BolgeXeber.Com » Ölkə » Neftçala RTŞ-nin müdiri “regional” kürsü iddiasında - Çəkişmə

Neftçala RTŞ-nin müdiri “regional” kürsü iddiasında - Çəkişmə

30-01-2016, 14:51
Oxunub: 3 099 Neftçala RTŞ-nin müdiri “regional” kürsü iddiasında - ÇəkişməRTŞ müdirinin yarıtmaz fəaliyyəti ucbatından son bir ildə rayon üzrə şagirdlərin dərslərə davamiyyəti xeyli aşağı düşüb

Bu günlərdə ölkə mətbuatında rayon təhsil şöbələrinin ləğvi və onların yeni yaradılacaq regional təhsil idarələri ilə əvəz olunması mövzusu yenidən gündəmə gətirilib. Bu xüsusda KİV-də yayımlanan məlumatlara görə, Təhsil Nazirliyi Prezident İlham Əliyevin “Azərbaycan Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 iyul 2014-cü il tarixli sərəncamının icrasını həyata keçirməyə başlayıb. Həmin sərəncama əsasən, təhsildə şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılması, maliyyə və inzibati resurslarının vahid təhsil siyasətinə uyğun planlaşdırılması və təhsil idarəçiliyinin qarşıda duran vəzifələrə adekvat qurulması ilə yanaşı, ölkənin təhsil sahəsinin qabaqcıl dünya standartları səviyyəsinədək təkmilləşdirilməsi nəzərdə tutulur. Bunun üçün aparılacaq struktur islahatları nəticə etibarilə təhsilin keyfiyyət göstəricilərinin əsaslı yaxşılaşdırılmasına, sağlam təhsil mühitinin yaradılmasına, müəllim peşəkarlığının artırılmasına, təhsil alanların və təhsil verənlərin hüquq və qanuni mənafelərinin təmin edilməsi kimi məqsədlərin reallaşdırılmasına xidmət etməlidir. Dövlət başçısı, eyni zamanda Azərbaycan Təhsil Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədi ilə nazirliyin regional idarələrinin yaradılması qərarını vermişdi. Xəbər verilir ki, nazirlik sərəncamın icrası istiqamətində işləri sürətləndirib. Hazırda bütün rayon təhsil şöbələrində sürətlə təftiş və təhvil-təslim işləri gedir, rayon şöbələri aidiyyatı üzrə regional idarələrin fəaliyyət göstərəcəyi rayonlara və nazirliyə müvafiq sənədləri daşımaq və hesabat verməklə məşğuldurlar. Böyük ehtimalla yaxın 2 ay ərzində rayon şöbələri tələb olunan bütün sənəd və hesabatları yekunlaşdıracaqlar. Və bundan sonra rayon təhsil şöbələri rəsmən ləğv ediləcək, Regional Təhsil İdarələrinin fəaliyyətinə isə start veriləcək.
Aydındır ki, ləğv edilən rayon təhsil şöbələrinin müdirləri, müavinləri, baş mühasibləri, metodistləri və digər ştat işçilərinin hamısını müvaiq vəzifələrlə təmin etmək mümkün olmayacaq. Məhz bu səbəbdən də eyni regional idarədə birləşdiriləcək bəzi RTŞ müdirləri arasında hazırda yeni, “regional” posta sahib olmaq üstündə gərgin mübarizə gedir. Təbii ki, yeni yaradılan qurumların rəhbərliyinə təyin olunacaq kadrların Təhsil Nazirliyi tərəfindən aparılacaq çox ciddi seçim əsasında müəyyən ediləcəyi gözlənilir. Əks halda, bu islahatlar öz mənasını itirə bilər. Lakin hazırkı RTŞ müdirlərinin böyük əksəriyyətinin məsələyə məhz öz maraqları baxımından yanaşmaları da fakt olaraq qalır. O cümlədən də Şirvan şəhər, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar və Cəbrayıl rayon təhsil şöbələrinin bazasında Salyan Regional Təhsil İdarəsinin yaradılması nəzərdə tutulub. Və nə qədər təəccüblü də olsa, bu yeni qurumun rəhbərliyində məhz özünü görən kadrlardan da biri Neftçala Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimovdur. Redaksiyamıza yeni daxil olmuş məlumatlarda, hətta Əjdər Kərimovun artıq bu xüsusda Təhsil nazirinin müavini Firudin Qurbanovla guya ki anlaşmaya gəldiyini bəyan etdiyi də vurğulanır. Halbuki, bu məmurun indiyədək Neftçala təhsilinin başına gətirdiyi oyunlar, onu ümumiyyətlə təhsil sahəsindən uzaqlaşdırılmasına hər cür əsas verir. Təkcə bizimdovr.az-a daxil olan məlumatlarda Neftçala RTŞ-nin yarıtmaz fəaliyyəti, Əjdər Kərimovun öz işində yol verdiyi ciddi qanun pozuntularına dair açıqlamalar mütəmadi olaraq yer alır. Məlumatlarda qeyd olunur ki, RTŞ müdirinin yarıtmaz fəaliyyəti ucbatından son bir ildə rayon üzrə şagirdlərin dərslərə davamiyyəti xeyli aşağı düşüb. Müəllimlərin bir çoxu repititorluq etdikləri üçün məktəbdə uşaqları öyrətmək istəmirlər, hətta dərslərə belə gəlmirlər. Direktorlar isə həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar. Əjdər Kərimov isə bütün bu özbaşınalıqların əsas təşkilatçısı kimi çıxış edir. İndi isə təsəvvür edin ki, bu məmurun təsi dairəsi genişləndirilərək, artıq bir deyil, altı rayona şamil olunur! Etiraf edək ki, belə olan halda bu rayonlarda sadəcə olaraq təhsil müəssisələrinin bağlanması bəlkə də daha məqsədəuyğun olardı...

Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.