BolgeXeber.Com » Ölkə » İşıq sönəndə “Azərişıq”a zəng vurmayın... - Belə çıxır...

İşıq sönəndə “Azərişıq”a zəng vurmayın... - Belə çıxır...

4-12-2015, 20:49
Oxunub: 2 846 İşıq sönəndə “Azərişıq”a zəng vurmayın... - Belə çıxır...Yağış və güclü külək ötən gecə Bakının bir neçə qəsəbəsində əhalinin işıqsız qoyub

Paytaxt sakinlərinin virtualaz.org saytına verdiyi məlumata görə, şəhərin Əhmədli, Yeni Yasamal, Hövsan, Binəqədi və Zığ qəsəbələrində işıq olmayıb. Hətta hava limanına gedən yol (“beton yol”) qaranlıqda qalıb.

Bəzi qəsəbələrdə işıqlar yarım saatlıq fasilələrlə dəfələrlə yanıb-sönüb.

Problemlə maraqlanmaq üçün sakinlər “Azərişıq” ASC-nin “Qaynar xətt”i və qəza xidməti ilə əlaqə saxlamağa çalışsalar da telefonlar işləməyib.

Məsələyə aydınlıq gətirmək üçün “Azərişıq” ASC mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxladıq.

O, virtualaz.org saytına açıqlamasında bildirdi ki, Bakı şəhərində heç bir problem yoxdur, ətraf kənd və qəsəbələrdə baş verənlər isə güclü küləyin fəsadlarıdır: “Onların da əksəriyyətində artıq problem həll olunub, işıqlar yanır. Qəzaların əksəriyyəti bizim balansımızda olmayan və fərdi qaydada tikilən həyət evlərində olub. Özləri ev tikib, özləri də xətt çəkiblər. Dayanıqlı elektrik enerjisi istəyirlərsə, ev tikilmədən qabaq müraciət etməlidirlər. Evi özləri tikir, işığı özləri çəkir, problem olan kimi bizi günahlandırırlar”.

“Qaynar xətt”in niyə işləməməsinə gəlincə isə T.Mustafayev bildirdi ki, bunun səbəbləri zənglərin həddən artıq çoxluğu ilə bağlı olub.

Hər halda qəribə vəziyyət və sual yaranır: işıq sönəndə camaat bəs hara zəng vursun?