qurmaq istəyirəm"

19-09-2015, 15:59
Oxunub: 833 İki övladını atıb, üçüncünü uşaq evinə verən ana: - "Öz həyatımı qurmaq istəyirəm"Aytən çıxış yolunu uşağını müvəqqəti baxıla biləcək yerə təhvil verməkdə görür

Bolgexeber.com lent.az-a istinadən xəbər verir ki, iki aylıq körpəsi ilə bərabər intihara cəhd edən gənc qadının hekayətini təqdim edir

30 yaşlı Aytən (ad şərtidir) 12 gün əvvəl intihara cəhd edib. O, yaşadığı, daha doğrusu kirayə qaldığı evin blokunda zəhərlənmiş vəziyyətdə binanın sakinləri tərəfindən aşkar olunub. Qucağında iki aylıq körpəsi ilə bərabər…
Kliniki Tibbi Mərkəzə çatdırılan ana və körpənin həyatı xilas edilib. 10 gün toksikologiya şöbəsində müalicə edildikdən sonra məlum olub ki, Aytənin gedəcəyi yeri yoxdur. Mərkəzin həkimləri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə müraciət ediblər. İki gündür ki, Aytən körpəsi ilə bərabər burada sığınacaqda yaşayır. Həyatı haqqında qəti olaraq danışmaq istəməyən bu xanım körpəsinin müvəqqəti himayəyə götürülməsini və işə düzəlməsini istəyir. Onunla söhbət zamanı əsəb sisteminin pozulması açıq-aydın bəlli idi. Suallara aqressiv, qısa və konkret cavab verirdi. Yalan-doğru olmasını isə yalnız özü bilir.

Əvvəlcə oradan başlayaq ki, Aytən Goranboyda anadan olub. Orta məktəbi bitirdikdən sonra bir oğlanla tanış olub. Ailə qurmaq istəyiblər. Lakin dediyinə görə, bacısı buna mane olub: “Atam, anam, bacım, qardaşım var. Amma onlar haqqında danışmaq istəmirəm. İki ildir heç biri ilə əlaqəm yoxdur. Onların adı gələndə beynim xarab olur. Oğlan məni istəyəndə bacım nişanlı idi. Dedi ki, o, ərə getməmiş mən ailə qura bilmərəm. Qoymadı toyumuz olsun. Mən də acığa getmədim”.

Bacısı ailə qurduqdan sonra Aytən kosmetologiya kursuna getməyə başlayıb. Qonşuları vasitəsilə birinci həyat yoldaşı ilə tanış olub. Tez bir zamanda ailə qurmaq qərarına gəliblər. 9 illik evlilikdən onların bir qızı və bir oğlan övladları var. Hazırda qız 8, oğlan 4 yaşındadır. Deyir ki, ailəni məhəbbət üzərində qurmayıb: “20 yaşım var idi. Bacım ərə getdi. Sonra bu oğlan qabağıma çıxdı, mən də acığa ona ərə getdim. Məndən 9 yaş böyükdür. Qayınanam da bizi yola vermirdi. 4 il əvvəl Gəncədən Bakıya köçdük. Kirayə yaşayırdıq. Amma xasiyyətimiz düz gəlmirdi. Uşaqlarıma tərbiyə verəndə qarışırdı, onlara nəsə deyəndə müdaxilə edirdi. İstəmirdi ki, mən ana kimi uşaqlarıma tərbiyə verim. Mən də onları atdım, dedim ki, o uşaqların, o da sən. Öz həyatımı özüm qurmaq istəyirəm. Heç kəsdən asılı olmaq istəmirəm”.

Beləcə, Aytən ailəsini atır və supermarketlərin birində işləməyə başlayır. Bir müddət sonra ondan xoşu gələn bir kişi ilə yaşamağa qərar verir. Əlbəttə ki, qanuni nigah olmadan və kirayə… Aytənin sözlərinə görə, əvvəlcə yaxşı dolanıblar. Hətta övlad sahibi olmaq istəyiblər. Aytən oğlunu dünyaya gətirdikdən sonra isə vəziyyət dəyişib: “İkimiz də işləyirdik. Sonra mən işdən çıxdım, o da maşını satıb telefon alverinə başladı. Telefonları borca götürdülər, pulunu vermədilər, qaldı onun boynunda. Borc götürüb ödədi. Sonra rayondan kartof-soğan gətirib bazarda alver etməyə başladı, onu da batırdı. Qaldıq borcun içində, evin kirayəsi də bir tərəfdən, dolana bilmirdik”.

Kirayə pulunu ödəyə bilmədikləri üçün evdən çıxır və bir həftə binanın blokunda yaşamağa başlayır. Çətinliyə dözə bilməyən Aytən çıxış yolunu intiharda görür. Həmin vaxt uşağın atasının harada olması haqqında heç nə demir. Sözsüz ki, intihar etmək istədiyini də etiraf etmir: “Mən onunla yaşamağa başlayanda ailəsi buna narazılıq elədi. Mənə dedilər ki, sənin axırın yaxşı olmayacaq. Amma onun da arvadı qızını götürüb gedib. Mən də təkəm, o da. Bizim çətinliyimiz sadəcə dolanışıqdır. Başımızı itirmişik, bilmirik nə edək. 15 gündür yuxusuz idim. Beynim də pozulub. Dərman atdım ki, sakitləşim, amma zəhərləndim, gətirdilər xəstəxanaya. Orada dedim ki, mənə kömək etsinlər, yolladılar bura”.
Aytən çıxış yolunu uşağını müvəqqəti baxıla biləcək yerə təhvil verməkdə görür: “Mən demirəm ki, uşağımı atıram. Amma indi nə ona baxa bilirik, nə də özümüzə. Sadəcə uşağı harasa verim, özüm də işləyim, yoldaşım da, vəziyyətimiz yaxşı olandan, yəni 1-2 ildən sonra gəlib uşağımızı götürək. O biri uşaqlarımı da istəyirəm, bunu da. O birilərlə görüşürdüm, dərslər başlayıb deyə rayona qayıdıblar. Amma artıq onlar atasındadırlar, əlimdən çıxıblar. İstəmirəm ki, bu uşağım da əlimdən çıxsın. Bu uşağı axır-əvvəl özümə qaytaracam, böyüdəcəm, əsgərliyə yola salacam, toy edəcəm”.
Aytən övladını anadan olandan sonra uşaq evinə qoymaq istəsə də, buna nail olmayıb. Nigahdankənar dünyaya gələn övladına isə doğum haqqında şəhadətnaməni gələn həftənin birinci günü alacağını deyir: “Kəbinimiz var. Rəsmən evlənə bilmərik, çünki mən birinci ərimdən boşanmamışam. İş məhkəmədədir. 400 manat pul istəyirlər, mənim də yoxumdur. Amma atası uşağa soyadını verəcək. O, uşaqdan imtina etmir. Apardım uşaq evinə qoyam. Dedilər ki, əlim-ayağım var, işləyim saxlayım. Amma harada işləyim? Axı iş yoxdur! Nə iş olsa işləyərəm. Əgər işləsəm, heç uşağımdan ayrılmaram, kimsə baxar, mən də işə gedərəm, pul qazanaram. İş üçün heç yerə müraciət etməmişəm. Hara gedim, hara müraciət edim bilmirəm”.

Onun ümidi yalnız “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə qalıb. Birliyin işçiləri sosial şəbəkə vasitəsilə insanlara müraciət edərək uşağa geyim və qida yardımı edilməsinə nail olublar. Körpə həkim müayinəsindən keçirilib, göbəyindəki kiçik problem aradan qaldırılıb. Birliyin sədri Mehriban Zeynalova isə kimsəsiz xanımın ilk növbədə psixoloqa ehtiyacı olduğunu deyir: “İlkin müşahidələr Aytənin intihara meylli olduğunu və körpəsinə baxmaq istəyi olmadığını göstərir. Ehtimal edirik ki, hansısa şəraitdə uşağı qoyub qaça bilər. Müəmmalı məqamlar çoxdur. Psixoloq onunla söhbət edəndən sonra qəti rəy verəcək ki, psixologiyasında problem var, ya yox. İki uşağı olmasına rəğmən, qadının uşağa baxmaq vərdişi yoxdur. Körpəni sünnət də etdirmək fikrimiz var. Lakin ananın uşağına baxması mütləqdir. Çünki südəmərdir. Uşağın qayğı, diqqət, normal mühitdə yaşamaq ehtiyacı var. Psixoloq bu qadında analıq hissinin olmaması rəyini verərsə, o zaman dövlət müəssisəsinə təhvil veriləcək”.

M. Zeynalova bu cür çətin durumda olan çox sayda xanımların olduğunu deyir. Buna səbəbsə xanımların özünü müəyyən edə biməməsi, peşəsinin, təhsilinin olmaması, özünü tanımaması, özünə, ətrafdakılara inamın olmaması, daha çox kiminsə onu himayə etməsi və yalnız kiminsə himayəsində özünü güclü saya bilməsidir: “Qadınların çoxu özünü daxilən kimsəsiz hiss edir. Sabaha ümidli, əmin deyillər, fikirləri pərakəndədir. Ona görə də qadınların sosial müdafiə məsələsini gücləndirmək lazımdır. Bunu gündəmə çıxarmaq və parlamentdə qaldırmaq mütləqdir. Baş verən neqativ hadisələrin bir çoxu məhz qadınların sosial müdafiəsinin güclü olmaması və çətin vəziyyətdə olmalarından irəli gəlir. Tənha, körpəsi olan, işsiz, dul qadınların sosial müdafiəyə ehtiyacı var. Uşaqlardan əvvəl qadınların sosial müdafiəsini gücləndirməliyik ki, uşaqlar baxımsız, atılmış, yarı ac, yarı tox qalmasınlar. Biz bəzən uşaqlarını atan anaları qınayırıq. Amma analar sosial baxımdan müdafiə olunmalıdır ki, öz övladını müdafiə edə bilsin. Azərbaycan qadını heç vaxt öz uşağından imtina etməyib. Ana öz balasından imtina edirsə, demək, sosial müdafiə mexanizmini gücləndirmək lazımdır. Hesab edirəm ki, növbəti parlamentdə ilk müzakirə olunan mövzular bu ola bilər”.
Bolgexeber.com