BolgeXeber.Com » Ölkə » Kürdəmir Mərkəzi Xəstəxanasının baş həkimi hələdə vəzifə başındadır

Kürdəmir Mərkəzi Xəstəxanasının baş həkimi hələdə vəzifə başındadır

17-09-2016, 15:47
Oxunub: 3 532 Kürdəmir Mərkəzi Xəstəxanasının baş həkimi hələdə vəzifə başındadırAzərbaycanın dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlərin pulsuz olmasını nəzərdə tutan qanunların varlığına baxmayaraq, bu gün rayon ərazisindəki hər bir poliklinika və ya xəstəxana yazılmamış qanunlarla idarə olunmaqdadır

Əldə etdiyimiz məlumatlara görə Məhəmməd Musayev, hər bir həkimə nəzarətini həyata keçirmək üçün, özünün etibar etdiyi şəxslərin imkanlarından istifadə edir və həmin şəxslər də gündəlik ona hesabatlarını çatdırırlar Hal-hazırda Azərbaycan səhiyyəsinin yenidən qurulması və bu sahədə əmələ gələn hər cür neqativ amillərin aradan qaldırılması istiqamətində əməli addımlar atılırsa, nədənsə səhiyyəmizin bir çox sahələrində əmələ gələn problemlərin varlığına rəvac verən şəxslər hələ də vəzifə başındadırlar. Bu sırada adı daha çox hallanan vəzifə sahiblərindən biri də, Kürdəmir rayon Mərkəzi Xəstəxanasının baş həkimi cənab Məhəmməd Musayevdir.
Onun iş fəaliyyəti haqda məlumatları “Gündəm Xəbər”ə çatdıran mənbə bildirir ki, MRX-sı bir neçə il bundan əvvəl təmir olunub qaydaya salınsa da, qaydaya salınmayan yalnız baş həkimin diktəsi ilə həyata keçirilən idarəçilikdə yaşanan problemlərin varlığıdır. Çünki, Azərbaycanın dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlərin pulsuz olmasını nəzərdə tutan qanunların varlığına baxmayaraq, bu gün rayon ərazisindəki hər bir poliklinika və ya xəstəxana yazılmamış qanunlarla idarə olunmaqdadır. Məlumatlı mənbə bildirir ki, bu gün rayon sakinlərinə təqribən 157 çarpayılıq Mərkəzi rayon Xəstəxanası, 25 çarpayılıq Uşaq Xəstəxanası, 75 çarpayılıq Kürdəmir Rayonlararası Psixiatriya Xəstəxanası, 40 çarpayılıq 2 kənd xəstəxanası, 13 həkim tibb məntəqəsi, 33 tibb məntəqəsi və Gigiyena və Epidemiologiya Mərkəzi xidmət göstərir ki, bu da rayonun ümumi səhiyyə sistemində 112 həkimin, 416 tibb bacısının və 415 kiçik tibb işçisinin zəhməti müqabilində əmələ gəlir. Əldə etdiyimiz başqa bir məlumatlara görə, təqribən bir il müddətinə yaxın vaxt ərzində rayonun mərkəzi xəstəxanasına rəhbərlik edən Məhəmməd Musayev, hal-hazırda həyata keçirdiyi idarəçiliklə nəinki kollektiv üzvlərindən bəzilərini, hətta səhiyyə ocaqlarına üz tutan xəstələrin də tam əksəriyyətini narazı salmaqdadır. Baş qaldıran narazılığın kökündə isə, yuxarıda qeyd etdiyimiz kimi baş həkimin həyata keçirdiyi idarəçilik durur. Məsələn, rayonun səhiyyə ocaqlarına üz tutan xəstələr müayinə, müalicə olmaq istəyərlərsə, mütləq həkimlərini “görməli” və tibb bacılarının da hüzurunda “sərasər dayanmalıdırlar”. Vay o xəstənin halına ki, onun səhhətindəki problemlə bağlı onu Bakıya çatdırmaq lazım gəlsin. O zaman xəstənin yaxınları müəyyən olunmuş “rüsum”u ünvanı üzrə çatdırmalıdır ki, niyyətlərini “çin” edə bilsinlər.
Kürdəmir səhiyyəsində yaşananlarla bağlı məlumatları “Gündəm Xəbər”ə çatdıran mənbə onu da bildirir ki, rayonun kənd xəstəxanalarında və digər tibb məntəqələrində ən adi sanitar qaydalara riayət olunmadığından, belə bir problemlərin varlığı gündəlik yeni-yeni problemlərin əmələ gəlməsinə də səbəb olur. Baş həkimin idarəçiliyində diqqəti çəkən məqam, onun həkimləri nəzarətində saxlaya bilməsidir. Məsələn, əldə etdiyimiz məlumatlara görə Məhəmməd Musayev, hər bir həkimə nəzarətini həyata keçirmək üçün, özünün etibar etdiyi şəxslərin imkanlarından istifadə edir və həmin şəxslər də gündəlik ona hesabatlarını çatdırırlar. Düzdür, belə bir addımın atılması kifayət qədər uğurlu addım olsa da, daha çox isə, neqativ amillərin əmələ gəlməsinə səbəb olur ki, bunun da zərbəsi çox zaman imkansız xəstələrə, yaxud da onların yaxınlarına dəyir. Çatdırılan məlumatlarda o da bildirilir ki, Kürdəmir MRX-sı ilə bərabər, rayonun digər tibb müəssisələrində də, nazirlik tərəfindən xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar heç də lazımınca icra olunmur. Məsələn, adicə qeydiyyatları aparılmış vərəmli və şəkərli diabet xəstələr pulsuz dərmanlarla təmin olunmalı olduqları halda, belə bir təminolunma da lazımınca həyata keçirilmir. Sakinlərə göstərilməli olan pulsuz tibbi xidmətlər, ümumi şəkildə götürdükdə yox səviyyəsindədir.
Rayon sakinlərini narazı salan məqamlardan biri də, tibb müəssisələrinə dərmanlar alınan zaman şişirdilmiş qiymətlərin göstərilməsidir. Məsələn, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman, təqribən üç-dörd dəfə artıq göstərilir. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında və onun tabeçiliyində olan müəssisələrdə hər tibbi xidmətlərə görə müəyyən məbləğdə “haqq-hesab”ın alınması, dərman preparatları ilə həyata keçirilən spekulyasiyalar, səhiyyə ocaqlarında cərrahiyə və digər tibbi əməliyyatların çox zaman antisanitariya şəraitində həyata keçirilməsi kimi faktlar, zaman-zaman təsdiqini tapmaqdadır. Bəzi şəxslərin iddialarına görə, hətta elə hallar da olur ki, infeksiya daşıyıcılarının aşkarlanma faktları xəstəxana səlahiyətliləri tərəfindən də gizlədilir. P.S. Hörmətli oxucular! Hal-hazırda səhiyyə sahəsi dövlətimiz üçün olduqca strateji əhəmiyyət kəsb edən sahələrdən biri hesab olunur. Belə bir səbəblər üzündən də, Kürdəmir səhiyyəsində yaşanan problemlər bir mətbu orqan olaraq bizim də diqqətimizi cəlb etməkdədir. Odur ki, növbəti açıqlamalarımızda bu rayonun səhiyyə müəssisələrində yaşanan digər olaylardan da bəhs etməyə çalışacağıq.
Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.