BolgeXeber.Com » Ölkə » Sabunçunun başçısından təhlükəli sədaqət - Başına macəra açır...

Sabunçunun başçısından təhlükəli sədaqət - Başına macəra açır...

23-11-2015, 11:22
Oxunub: 3 581 Sabunçunun başçısından təhlükəli sədaqət - Başına macəra açır...İctimai həyatımızda yüksək çinli vəzifə sahiblərinin, onların övladlarının, qohumlarının, yaxın çevrələrinin hərəkət və davranışları, hər zaman daha çox müzakirə olunan məsələlərdən biri olub. Buna səbəb o amillər olub ki, hakimiyyət strukturlarında çalışan bəzi vəzifə sahibləri, əksər hallarda daşıdıqları vəzifəyə güvənərək minbir qanunsuzluqlara da qol qoyublar. Düzdür, belə bir olaylar öz-özlüyündə xoşagəlməz hal olsa da, reallıq budur ki, bu cür hallar ara-sıra baş verməkdədir. Bəzi hallarda isə, vəzifə sahiblərinin övladları da, yaxın qohumları da oxşar addımlarını atmaqdadırlar. Bu da çox keçmir ki, ictimai qınağa, tam əksəriyyətin müzakirə etdiyi mövzulardan birinə də çevrilir.
Onu da qeyd edək ki, hələ 12 fevral 2013-cü il tarixdə ölkə rəhbəri cənab İlham Əliyev, məmurların harınlaşmış, ərköyün ödladlarının qudurğan
hərəkətləri ilə bağlı 2013- cü ilin fevralın 12-də Bakı Biznes Mərkəzində keçirilən və 2009-2013-cü illəri əhatə edən sosial-iqtisadi inkişafa dair “Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında vurğulamışdı ki, “vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların güvəndiyi adamları vəzifəyə mən təyin etmişəm, mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası da işdən qovulacaq”. Bəli, belə bir yanaşma dəfələrlə dövlət başçısı tərəfindən nümayiş etdirilsə də, təəssüflər olsun ki, hələ də verilmiş tapşırıqlara məhəl qoymayan, insanları təqib və təhqir edən, döyən, söyən, lazım bildikdə evlərini başına uçurdan vəzifə sahibləri və onların yaxın çevrəsi, bu gün də belə bir addımlarını atmaqdadırlar. Belə bir olaylar haqda “Gündəm Xəbər”i məlumatlandıran mənbə bildirir ki, hal-hazırda MTN-nin generalı olan və nazirliyin maddi-texniki təminat baş idarəsinin rəisi vəzifəsini daşıyan Nizaməddin Həmidovun qardaşı oğlu Omarəddin Həmidov da, belə şəxslərdən biridir. Məlumatlı mənbə bildirir ki, Omarəddin Həmidov Sabunçu rayon İcra Hakimiyyətində vəzifə daşımaqla bərabər, əmisi Nizaməddin Həmidovun biznesini də idarə edir.
Daşıdığı vəzifəsinə gəlir mənbəyi kimi baxan icra rəsmisinin, bu gün bir neçə bahalı avtomobili var ki, həmin avtomobillərdən də bəzisinin ən azından 180 min manat qiyməti var. Bundan əlavə icra hakimiyyətinin işçisi olan Omarəddin Həmidov, hal-hazırda dövlət nömrəli avtomobildə gəzir, hansı ki, həmin avtomobilin icra hakimiyyəti aparatına heç bir aidiyyəti də yoxdur. Sabunçu rayonu ərazisində qanunsuz tiklilərə nəzarət edən bu şəxs, hər tiklidən “haqq-hesab” aldıqdan sonra qanunsuz inşa olunan tiklilərə göz də yumur. Hələ bir müddət bundan əvvəl o, rayonun Bakıxanov qəsəbəsinin Anaşkin küçəsində Bəxtiyar adlı sakindən ev tikməsinə icazə verilməsi üçün 7 min manat pul alır və az sonra onu aldatmağı da bacarır. İcra hakimiyyəti aparatına şikayətə gedən Bəxtiyar və onun timsalında bir neçə nəfər sakin isə, çox keçmir ki, icra başçısı tərəfindən qəribə bir cavabla da qarşılanırlar. Başçı şikayətçilərə bildirir ki, “işçimin əməllərindən mən də xəbərdaram, amma MTN-nin generalı olan Nizaməddin Həmidovdan keçə bilmədiyimə görə, qardaşı oğlunu işindən uzaqlaşdıra bilmirəm”.
“Gündəm Xəbər”i məlumatlandıran mənbə onu da bildirir ki, generalın qardaşı oğlu bir neçə gün bundan öncə Maştağa qəsəbəsi ərazisində yaşayan 2-ci qrup Qarabağ əlili İsrafil Əsgərovun döyülməsinə və yaşayış evinin qanunsuz olaraq uçurdulmasına da şəxsən rəhbərlik edir. Omarəddin Həmidov bu cür addımlarını atsa da, MTN-nin generalı olan əmsinin sayəsində o, üzləşə biləcəyi hər cür təhlükədən də sovuşa bilir.
Sabunçu rayon İcra Hakimiyyəti Aparatı, memarlıq və tikinti şöbəsinin işçisi olan Omarəddin Həmidovun qanunsuzluğa söykənən əməlləri təkcə bunlarla yekunlaşmır. Yəni, rayon ərazisində fərdi yaşayış evlərinin tikintisi üçün kim ona “haqq-hesab” çatdırmırsa, çox keçmir ki, həmin şəxslər təqibə, təzyiqə, hədə-qorxuya tuş gəlirlər, hətta tikmiş olduqları evləri də uçurdulur. Verilən məlumatlarda o da bildirilir ki, Sabunçu rayonu ərazisində MTN-nin generalı 20-dən çox fərdi yaşayış evlərini tikdirərək, qardaşı oğlunun vasitəsilə kimlərəsə də satdırır. Eyni zamanda onun Bakı şəhərinin mərkəzində ticarət obyektləri və bir neçə villaları da var. Maraqlı hal odur ki, MTN-də “yarpaq tökümü” baş versə də, hansısa səbəbdən Nizaməddin Həmidova bu gün də bir kimsə nəsə demir. Axı, Nizaməddin Həmidova arxayın olan qardaşı oğlu və digər qohumları, hal-hazırda da minbir hoqqalara qol qoymaqdadırlar. Diqqəti o məqama da yönəldək ki, nazirliyin maddi-texniki təminat baş idarəsinə rəhbərlik edən Nizaməddin Həmidov, dövlətin MTN-nə ayırdığı vəsaitə birbaşa nəzarət etdiyindən, o, bu gün külli miqdarda var-dövlətə malik vəzifə sahiblərindən biri də hesab olunur. Bir anlığa fikir verək ki, əgər MTN-i generalının qardaşı oğlu bu gün 180 min manatlıq avtomobil sürürsə, o halda görəsən generalın özünün idarə etdiyi avtomobilin qiyməti neçəyə olar?
P.S. Növbəti sayımızda MTN generalının biznes əlaqələrindən, villalarının sayından, ticarət obyektlərinin varlığından, eyni zamanda Sabunçu rayon İcra Hakimiyyəti, memarlıq və tikinti şöbəsinin işçisi olan qardaşı oğlu Omarəddin Həmidovun, bu günədək törətdiyi başqa-başqa cinayət əməllərindən bəhs etməyə və bunlarla bağlı geniş ictimaiyyəti də məlumlandırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.