BolgeXeber.Com » Ölkə » Ermənistanın müharibə cinayətləri

Ermənistanın müharibə cinayətləri

15-10-2022, 10:30
Oxunub: 2 736 Ölkə Prezidenti cənab İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışında Ermənistanın 30 ilə yaxın davam edən işğalı zamanı şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi, məscidlərimizi məqsədli şəkildə dağıdaraq təhqir və talan etdiyini bir daha diqqətə çatdırdı.
ABŞ Dövlət Departamentinin dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatında Qarabağ və Şərqi Zəngəzurda erməni faşizminin törətdiyi vandal əməllərlə bağlı müəyyən məqamlar yer alıb. Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər, Cəbrayıl rayonlarında işğalçı ölkənin separatçıları tərəfindən onlarca azərbaycanlı qəbiristanlığının dağıdılması, təhqirə məruz qalması, erməni məzarlıqlarının isə toxunulmaz saxlanıldığı diqqətə çatdırılıb. Eyni zamanda, hesabatda bu faktların xarici jurnalistlər tərəfindən çəkilən minlərlə foto ilə təsdiq olunduğu vurğulanıb.
Bütün bunlarla bərabər, sənəddə 2020-ci ildə etnik erməni qüvvələrinin bəzi azərbaycanlı əsirləri qanunsuz şəkildə qətlə yetirdiklərinə və işgəncəyə, ləyaqəti alçaldan rəftara məruz qoyduqları­na dair məlumatlar da əksini tapıb. Həmçinin Azərbaycan Baş Prokuror­luğu tərəfindən Kəlbəcər rayonunun Başlıbel kəndində 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən öldürülən azərbaycanlılara aid məzarların axtarışına başlanıldığı, 2020-ci ildə atəşkəsin əldə olunma­sından sonra Ermənistanın daha əvvəl nəzarət etdiyi Azərbaycan ərazilərində azərbaycanlı hərbçilərin və mülki şəxslərin minaya düşərək həlak olmaları, yaralanmaları da bildirilib.
Ermənistanın müharibə cinayətlərinin əhatə dairəsi heç də hesabatda göstərilənlərlə məhdudlaşmır. Bu gün ermənilərin terror, vandalizm əməlləri işğaldan azad edilən ərazilərimizdə açıq-ay­dın görünür. Başdan-başa xaraba­lığa çevrilən şəhər və kəndlərimizin acı mənzərəsi ürək ağrıdır. Maddi-mədəniyyət abidələrimizin mənimsənilməsi, tarixi-mədəni təyinatına uyğun gəlməyən şəkildə istifadə olunması, məscidlərdə ev heyvanlarının saxlanılması, inanc yerlərinin əksər hallarda yerlə-yeksan edilməsi, yaşıllıqların məhv olunması işğalçının qəddarlığının miqyasından xəbər verir.
Düşməndən təmizlənən ərazilərdəki dağıntılar Birinci Qarabağ müharibəsindən sonrakı dönəmdə törədilib. Əvvəlcə evlərin və sosial obyektlərin tikinti materi­alları, dam örtükləri və pəncərələri oğurlanıb, daha sonra isə Azərbaycanın mədəni irsi dağıdılıb, təbii sərvətləri talan olunub. Bütün bunları nəzərdə tutan dövlətimizin başçısı çıxışlarının birində deyib: “Bunu hansısa başqa planetdən gələn yadplanetli yox, erməni edib. Özü də Birinci Qarabağ müharibəsi dövründə yox, müharibədən sonra, məqsədyönlü şəkildə, barbar kimi, vəhşi kimi, vandal kimi, bir-bir evlərin kərpiclərini, daşlarını söküb aparıb özləri üçün daxmalar tikiblər”.
Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi dövründə törədilən vəhşiliyin – çox sayda soy­daşımızın işgəncələrlə öldürülərək kütləvi məzarlıqlarda basdırıldığı 30 ilə yaxın müddətdə işğal altındakı tarixi torpaqlarımız azad olunduqdan sonra üzə çıxıb. Şuşa rayonunun Daşaltı, Xocavəndin Edilli, Ağda­mın Sırxavənd, eləcə də Xocalı rayonunun Fərrux kəndləri və digər ərazilərdə aparılan müvafiq axtarış tədbirləri ilə bu vəhşilik artıq sübuta yetirilib. Bütün bu vəhşiliklər beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, haqlı şəkildə ermənilərin müharibə cinayəti hesab edilir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 2022-ci il yanvarın 1-nə olan məlumata əsasən, Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınan 3890 nəfərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək, onların sonrakı taleyi barədə indiyə kimi məlumat verməyib.
Özlərini “sivil, mədəni xalq” adlandıran erməni vandalla­rı Qarabağda bütün dağıntıları məqsədli şəkildə həyata keçiriblər. Onlar Ermənistan ərazisindəki tarixi torpaqlarımızda, Qarabağda və ətraf rayonlarda azərbaycanlılara aid tarixi mirasları viran qoymaqla azərbaycanlıların bu ərazilərdəki mədəni kimliyini itirmək məqsədi güdüblər.
Ermənistan silahlı qüvvələri tərəfindən istər işğal dövründə, istərsə də İkinci Qarabağ müharibəsində Azərbaycanın mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri, təhsil, sosial, mədəni və strateji əhəmiyyətli obyektlər ağır artilleriya qurğularından, xüsusi raket sistemlərindən və qadağan olunan silahlardan istifadə edilməklə intensiv şəkildə atəşə tutulub. Nəticədə dinc əhali arasında çox­saylı ölüm və yaralanma halları baş verib, yaşayış məntəqələrinə, tarixi və mədəni abidələrə, inzibati binala­ra, ictimai və digər sosial obyektlərə ciddi ziyan dəyib. Ermənistanın hərbi təcavüzü nəticəsində ölən və yaralananlar arasında çox sayda uşaq və qadınlar da olub.
Gəncə, Bərdə və digər şəhərlərdə törətdiyi terror aktları isə Ermənistanın faşist mahiyyətini bir daha nümayiş etdirib. Bu van­dalizm, barbarlıq aciz vəziyyətə düşən Ermənistanın cəbhədəki məğlubiyyətinin heyfini dinc insan­lardan alması məqsədi daşıyıb. Ölənlər və yaralananlar arasın­da körpələrin olması isə onun qəddarlığının, insanlığa sığmayan əməllərinin göstəricisi kimi diqqət çəkib. Bütün bu cinayətlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi, habelə separatçı rejim məsuliyyət daşıyır. Təbii ki, bütün bunlar hərbi cinayətlərdir və Ermənistan bütün bunlara görə cavab verəcək.
 
 Mərdan Cəlilov,
“P-Aqro” MMC-nin Salyan filialının direktoru, sahibkar