BolgeXeber.Com » Ölkə » “İrşad Telecom” müştəriləri aldadır? - ŞİKAYƏT VAR

“İrşad Telecom” müştəriləri aldadır? - ŞİKAYƏT VAR

9-06-2016, 09:14
Oxunub: 3 783 “İrşad Telecom” müştəriləri aldadır? - ŞİKAYƏT VARƏlavə 10-20 % komisyon haqq ödəmək lazım imiş

Azərbaycanda elektron və məişət cihazların satışı ilə məşğul şirkətlər saxta reklam kampaniyalarından istifadə edirlər. Söhbət faizsiz kreditlə telefon və digər elektron cihazların satışından gedir.

Bəzi hallarda bu tipli satışlarla məşğul olan şirkətlər müştərilərə faizsiz kredit təklif etsələr də, amma reklam kampaniyalarında digər şərtləri açıqlamır, nəticədə müştərilərin düzgün seçiminə mane olurlar.

«İrşad Telecom»un reklamı məni aldatdı»

Bakı sakini Tural İsmayılov «İrşad Telecom»un həyata keçirdiyi reklam kampaniyası ilə bağlı qarşılaşdığı belə saxtakarlıq halı ilə bağlı fins.az-a müraciət ünvanlayıb. Onun sözlərinə görə, iyunun 3-də saytlarda elektronika mallarının satışı ilə məşğul olan «İrşad Telecom» və «Nar Mobile» şirkətinin birgə kampaniyasına rast gəlib. Kampaniyada bildirilirib ki, «İrşad Telecom»un yeni açılmış Nərimanov filialından alınan bütün növ smartfonlar 12 aylıq faizsiz və ilkin ödənişsiz şərtlərlə verilir. O, kampaniya barədə ətraflı məlumat əldə etmək üçün «İrşad Telekom»a zəng edib. Şirkətin nümayəndəsi müştərinin israrla soruşmağına baxmayaraq əlavə məlumat verməyib. Növbəti gün müştəri telefon almaq üçün İrşad Telekomun Nərimanov filialına gedib.

Əlavə 10-20 % komisyon haqq ödəmək lazım imiş

Satış nümayəndəliyindən bildiriblər ki, internetdə qeyd olunan şərtlər doğrudur, amma bundan əlavə müştəri kreditin rəsmiləşdirilməsi üçün əlavə olaraq telefonun qiymətinin 10%-20% arası komissiya ödəməlidir. Bunu reklamda qeyd etmədiklərini onlara irad kimi bildirəndə qeyd ediblər ki, hər bir müştəri kredit götürən zaman komissiya ödəməli olduğunu bilməlidir. Tural İsmayılovun sözlərinə görə, şirkətdən bildiriliblər ki, şikayəti ilə bağlı istənilən quruma müraciət edə bilər. Müştəri bildirir ki, bu təkcə onun yox bütün istehlakçıların hüquqlarının pozulması deməkdir.

«İrşad Telecom»: «İstehlakçı hüquqlarını pozmuruq»

«İrşad Telecom» faizsiz kreditlə verilən telefonlara görə əlavə komisyon haqqın tutulmasını inkar etməyib. Şirkətin marketinq meneceri Şəhriyar İsmayılov fins.az-a bildirib ki, telefonlar kreditlə satılanda iş yerindən rəsmi arayış verənlərdən əlavə olaraq 10 %, rəsmi iş yeri olmayanlardan isə 15 % komisyon haqq tutulur. Yalnız «İrşad Telecom»un VİP müştəriləri komisyon ödəmələrdən azaddır.

Bununla yanaşı, marketinq menecer reklam kampaniyasında komisyon haqqının qeyd edilməməsinə haqq qazandırmağa çalışıb. Onun sözlərinə görə, bu qeyd müşəriləri çaşdıra bilərdi. Ş.İsmayılov iddia edir ki, ”İstehlakçı hüquqlarının qorunması” təlimatına uyğun olaraq reklam kampaniyasının bu şəkildə aparılması ilə istehlakçı hüquqları pozulmur. Bundan əlavə, onun sözlərin görə, reklam kampaniyası haqqında şirkətin mobil operatorundan və "facebook” səhifəsindən ətraflı məlumat əldə etmək olar. Hərçənd, fins.az əməkdaşlarının da cəhdlərindən sonra məlum oldu ki, şirkətin qaynar xəttinə düşmək asan deyil.

AİB: «Belə saxtakarlıqlar çoxdur»

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov fins.az-a bildirib ki, elektron və məişət avadanlıqlarının satışı ilə məşğul olan «İrşad Telecom», «Kontakt Home» şirkətlərindən istehlakçı hüquqlarının pozulması ilə əlaqədar olaraq bu tipli 20-yə yaxın daxil olub.

«Belələrini cərimə və həbs gözləyir»

Onun sözlərinə görə, yeni qəbul edilə "Reklam haqqında” qanuna görə reklam kampaniyalarında saxta məlumatlara görə, cərimələr, hətta cinayət məsuliyyəti nəzərdə tutulur. 40 manat kimi məhsullara görə, şirkətləri 200-400 manat arasında cərimə gözləyir. Saxtakarlıq edilən reklam kampaniyası bu məbləğdən yuxarı olan məhsulla bağlı olduqda 7 ilə qədər həbs cəzası nəzərdə tutulub.

«Şirkətlər dövlətin qayğısından sui-istifadə edirlər»

Amma AİB rəhbərinin sözlərinə görə, son vaxtlar hökumət tərəfindən sahibkarlığa, biznesə yaradılan şəraitdən bəzi şirkətlər sui-istifadə edirlər və istehlakçı hüquqları pozulur. E.Hüseynov bildirib ki, İqtisadiyyat Nazirliyinin adiyyatı qurumları və digər dövlət təşkilatları istehlakçıların hüquqlarının pozulması ilə bağlı şikayətlərə baxmırlar. Bütün şikayətlərə görə, yalnız məhkəməyə müraciət edilməsi məsləhət görülür.(Fins.az)